“Həyat eşqi” kitabının müzakirəsi keçirilib

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə oxunması zəruri olan kitablar siyahısına daxil edilən amerikalı yazıçı Cek Londonun "Həyat eşqi" əsərinin müzakirəsi keçirilib.

Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun yaradıcılığına nəzər salıb. Bildirib ki, ağır həyat sürmüş yazıçı 50 roman və 200-dən artıq hekayənin müəllifidir. Onun əsərlərinin materialları əsasında 50-dən artıq film çəkilib.

Cek Londonun qələmə aldığı əsərlərinin qəhrəmanları insanlar olduğunu deyən Əbülfəz Quliyev müəllifin "Həyat eşqi" hekayəsində insan ilə təbiətin qarşıdurmasından və sonda insanın böyük iradə hesabına qalib gəlməsindən bəhs edildiyini söyləyib. O, yazıçının dərin məna kəsb edən əsərlərinin oxucunu düşünməyə sövq etdiyini vurğulayıb.

Daha sonra bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin "Cek Londonun "Həyat eşqi" hekayəsi", İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Aygün Orucovanın "Cek Londonun həyat və yaradıcılığı" və  Nərgiz İsmayılovanın "Cek London sənətkarlığı: "Həyat eşqi"ndən "Martin İden"ə mövzusunda məruzələri dinlənilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31