Vətəndaş məmnunluğu dövlət üçün əsas prioritetdir- Təhlil

Azərbaycanın günümüzdə sürətli şəkildə inkişafı, qarşısına qoyduğu bütün hədəflərə qısa zamanda və əzmlə nail olması dövlətimiz üçün əlavə imkanlar və perspektivlər açır. Əldə edilən hər bir imkan, nailiyyət isə ilk növbədə vətəndaşların sosial rifah halının yüksəldilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Təbii ki, bütün bunlara isə düzgün idarəçilik və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində nail olunur. Bu siyasət isə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilməkdədir. Dövlət başçısı kimi fəaliyyət göstərdiyi 15 ildən artıq müddət ərzində yalnız xalq üçün çalışan, onun azad və firəvan şəraitdə yaşaması üçün məqsədyönlü addımlar atan Cənab İlham Əliyev bu gün də başladığı yolu uğurla davam etdirir. Ötən 15 il ərzində dövlət başçısının Azərbaycan vətəndaşının sosial rifah halının yüksəldilməsi məqsədilə atmış olduğu addımları, bu məqsədlə imzalamış olduğu fərman və sərəncamları bir kənara qoysaq belə, Cənab İlham Əliyevin cari ilin əvvəlindən bu günə qədər sosial sahədə həyata keçirdiyi islahatlar, imzaladığı sənədlər dövlət başçısının hər zaman xalq, vətəndaş üçün çalışdığını əyani şəkildə ortaya qoyur.

Azərbaycan Prezidentinin cari ilin əvvəlindən minimum əmək haqqının, əmək pensiyalarının siğorta hissəsinin artırılması barədə imzaladığı fərman və sərəncamlar dövlət üçün vətəndaş məmnunluğunun əsas prinsip olduğunu təsdiqləmiş oldu. Həmin sənədlərə əsasən ölkədə minimum əmək haqqı 180 manat məbləğində müəyyən edildi ki, bu da son illərdə qeyd edilən sahədə baş verən ən ciddi artım deməkdir. Eyni zamanda əmək pensiyalarının sığorta hissəsinin artırılması da mühüm addımlardan biri idi. Həm bu, həm də digər addımlar eyni zamanda ölkədə sosial məsələlərin həllinin daim dövlətin diqqət mərkəzində olduğunun göstəricisi idi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bu illərdə cəmiyyətin bütün təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, onların mövcud problemlərinin həlli istiqamətində addımlar atıb ki, bu mənada şəhid ailələri, onlara bərabər tutulan şəxslərə birdəfəlik maddi yardımın verilməsi də belə addımlardan biri idi.

Nəhayət, dövlət başçısının bu günlərdə problemli kreditlərlə bağlı imzaladığı sənəd inqilabi islahatlardan biri kimi xarakterizə edilə bilər. Bununla dövlət başçısı uzun illər vətəndaşları ciddi şəkildə narahat edən bir problemi həll etmiş oldu. Daha dəqiq desək 800 min nəfərə yaxın insanın devalvasiya zamanından banklarla üzləşdiyi problemlər aradan qalxmış oldu.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatlar, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atmış olduğu addımları şərh edən iqtisadçı ekspert Elıvin Babayev deyir ki, dövlət başçısı üçün vətəndaş məmnunluğu hər zaman başlıca prioritet olub. Onun sözlərinə görə, bütün bunlar dövlətin, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir: "Bəzən bir çoxları, hakimiyyətə opponentlik etmək istəyənlər, lakin bunu daha çox özlərinin radikal addımları ilə ortaya qoyan siyasilər, onlara yaxın olan iqtisadçılar deyirlər ki, dövlətin müxtəlif layihələrdən əldə etdiyi gəlirlər hara sərf edilir. Həmin şəxslərə ən yaxşı misal elə Cənab Prezidentin son iki ay ərzində sosial sahədə atmış olduğu addımlardır. Təkcə problemli kreditlərlə bağlı qərara diqqət etsək görərik ki, burada söhbət təxminən milyardlarla manatdan gedir. Dövlətdən hesabat tələb edənlərə təkcə bu fakt kifayət edir ki. əldə edilən gəlirlərin hara xərcləndiyi görsünlər. Yaxud bundan bir müddət əvvəl şəhid ailələri, onlara bərabər tutulan şəxslərə birdəfəlik maddi yardımın verilməsi barədə qərara diqqət edək. Məlumat üçün qeyd edim ki, burada hər ailəyə 11 min manatın verilməsindən gedirdi. Belə ailələrin yüzlərlə olduğunu nəzərə alsaq, o zaman ayrılan vəsaitin kifayət qədər böyük məbləğ olduğunu aydın şəkildə görə bilərik. Bir sözlə istər minimum əmək haqqı, istər pensiyalar, istər tələbə təqaüdləri, istərsə də problemli kreditlərlə bağlı ayrılan vəsait heç də göydən tökülmür, yaxud bunları bizə kimsə iyanə olaraq vermir. Məhz Azərbaycanın həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasət, eləcə də həyata keçirilən müxtəlif layihələrdən əldə edilən gəlirlərdir ki, bu gün həmin gəlirlər Azərbaycan vətəndaşının sosial rifah halının yüksəldilməsinə sərf olunur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31