Azərbaycanda vətəndaşlara qayğı prioritet təşkil edir- Təhlil
13 Mart 2019 12:59 SosialÖlkədə insanlarda yüksək vətəndaş məmnunluğu yaradan ənənə formalaşıb
Hazırda dünyanın iqtisadiyyatı oturuşmuş ölkələrində belə, iqtidarlar sosial problemlərin məngənəsində sıxılan vətəndaşlarına kömək göstərməkdə acizdirlər. Azərbaycanda isə sözün həqiqi mənasında, ölkəmizin sosial sferasında inqilabi dəyişikliklər edilməkdədir.Təbii ki, bunun kökündə president İlham Əliyevin fenomen rəhbərlik, kompleks yanaşma, ən mühüm hədəfləri müəyyənləşdirə bilmək bacarığı, dünyada mövcud olan təcrübələrə bələd olmağı, onları təhlil edib yerli şəraitə uyğun daha mükəmməl layihələr təklif etmək istedadı durur. Həyata keçirilən çoxşaxəli islahatlar, əsaslı və gələcəyə hesablanmış proqramlar və tədbirlər nəticəsində ölkəmiz qibtə ediləcək uğurlar qazanmaqda davam edir. Təsadüfi deyil ki, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan edilib. 2 il ərzində 190 ölkə arasında irəliləyərək 25-ci yerdə qərarlaşmağımız isə bu islahatların sistemli və dayanıqlı olmasına dəlalət edir. Təkcə problemli kreditlərin həlli ilə bağlı imzalanan fərmanı ilin əvvəlindən başlanılan yeni sosial siyasətin uğurlu davamı kimi qəbul etmək olar. Bu fərmanın mahiyyətində əhalinin maliyyə cəhətdən nisbətən zəif təbəqəsi nəzərə alınmışdır. Banklara olan borcların müəyyən qisminin ödənilməsini dövlət öz üzərinə götürməklə onların həyat şəraitinin yaxşılaşmasına, dolayısı yolla, ailə büdcəsinin artmasına kömək etmiş oldu. Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov deyib ki, ölkəmizdə aparılan uğurlu siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Son 15 ilin təcrübəsi Prezident İlham Əliyevin öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir. H.Mirələmov bildirib ki, dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır: "Azərbaycanda insanlarda yüksək vətəndaş məmnunluğu yaradan gözəl ənənə formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda dövlət həmişə öz vətəndaşının yanında olur, onun üzləşdiyi problemlərin aradan qaldırılmasına lazımi dəstək göstərir. Bu da, təbii ki, vətəndaşlarda güclü Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə böyük inam yaradır. Bu il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən zəlzələlər nəticəsində çox sayda fərdi ev qəzalı vəziyyətə düşüb, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilir. Azərbaycanın dövlət başçısı təbii fəlakət zonasında görülən işləri ciddi nəzarətdə saxlayır. Elə bu günlərdə Prezident İlham Əliyev həmin Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Ağsu və Şamaxı rayonlarına səfəri zamanı ayrı-ayrı ünvanlarda görülən işlərlə tanış olub, sakinlərlə görüşlər keçirib və Özünün dəyərli tövsiyələrini verib. Bu səfərlər insanların dövlətimizin başçısına sonsuz inam və etimadını bir daha təsdiqlədi". Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, son 16 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasət, atılan hər bir addım xalqımızın maddi rifah halının güclənədirilməsinə, müstəqilliyimizin daha da möhkəmlənməsinə hesablanıb. Deputat bildirib ki, ölkə başçısı hər zaman xalqa xidmətin parlaq nümunəsini nümayiş etdirib, vətəndaşlarla görüşüb, onların dərd-sərinə şərik olub: "Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağsu və Şamaxı rayonlarına səfərləri, zəlzələdən ziyan görmüş sakinlərlə görüşü ölkə ictimaiyyətinin böyük rəğbətinə səbəb olub. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün Prezidentin zəlzələ bölgəsinə təkrar səfəri isə bir daha təsdiq etdi ki, ölkə başçısı xoş gündə də, dar gündə də xalqın yanındadır. Bu da xalq-iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olduğunun daha bir təzahürüdür". N.Həmzəyev söyləyib ki, Ağsu, Şamaxı rayonlarının sakinlərinin böyük coşqu ilə ölkə başçısını qarşılamaları, görüşlərdə insanların sevinci Prezident İlham Əliyevə olan sonsuz rəğbətdən xəbər verib: "Dövlət başçısının diqqət və qayğısı sayəsində çox qısa zaman ərzində təbii fəlakətin nəticələrinin aradan qaldırılması, dağılmış evlərin yerində müasir standartlara cavab verən evlərin ucaldılması insanlarda ruh yüksəkliyi yaradıb. Ölkə ictimaiyyəti bir daha əmin olub ki, Prezident İlham Əliyev vətəndaşların problemlərinə biganə deyil və bu reallığı inkar etmək qeyri-mümkündür". Onu da qeyd edək ki, xalq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların gedişinin canlı şahidi, həm də iştirakçısıdır. Son illərdə kənd təsərrüfatına dövlət qayğısı geniş coğrafiyanı əhatə edib. Xüsusilə strateji əhəmiyyət daşıyan sahələrə böyük investisiyalar qoyulur. Daxili bazarı daha çox yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək xətti götürülüb. Paytaxtda, eləcə də bölgələrdə sənaye parkları, məhəllələri salınıb. Azərbaycan brendləri dünya bazarına çıxarılır. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini artırıb, nəticədə əhalinin gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərib, büdcədə nəzərdə tutulduğundan əlavə gəlirlər əldə edilib. Sevindirici haldır ki, əldə edilən əlavə gəlirlər xalqın rifah halının yüksəldilməsinə yönəldilir.
Zəka