Prezident və xanımı Şamaxıda səfərdə olub
7 Mart 2019 17:57 SosialDünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.
Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəliblər. Qeyd edək ki, ev zəlzələ zamanı qəzalı vəziyyəti düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım evdə yaradılan şəraitlə tanış oldular, sonra ev sakinləri ilə çay süfrəsi arxasında söhbət ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət ediblər, onları narahat edən məsələləri dinləyiblər.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində də yaradılan şəraitlə tanış olublar.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun mərkəzində Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət ediblər, önünə gül dəstəsi qoyublar.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı sakinləri ilə görüşüblər. Dövlət başçısı onların məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb. Dövlət başçısı sakinləri narahat edən məsələləri də dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı və birinci xanım sonra zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoyublar.