Şəmkirdə heyvanlar kütləvi peyvəndləndirilməsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Şəmkir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır. Nazirlikdən "Olaylar"a bildirilib ki, Şəmkir rayonu ərazisində 58015 baş iribuynuzlu, 270260 baş xırdabuynuzlu, 2718 baş təkdırnaqlı, 421900 baş quş və 12678 arı ailəsi mövcuddur. Şəmkir Rayon Baytarlıq İdarəsinin 16 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində saxlanılan heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər aparılır.

Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən Qılıncbəyli kəndində fermer Yeganə Səfərovaya məxsus təsərrüfatda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 56535 baş iribuynuzlu, 2353 baş təkdırnaqlı heyvanda qarayara, 15365 baş sahibli itdə quduzluq, 709757 baş körpə cücələrdə ("Las-sota" ştammı ilə) nyukasl, 5880 baş iribuynuzlu (A,O,"Asiya-1",Tur-15 tiplərinə) və 6360 baş xırdabuynuzlu (A,O tiplərinə qarşı) heyvanlar arasında dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1681 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 8011 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31