“Mənim işim sizə xidmət etməkdir”- Təhlil
11 Mart 2019 13:32 Sosialİlham Əliyev: "Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim"
Düz bir ayın tamamında prezident İlham Əliyev ölkədə baş vermiş zəlzələ zonasına təkrar səfər etdi. Məqsəd zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə verilən tapşırıq və tövsiyyələrin icra vəziyyətilə yerində tanış olmaq idi. Məlum olduğu kimi cari il fevralın 5- 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Belə ki, zəlzələ nəticəsində həmin rayonlarda fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında səfərdə olub. Onu da qeyd edək ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib. Görülən işlərlə yerində tanış olan dövlət başçısı təbii fəlakətdən zərər çəkmiş sakinlərlə görüşü zamanı qeyd edib ki, baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib: "Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq".
Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi rayonlara ikinci dəfə səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir. Onu da qeyd edək ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir. Çünki İlham Əliyev prezident seşildiyi andan öz fəaliyyəti ilə daim xalqın yanında olduğunu sübut edib. Xalq da həmişə dövlət başçısının çətin məqamda onun yanında olduğunun şahidi olub. Dövlət başçısı bu dəfə də problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü zəlzələ bölgəsinə baş çəkdi. Bu, özü bir nümunədir ki, prezident xalqın istənilən problemini həll etməkdə maraqlıdır. Təsadüfi deyil ki, səfər zamanı ölkə başçısı sakinlərdən ərizə və məktubları şəxsən özü qəbul edib, problemlərini dinləyib. Dövlətin və ölkə rəhbərliyinin hər bir azərbaycanlının yanında olduğunu bildirib. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 6 fevral zəlzələsi zamanı dağıntılardan sonra aparılan yenidənqurma işləri ilə tanışlıq, yerli sakinlərlə görüşməsi, söhbətləşməsi sadə insanlar tərəfindən xoş qarşılanıb. Sadə vətəndaşlardan tutmuş siyasi ekspertlərə qədər bir çoxları bunu ölkə başçısının 2003-cü ildə president seçkiləri zamanı səsləndirdiyi "Mən hər bir azərbaycanlının prezidenti olacağam" - fikrinin əyani təsdiqi kimi qiymətləndirir. Onu da xatırladaq ki, Ağsuda və Şamaxıda zəlzələdən ziyan görmüş xanım sakinlər isə ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən rayonlara səfərini, sakinlərlə, sıravi vətəndaşlarla görüşünü onlara 8 Mart Beynəxlaq Qadınlar Günü hədiyyəsi kimi qiymətləndiriblər. Millət vəkili Aydın Mirzəzadə bildirib ki, ölkə başçısının Ağsu və Şamaxı rayonlarına səfəri, sakinlərlə görüşü onun prezident kimi fəaliyyətə başladığı dövrdə səsləndirdiyi "mən hər bir azərbaycanlının prezidentiyəm" - şüarının təsdiqidir. Eyni zamanda, bunu ölkə rəhbərinin cəmiyyətdəki yüksək nüfuzu kimi qəbul etmək olar: "Hər dövlət başçısına seçicilər belə fikir bildirmirlər. Cənab prezident doğrudan da bu 16 il ərzində hər bir Azərbaycan vətəndaşının, çətinlikdə olan insanlarımızın, hər kəsin yanında olub. Onun apardığı siyasət müstəqilliyimizi möhkəmləndirib. Şəxsi təhlükəsizliyimizi təmin edib. Sabaha olan inamımızı daha da artırıb. İş yerlərinin sayında artımlar dediklərimizin əyani sübutudur. Əmək haqlarının, pensiyaların artmasına səbəb olub. Azərbaycanlıların Dağlıq Qarabağ problemini həll edəcəyi inamını möhkəmləndirib. Cənab prezident Azərbaycanın yenidən qurmasında ulu öndərin siyasətini uğurla davam etdirib". Millət vəkili bildirib ki, dünyanın heç bir ölkəsində təbi fəlakətdən zərər çəkən bölgənin, eləcə də oradakı evlərin bərpası, insanların sosial problemlərinin həlli dövlət tərəfindən qarşılanmır: "Bu cənab prezidentin apardığı siyasətin məğzidir. Bu həm də Azərbaycanın sosial dövlət olduğunun bir daha təsdiqidir. Ölkəmizin təbii sərvətləri, büdcəmizdəki daxilolmalar Azərbaycan vətəndaşının problemlərinin həlli üçün yönəldilir. Hadisənin, təbii fəlakətin hansı bölgədə olmasının fərqi yoxdur. Hansı hadisənin baş verməsi də önəm daşımır. Hətta cənab prezident ərizələri də şəxsən qəbul edib. Ümumən götürdükdə deyə bilərik ki, Azərbaycanın müstəqilliyi hər gün öz təsdiqini tapır. Bu ilk növbədə cənab prezidentin fəaliyyəti ilə öz təsdiqini tapmaqdadır".
Nurlan