Komiə sədri Dmanisidə azərbaycanlılarla görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dmanisidə olub.
4 Aprel 2019 13:05 SosialDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dmanisidə olub. Komitədən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyilə inşa olunmuş "Dmanisi təhsil mərkəzi"nin fəaliyyəti ilə tanış olan Dövlət Komitəsinin sədri burada yerli icma nümayəndələri ilə görüşüb. Tədbirdə Dmanisi rayonunun meri Giorgi Tatuaşvili, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Dmanisi bələdiyyəsindən Gürcüstan Parlamentinin deputatı Kaxaber Okriaşvili, Dmanisi rayon merinin müavini Arif Suleymanov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin şöbə müdiri Zviad Zviadadze və s. iştirak ediblər.
Fuad Muradov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq bildirib ki, dövlətimiz və onun başçısı Gürcüstandakı həmvətənlərimizə hər zaman dəstək göstərib və bundan sonra da dəstəyini davam etdirəcək. O, bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verib.
Dmanisi Təhsil Mərkəzinin rəhbəri Diana Qaralova bildirib ki, hazırda orada 173 şagird təhsil alır. O, mərkəzin fəaliyyətinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Dmanisi rayon rəhbərliyinə və SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təşəkkürünü bildirib.
Gürcüstan parlamentinin deputatı Kaxa Okriasvili bu ölkədə yaşayan insanların bərabərhüquqlu olduqlarını, azərbaycanlıların dostluq və qardaşlıq mühitində, dini və milli ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını qeyd edib. Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Tamar Tevdoradze ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini, bu cür görüşlərin əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışlarda o da vurğulanıb ki, azərbaycanlıların Gürcüstan cəmiyyətinə hərtərəfli inteqrasiya olunmalarının mühüm tərəflərindən biri onların gürcü dilini yaxşı bilməsidir.
Görüşdə icma nümayəndələri ilə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin adından Dmanisinin 1 saylı məktəbinə və Pantiani (Armudlu) kənd məktəbinə 2 noutbuk hədiyyə edilib. Komitə sədri Fuad Muradov noutbukları direktorlar İnqa Abuladzeyə və Mövlud Məmmədova təqdim edib.