Özündən qabaq səsi gələn məşhur yazıçımız...
11 Mart 2019 13:01 SosialElçin Hüseynbəyli
(Çingiz Abdullayevin 60 yaşına)
Məqalənin başlığına çıxardığım "səs" məsələsinin bir neçə açması var. Mən onun ikisini sadalayacam. Birincisi, Çingiz Abdullayev harda olur olsun, vətənə səsi özündən qabaq çatır. Çünki vətənimizi təmsil edir. İkincisi, o, Yazıçılar Birliyinə gələndə səsi özündən qabaq içəri girir. Çünki qapıçıdan tutmuş sədrimizə qədər hamısı ilə gördüklərindən, eşitdiklərindən danışır, fikirlərini bölüşür...
Çingiz Abdullayevlə - məşhur və məlum yazıçımızla aramızda cəmi-cümlətanı 3 yaş fərq var, amma populyarlıq baxımından məni (elə çoxumuzu) geridə qoyur. Bunu danmaq qəbahətdir...
Çingiz Abdullayev məşhur yazıçı olmaqla bərabər, həm də ləyaqətli vətəndaşdır. Ölkəmizin ən ağrılı məsələlərinə obyektiv qiymət və vaxtında reaksiya verənlərdən biri də odur. Xaricdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarını müdafiə edir və inanıram ki, bəzi diplomatlarımızdan da çox iş görür. Çünki həm çoxsaylı beynəlxalq qurumların rəhbəridir, həm də intellektual və hazırcavabdır. O, adamlarla ünsiyyətə tez girə bilir. Çünki xarizmatikdir. Auditoriyanı öz səmimiyyəti və danışığı ilə ələ almağı bacarır. Mən bunun həm ölkə içində, həm də dışında çox şahidi olmuşam və fəxr eləmişəm. Çünki ona göstərilən hörməti Azərbaycanımıza sayğı kimi dəyərləndirmişəm.
Mən onun kitablarının sayını və tirajını qabartmağın tərəfdarı deyiləm, amma çoxsaylı oxucularının olduğunu hamımız bilirik. Azərbaycanda (yəqin elə dünyada da, daha çox Avropada) elə adamlar var ki, onun bütün kitablarını alıb və az qala kolleksiya kimi saxlayır.
Buna inanmaq üçün Çingiz Abdullayevin imza günlərini izləmək lazımdır. Bir neçə yüz adam kitabını imzalatdırmaq üçün növbəyə dayanır. Onun fanatları da var və bunu Feysbuk səhifəsindən də görmək olar.
Çingiz Abdulayevə məhşurluq gətirən ilk romanı "Mavi mələklərdir". Səhv eləmirəmsə zamanında 400 min tirajla çap olunub. Azərbaycan üçün bu fantastik rəqəmdir.
Ötən əsrin (ötən əsrin e!) səksəninci illərinin sonunda Moskvaya gedirdim, daha doğrusu qış tətilindən qayıdırdım və Çingiz müəllimin rus dilində olan "Qolubıye angeli" əsərini də özümlə götürmüşdüm. Yanımda oturan yaraşıqlı rus xanımı kitabı görən kimi "Oy, mən də bu kitabı axtarırdım!" - dedi. Mən romanı oxumağa hələ vətəndəykən başlamışdım, ona görə də son səhifələri oxuyub qurtardım və təyyarədən düşəndə həmin kitabı o xanıma bağışladım. Bu mənada Çingiz müəllim mənə ən azı bir kitab borcludur.
Çingiz Abdullayev SSRİ məkanında siyasi detektiv yazan tək-tük qələm adamlarındandır. Özünün dediyinə görə, Moskvada bunu biləndə reaksiya təxminən belə olub: Azərbaycanlı kimdir e, siyasi detektiv yazsın, qoy gedib qoyunlarını otarsın (yaxud qoyunlardan yazsın)...Amma çox az bir zamanda o, bu janrın ustasına çevrildi...
Bəzən Çingiz müəllimi cəsarətli olmağına görə tərifləyirlər. Amma həmin adamlar bilmirlər ki, Çingiz Abdullayevin düşüncəsi belədir. O öz düşündüyünü yazır, nə saxta vətənpərvərlik edir, nə də siyasətbazlıq. Məncə, əsl vətəndaş belə olmalıdır.
Çingiz Abdullayevin səmimiliyi başına bəladır. Özü də bunu dəfələrlə etiraf edib.
Mən onunla 15 ildir ki, bir idarədə - Azərbaycan Yazıçılar Birliyində çalışıram və bu, zövqvericidir. Çingiz müəllimin duzlu-məzəli lətifələrini də eşitmişəm, müdrik söhbətlərinə də qulaq asmışam. Onun özünəməxsus aksenti danışığına bir şirinlik qatır. O, istedadı dəyərləndirən, ona qiymət verən, lazım olan məqamda yanında olmağı bacaran yazarlarımızdandır. Bir sözlə, o, insanları tanımağı və tanıtmağı bacarır. Bu mənada mənim haqqımda yazdığı məqalə də dəyərlidir...
Çingiz Abdullayev paxıllığın və qısqanclığın nə olduğunu bilmir, bilsə də, bu hissi yaxına buraxmır. Hər halda mən bunu hiss eləməmişəm.
Rusiyanın müxtəlif şəhərlərində ezamiyyətdə olarkən onun kitablarının alındığının şahidi olmuşam.
Çingiz müəllimin əsərlərindən söz açmıram. Bircə onu demək istəyirəm ki, onun Dronqosu Konan Doylun Şerlok Holmsu, Aqata Kristinin xəfiyyə Puarosu kimi detektiv ədəbiyyatı və kinosu taxində yaşayacaq. Bu, hər bir sənətkarın əbədi arzusdur.
Çox-çox əvvəllər Çingiz Abdullayevi rusdilli yazıçı kimi qınayanda demişdim ki, onun təkcə soyadı bizə kifayətdir.
Onun söhbətlərini dinləyən, sadəliyini görən adamların çoxu bu şöhrətli yazıçımızın dünya nəhənglərilə görüşlərindən xəbərsizdirlər. Yuxarıda dediyim kimi, o, harda olur olsun azərbaycanlıdır, vətənini sevən və onu daim təbliğ edən insanlardandır. Bir müddət öncə onun haqqında yazmışdım ki, Çingiz Abdulayev ermənilərin və onları dəstəkləyənlərin acığına Parisin ortasında (həm də elə Avropanın) taksiyə minib, Azərbaycan bayrağı ilə dəfələrlə dövrə vuran vətəndaşımızdır.
Çingiz Abdullayevin titullarını sadalamaq istəmirəm, çünki uzun bir siyahı alınar. Bircə onu demək istəyirəm ki, 1989-cu ildən Yazıçılar Birliyinin katibidir və bu təşkilata sədaqətlidir. Aprel ayının əvvəli onun 60 yaşı tamam olur, amma heç kim bu saf qəlbli insana o qədər yaş verə bilməz. Çünki ən şanslı adam öz içində uşaq kimi qalmağı bacaran və bundan qürur duyandır...
Mən ustad yazarımızın ad gününü təbrik edirəm. Qoy, Tanrı ona verdiyi ömrü sağlam və xoşbəxt yaşasın!
Amin!!!
Mart, 2019
