Nəsimi rayonunda “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib
3 Aprel 2019 15:59 SosialNəsimi rayon İcra Hakimiyyətində 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə "Qələbəyə gedən yol" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olundu ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Qazanılmış bu qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Erməni Qüvvələrindən tam azad etdi.
Bildirdi ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi-tibb polkovniki, "Əməkdar həkim" Çingiz Əlləzov Azərbaycan Silahlı Qüvvələrinin Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışdı. Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış "Azərbaycan əsgəri" mahnısı və klipi tamaşaçılara təqdim olundu.