Əmrah Fərqanoğlu: – GÖRÜŞƏ GEDİRƏM…

Həyat öz axar-baxarı ilə davam edir. Əsrlər, minilliklər boyu davam etdiyi kimi. Kiminə sevinc, kiminə qəm sirdaşdı bu axşam. Mən də kədərlə, qüssəylə, qəmlə üz-üzə qalmışam.
Görüşə tələsən kim, görüşə gecikən kim. Mən də yaman tələsirəm, ürəyim, əllərim titrəyir bu axşam. Qardaş görüşünə tələsirəm. On ildən bəri üzünə həsrət qaldığım qardaşımın görüşünə... Məzarıstana çatır, ayaq saxlayıram. Burada tam sükut içərisindədir aləm. Təkcə mən- qəlbimdə ələm kövrəlib ağlayıram. Bəlkə səsimə qardaşım oyana zənn edirəm. Amma yenə də lal və həzin sükut... sanki kimsə qulağıma pıçıldayır: "Burada həyat sözünü unut !". Unutmaq ?! Yox ! Bu, ölümdən daha dəhşətli və qorxunc, amansızdır. Deyirəm: "Sus ! Nə qədər ki, yaşayır, nəfəs alıram, nə qədər ki, döyünür köksümdə ürək, yaşayacaqsan, qardaşım!"
Arzuları pöhrə-pöhrə, tumurcuq-tumurcuq solan qardaşım. Yaddaşlarda həmişə belə yeniyetmə qalan qardaşım. Əbədilik tələbə olan qardaşım!... Səni necə unudum ki, sən qəlbimin parasısan. Sağalmayan əbədi bir yarasısan. Eh!!! Həyat necə insafsız, amansız,qəddar olur bəzən?! Düşünürsən, ana adlandırdığımız bu həyat niyə belə amansızlıq edir, niyə? Və cavab tapmırsan. Tapmazsan, xeyr!
Hamı tələsir, gedir harasa bu axşam. Bu, həyatın pozulmaz qanunudur. Mən də yaman tələsirəm. Qardaşımın görüşünə...
1990

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31