“Bacıqızı” yox, “mem”...

Ərindən, sevgilisindən, nişanlısından, atasından-qardaşından... 8 mart hədiyyəsini alanlar, yeməyə çıxanlar, bunun fotosunu paylaşıb, sosial şəbəkədə, "vatsap story"də paylaşanlar sakitləşdisə, həyata geri qayıda bilərik. O həyata ki, ayın əvvəlidir.

Bir azdan bütün ödənişlər çökəcək üstümüzə. Bayram hazırlıqları, alış-verişlər, limiti keçən qaz üçün ikiqat ödəniş, uşağın kurs pulu, vergilər, nələr, nələr... Necə deyərlər, əsl bayram indən belə başlanacaq. Dəsmallıq bayram. Dəsmal demiş, bayram günü əri hədiyyə almadığı üçün özünü bıçaqlayan qadının xəbərini oxudum. Bilirəm, buna gülmək doğru deyil. Amma mən gülüşümü saxlaya bilmədim. Çünki bu ölkədə hələ də ərindən hədiyyə almadığı üçün işi ölümə qədər aparan, vardıran qadınların olduğunu bilmək isterik bir gülüşü haqq edir.

İkincisi, buna görə canına qıymağı etirazın bir forması hesab edən zəka sahibləri də düşündürücüdür. Halbuki bayramın mahiyyətinə baxanda və Allah qoymasa, niyə yarandığının tarixini araşdıranda məlum olur ki, bunun nə Azərbaycan müəlliməsinə, nə "adama 25 manatdan, 30 uşaqdan yığaq, atışaq" bazarına, nə də parfümeriya mağazalarına aidiyyəti var. Heç bəzi nəşriyyatların, işbazların "mənə bayramda kitab al" kimi uğursuz piarına da dəxli yoxdur. Ancaq bizim kimi ölkələrdə hər şeyi gerçək mahiyyətindən uzaqlaşdırıb, bu hala gətirtmək mümkündür. Bu, bilirsiz nəyə oxşayır? Sən bağçanda gül əkmək istəyirsən, amma ortaya gül kələmi çıxır. Umduğunla bulduğun arasında kəskin bir uçurum yaranır.

Məsələn, türkiyəli müğənni Sibel Can da bizim diyara konsert vermək ümidi ilə gəlmişdi. Onu umurdu yəni. Amma bulduğu nə oldu? Bir düjün qadın sırf instagramda şəkil paylaşmaq üçün xanım Canın ətəyindən sallandılar, abırdan saldıqca saldılar. O da dedi, bu sosial şəbəkə sizin axırınıza çıxacaq. Təbii, indi siz deyəcəksiz ki, bu mənzərə bütün ölkələrdə var, bu fanat ordusu hər yerdə özünü bu cür aparır.

Amma şəxsən şahidi olmuşam, bizim konsertlərdə hər 3 nəfərdən biri çəkiliş edir. Zala yuxarıdan aşağı baxırsan, sanki bir nəfər oxuyur, zalın 90 faizi operatorlardan ibarətdir. Yaxşı, deyək ki, biz jurnalistik, bunu çəkib, işlədiyimiz media orqanında xəbər adına yayırıq. Bəs bu qədər sıravi adamın dərdi nədir? Niyə yaşadıqları anın dadını çıxara bilmirlər? Həmin an o musiqidən zövq almaq daha önəmli deyilmi? Onsuz da müğənninin mahnılarını internetdə istənilən vaxt, daha təmiz, daha effektli dinləmək olur. O halda bunu çəkib, telefonda saxlamaq, sonra paylaşmağın adı nədir? "Telefonumda müğənni var" ədası? Ya da imic hər şeydir, susuzluq heç nə?

Bax, imic dedim, yadıma düşdü. Artıq beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri üçün yeni qaydalar qüvvəyə minib. Onlar həm vahid geyimdə olacaq, həm də ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar. Yadınıza düşdü o dayılar, əmilər, qaqaşlar? Sən aeroportdan çıxan kimi az qala çamadanını əlindən dartıb, "bacıqızı, hara gedirsən, aparım" deyənlər ordusu. Dəfələrlə mübahisə etdiyimi xatırlayıram onlarla.

Birincisi, bəzilərinə izah etmək olmur ki, sən taksiyə minməyəcəksən. Və ya məhz onların taksisinə minməyəcəksən. İkincisi, boyunlarına qoya bilmirsən ki, sən məni mənzilbaşına tək müştəri olaraq aparacağınla bağlı vəd vermisən. Taksiyə minirsən, bir də görürsən, dayı sənin gedəcəyin istiqamət üzrə başqa bir müştəri axtarışına çıxıb. Sənin yerinə qərar verir, seçim edir. Soruşan da yoxdur ki, sən başqa bir müştəri ilə, məsələn, gecənin 4-5-ində evə doğru yol almaq istəyirsən, ya yox? Ağır çamadanları, yükü də qarantiya olaraq maşının baqaj yerinə yüklədiyi üçün əmindir ki, onu təkbaşına çıxarmaq imkanın olmayacaq.

İndi də deyirlər ki, bu şəxslərə vahid geyim geyindirib, ingilis dili öyrədəcəklər. Həqiqətən? Bəlkə onun əvəzinə daha sivil qaydalar tətbiq olunsun? Məsələn, aeroportun qabağı özünü "sən o gözəl qızın canı" ritorikası ilə danışan sürücülərdən təmizlənsə, onlar müştərini quzğun kimi caynağına alıb, maşına doğru itələməsə, taksilərin dayanması üçün vahid yer müəyyənləşdirilsə...

Yoxsa ki, bu gün "bacıqızı, hansı tərəfə gedirsən" deyib soruşurdusa, indən belə, "Mem, where are you going" deyib sallanacaq çamadanınızdan. O zaman nə anladım mən bu işdən?

İmic heç nədir, qanunsuzluq hər şey... Bunu demək istədim sadəcə...

Sevinc TELMANQIZI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31