AMEA-nın Naxçıvan Bölməsində qadınlara həsr olunan tədbir keçirilib
7 Mart 2019 15:46 SosialAMEA Naxçıvan Bölməsində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev xalqımızın fəxr və qüruru olan qadınlarımızın cəmiyyətdəki rolundan və fəaliyyətlərindən danışıb.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm" sözlərini xatırladan İsmayıl Hacıyev dahi öndərin hər zaman qadınlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Akademik ulu öndər Heydər Əliyevin cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə Fərmanından, həmin ildən başlayaraq Azərbaycan Qadınlarının Qurultayının keçirilməsini, "Azərbaycan qadınının rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamından, 2000-ci ildə "Azərbaycan Respublikası Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" Fərmanından və digər bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən bəhs edib. Vurğulayıb ki, ölkədə Dövlət Qadın Siyasəti Prezident cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, bu gün ölkəmizdə bütün sahələrdə qadınlar cəmiyyətimizin həyatında, Vətənimizin parlaq gələcəyi uğurunda səylə fəaliyyət göstərir. Xalqımızın mənəvi sərvətini artıran alim, müəllim, həkim, yazıçı, bəstəkar, rəssam, şair, hüquqşünas, dövlət və maarif xadimləri ziyalı qadınlarımız var ki, ölkənin yeni nəsilləri də onların diqqət və qayğısı sayəsində tərbiyə olunur.
İsmayıl Hacıyev ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən bu müəssisənin qadın əməkdaşlarının fəaliyyətindən də söz açıb. Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin 6 mart 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə bölmənin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri Fizzə Məmmədova Tərəqqi medalına layiq görülüb. Müəssisə rəhbəri bu münasibətlə Fizzə Məmmədovanı təbrik edib. Onun timsalında bölmənin bütün qadın əməkdaşlarını və Azərbaycan xanımlarını Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova "Müdirikliyin simvolu-Azərbaycan qadınları" mövzusunda çıxış edib.
Tədbirdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov da çıxış edərək bölmənin bütün qadın əməkdaşlarını təbrik edib, onlara can sağlığı, firavan həyat, fəaliyyətlərində uğurlar azrulayıblar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

