Azərbaycan ordusunun əhval-ruhiyəsi yüksək səviyyədədir- Təhlil
3 Aprel 2019 14:23 SosialSilahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən prezident İlham Əliyev ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Dövlət başçısının ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib ki, son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı: "Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır".
Qeyd edək ki, müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır. Artıq qətiyyətlə demək olar ki, qüdrətli Azərbaycan odusu ərazi bütövlüyünü təmin edən bir orduya çevrilib. Silahlı qüvvələrimiz dördgünlük Aprel döyüşlərində bu faktı bir daha təsdiq etmiş oldu. Dövlət başçısı hərbi qulluqçularla görüşündə həmçinin qeyd edib ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir: "Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi".
Bəli, artıq Azərbaycan Silahlı Qüvvələrinin necə böyük qüdrətə malik olduğunun günbəgün, anbaan şahidi olmaqdayıq. Ordunun maddi-texniki bazasının möhkəmlənməsi, döyüş sursatları və digər müasir texnika ilə təmin olunması, o cümlədən əsgərlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsini görməkdəyik. Məhz bu amillər stimul verir deyək ki, Azərbaycan dövlət, Azərbaycan xalqı istənilən halda öz ordusuna güvənə bilər və güvənməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsi ümummilli problemimizdir və onun məsuliyyəti ordu ilə yanaşı, hər birimizin üzərindədir. Silahlı qüvvələrimizin hazırki durumu deməyə əsas verir ki, Azərbaycan ordusu bütün həlli çətin, amma bizim üçün vacib olan məsələlərin yoluna qoyulmasına, döyüş tapşırığını yerinə yetirməyə qadir bir ordudur. Bu Silahlı Qüvvələr iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətin yurdunu sevən, vətənpərvər əsgərlərinin cəmləşdiyi bir ordudur. Əminliklə qeyd etmək olar ki, Ali Baş Komandan İlham Əliyevin göstərişi olduğu təqdirdə bu ordu ildırım sürəti ilə qarşısında duran şərəfli vəzifəni yerinə yetirəcək. Çünki Azərbaycanın qüdrətli ordusu yaranıb. Ən müasir hərbi texnikalar, silahlar, NATO standartlarına uyğun hərbi hissələr və yüksək səviyyəli, peşəkar hərbçilərin olması insanı qürurlandırır. Ən başlıcası odur ki, ordunun şəxsi heyətində yüksək əhval-ruhiyyə var. Belə bir ordu isə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Zəka