SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələrinin tikintisi üçün tenderin qalibi olub
14 Mart 2019 12:29 Sosial"SOCAR Energy Switzerland" İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb. "OLAYLAR" şirkətə istinadən xəbər verir ki, SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsvecrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.
Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektirk enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul etmişdi. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət etmişdir. Bu sahədə uzunmüddətli təcrübəyə malik "SOCAR Energy Switzerland" əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirmişdi.
"SOCAR Energy Switzerland" şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanıb, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanıb.