Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir
7 Mart 2019 16:34 SosialPrezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə yerüstü piyada keçidi, Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi, Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçididir. Bundan başqa daha 5 yerdə də yeni piyada keçidlərinin inşası nəzərdə tutulur ki, bunlar da Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Xətai rayonu, Neapol küçəsi (parkın yanı), Zığ yolu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27.7-ci km-də və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 39-cu km-də inşa olunacaq.