“Məhkəmə ekspertizasi” adlı ilk dərslik nəşr olunub
12 Mart 2019 13:51 SosialMəhkəmə ekspertizası sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yazılmış "Məhkəmə ekspertizası" dərsliyi dövlət təhsil standartlarına uyğun olaraq Azərbaycan dilində hazırlanmış ilk dərslikdir. Ədliyyə Nazirliyindən "Olaylar2a bildirilib ki, cinayət, mülki və inzibati mühakimə icraatında məhkəmə ekspertizası formasında xüsusi biliklərin tətbiqinin müasir imkanlarını əks etdirən dərslikdə məhkəmə ekspertizasının ümumi (prosessual, təşkilati, metodiki) və xüsusi (sinif, növ, cins) məsələləri nəzərdən keçirilib. Burada xüsusi biliklərin anlayışı və tətbiqi formaları, məhkəmə ekspertizasının anlayışı, predmeti, obyektləri, ekspert məsələləri və onların növləri, məhkəmə ekspertizası elmi və onun inkişaf qanunauyğunluqları şərh olunub, konkret ekspertiza növləri təhlil edilib və həmin ekspertizalar üzrə ekspertlər tərəfindən həll edilməli olan sualların siyahısı və təcrübi tövsiyələr verilib. Bu fənn tələbələrdə məhkəmə ekspertizasının anlayışı, əhəmiyyəti, obyekti və predmeti, növləri və onların mülki, cinayət və inzibati işlər ilə bağlı icraat üzrə keçirilməsinin səciyyəvi xüsusiyyətləri, ekspertin həll etdiyi məsələlər və onların təsnifatı, bu sahədə fəaliyyətin təşkili, ekspertizaların aparılmasında müasir texnologiyaların tətbiqi və digər məsələlər haqqında təsəvvür yaratmış olur. Bu fənnin tədrisində əsas məqsəd cinayətlərin açılmasında, istintaqında və qarşısının alınmasında, habelə mülki, inzibati və cinayət işləri üzrə icraatın aparılmasında xüsusi biliklərin tətbiqi şərtlərinin, ayrı-ayrı ekspertiza növlərinin xüsusiyyətlərinin, məhkəmə ekspertizasının hüququn sahələri ilə qarşılıqlı əlaqəsinin tələbələr tərəfindən dərk edilməsidir.
Müəlliflər kollektivi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi h.ü.e.d., prof. F.M.Cavadov və rəis müavini h.ü.f.d. H.Ə.Musayev, "Kriminalistika və məhkəmə ekspertizası" kafedrasının müdiri, h.ü.e.d., prof. K.N.Səlimov və h.ü.f.d., dosent İ.S.Abbasova, h.ü.e.d. M.H.Mustafayev, h.ü.f.d., dosent B.M.Əsgərov və h.ü.f.d. G.A.Rzayeva tərəfindən yazılmış "Məhkəmə ekspertizası" dərsliyi bakalavriat və magistratura proqramı üzrə materialların şərh olunmasının əsas metodiki prinsiplərindən istifadə olunmaqla hazırlanıb.