Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"El bilir ki, sən mənimsən..."

Böyük Hun imperatorluğunun xaqanı Mətə xan millətə xidməti hər zaman öndə tutub. Onun millətinə olan sevgisini o zamanlar baş verən bu hadisə sübut edir: Hun taxtına gənc və təcrübəsiz bir xaqanın çıxdığını öyrənən Monqol tunquzlar bu fürsətdən istifadə etməyə başladılar. Onlar Mətədən ən sevdiyi atını istədilər. Mətə xan monqolların bu istəklərini yerinə yetirdi. Sonra qılıncını istədilər. Onu da verdi. Tunquz hökmdarı bu dəfə də iki dövlət arasında boş olan bir şoran torpaq sahəsinin özünə verilməsini istədi. Mətə xan bu tələbi dövlət məclisində müzakirə etdirdi. Bəzi idarə üzvləri, at və qılınc verildisə, bir şoran torpaq sahəsinin əhəmiyyətli olmadığını söyləyərək verməyə razı olduqlarını bildirdilər. Fəqət Mətə xan torpağını dövlətin əsası olduğunu, torpaqsız dövlət ola bilməyəcəyini söyləyərək "verəyin" deyənləri cəzalandırdı. O: "At və qılınc öz malım idi, millətimin xətrinə verdim. Fəqət torpaq dövlətimindir, şoran da olsa onu verə bilmərəm", - dedi və qərarlı bir şəkildə ordusunu toplayaraq özündən əmin olan düşmənə qarşı ani bir hücum etdi və onları məğlubiyyətə uğratdı.

Bu hadisə ilə Mətə xan dövlət malının millətə aid olduğunu və dövlətin malını istədiyi kimi istifadə edə bilməyəcəyini göstərib. Yəni Mətə xana görə, əvvəl dövlət və millət mənfəətləri gəlir. Sonra digər mənfəətlər... O, bu mövzuda: "Hər şeydən əvvəl dövlətim və millətim bir Oğuz türk törəsidir! Dövlətin torpağı verilməz!" - deyib.

Bəli, tarix boyu bütün savaşların,axıdılan qanların, itirilmiş milyonlarla həyatın səbəbi məhz ayaq basdığımız torpaqdır.Torpaq sadəcə saysız-hesabsız sərvət demək deyil, həm də tökülən qan, deməkdir,çünki səni "Sən" edən məhz torpağındır.Sonsuz dənizlərin, çayların,ucu-bucağı görünməyən düzlərin- düzənlərin, səhraların, yaylaqların, hər bir qarışını "Vətən"adı altında kiçik ürəklərimizə sığdıra biliriksə, demək ki, bu sözün böyük bir hikməti vardır.

* * *

Dünya xəritəsində Azərbaycan çox kiçik bir dövlətdir, lakin tarix boyu Azərbaycan xalqının başı dünya xəritəsi boyda nə dərdlər çəkmiş...nə bəlalar görmüş...Əbəs yerə bu torpaq bizlərə Cavanşirlər, Babəklər, Əliağa Şixlinsklər, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr, Mübariz İbrahimovlar kimi saysız-hesabsız igid, qəhrəman, millətsevər insanları bəxş etməmişdir. Üstündən illər keçməsinə baxmayaraq hələ də onları qürürla anırıq və zaman keçdikcə müasir dövrümüzdə də bu cür nümunəvi insanların sayı durmadan artır.

Vətənpərvərlik hissi hər kəs üçün fərqlidir və hər bir kəs də o hissi fərqli şəkildə yaşaya bilər.Hər şeydən öncə, ortaq olan nöqtə vətənə sevgi, böyüyüb boya-başa çatdığı torpaq qarşısında öhdəliklər və məsuliyyət daşımaq, ən əsas da qürur duymaqdır.Vətənini sevən xalq firavan ölkənin təməlidir.Vətənpərvərlik sadəcə döyüşlərdə ölmək və şəhid zirvəsinə ucalmaq deyil. Əgər millətə, vətənə zərrə qədər xeyrimiz dəyirsə, vətənə sadiq və yararlı biriyiksə deməli, vətənpərvərik.Amerikalı siyasətçi Teodor Ruzvelt söyləyirdi ki, Vətən uğrunda ölməyə hazır olmaq çox vacibdir, lakin daha vacibi Vətən uğrunda yaşamaqdır. Bu fikirdə böyük bir həqiqət var. Sadəcə Üzeyir Hacibəyov və "Çırpınırdı Qara dəniz" desəm, artıq oxucu üçün hər şey aydın olacaq. O Qara dəniz ki, 100 il öncə yazılmasına baxmayaraq, gənclərimizin qəlbində hələ də çırpınır,onun gücündən ilhamlanaraq öz milli mənlik şüurunu inkişaf etdirir.

Digər misal çəkmək istədiyim və illərlə gənc nəslin nümunəvi yetişdirilməsində önəmli yer tutan Azərbaycan poeziyasıdır. Hələ uşaqlıqdan Azərbaycan dedikdə,hər zaman yadıma Səməd Vurğunun "Azərbaycan"şeiri düşür. O dövrün çətinlik, qadağa, məhdudiyyət və təqiblərinə baxmayaraq  Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış və bütün zamanlarda Azərbaycan gəncliyinə örnək olaraq qalan "Azərbaycan" şeirinin 4 misrasında olan çağırışa və üsyana nəzər salaq:

El bilir ki, sən mənimsən (bu birbaşa Azərbaycanı bütün Sovet Respublikaları kimi özəlləşdirən Moskvaya mesaj idi.Mənim elim mənimdir.O ölkədə yaşayan vətəndaşlarındır.)

Yurdum-yuvam məskənimsəm (İnsanı torpaq və coğrafi məkan olaraq bir yerə bağlayan, onun vətənidir:yurd-yuva,məskən.O zamanın basqısı altında yaşayan şair,vətəninə olan məhəbbətini bundan gözəl  necə ifadə edə bilərdiki?)

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan,Azərbaycan (sovet işğalçıları tərəfindən əlindən alınmış vətənini,şair sanki bu sözlərlə bağrına basır. Anası və vətəninin Azərbaycan olduğunu bir daha Moskvaya, Kremlə sübüt edir.)

Məncə burada əlavə şərhə, fikrə ehtiyac yoxdur...Həqiqətən də hər bir ölkənin inkişafında ən böyük rollardan birini onun mənəviyyatı oynayır. Nə xoş bizə ki, o mənəvi irsi bizə Səməd Vurğun kimi şairlərimiz qoyub gedib.Gənclərin üzərinə düşən vəzifə isə bizə əmanət olunmuş mənəvi irsi öyrənməkdən, ruhumuzu o mənəvi irslə tərbiyə etdirməkdən ibarətdir.

Hazırda dünya alimləri tərəfindən sübut olunub ki, uşaqlıqdan mənəvi aclığını, vətən-ana haqqında, ümumiyyətlə, sevgi ilə bağlı şeirləri oxuyaraq doyuran uşaqlarla adi uşaqlar arasında kəskin fərq var. Belə ki,birincilər həyata daha yumşaq baxır, cinayət əməllərindən, haqsızlıqdan daha uzaq həyat yaşayırlar. Bu səbəbdən də Səməd Vurğun kimi şairlərimizin şeirlərini nə qədər tez-tez oxusaq  və uşaqlarımızı da körpəlikdən bu ruhda tərbiyə etsək, onların da, özümüzün də sağlam gələcəyini təmin  etmiş olarıq. Heç kəsə sirr deyil ki, milli mənəvi şüurun inkişafı məhz körpəlikdən başlayır və nəticəsi məhz bu təqdirdə effektiv olur, çünki bu zaman uşağın yaddaşı sanki ağ vərəqə bənzəyir. Burada atalar sözü məncə yerinə düşərdi: "Nə tökərsən aşına, o da çıxar qaşığına".

Bir körpənin dünyaya gəldiyi gündən öz aləmi yaranır. Uşaq böyüdükcə, vətənə olan sevgisi də böyüyür. Bura onun böyüdüyü ev, küçə, dostları, getdiyi bağça, ağlınıza gələcək hər şey aiddir.Məktəbdə müəyyən bir fənni öyrənərkən,uşaq anlamağa başlayır ki, dünya  təkcə  küçə və şəhərdən ibarət deyil, bu dünyada başqa ölkələr, materiklər, millətlər var. Artıq bu andan etibarən uşaq dərk edir ki, yaşadığı yerdə, ona aid "doğma vətən" var, hansıki zaman ötdükcə, öz həyatını onsuz təsəvvür edə bilmir.Fikir vermisizsə, xaricdə yaşayan azərbaycanlılar daima vətən həsrəti ilə yaşayırlar.Səbəb isə onların böyüyüb başa çatdıqları yerin öz vətəni olmasıdır və o vətəndə keçmişinin, xatirələrinin yaşamasıdır...

Məktəbdən söz açmışkən, bir insanın vətənpərvər yetişməsində təhsil ocaqlarının əhəmiyyəti olduqca böyükdür.Bir uşağın vətənə sadiq, millətsevər formalaşmasında sözün əsl mənasında bir məktəbdir. Yadımdadır, məktəbdə oxuyarkən, Milli Qəhrəman Mübariz İbrahimovun sərhədi keçərək, təkbaşına düşmənlərlə vuruşması və sonda qəhrəmancasına şəhid olması, işıq sürəti ilə bütün dünyaya yayıldı. Bu hadisə hər kəsdə qürur hissi doğurdu və hər kəs Mübariz İbrahimovun qəhrəmanlığıdan danışırdı. Hər kəs onun kimi olmaq istəyirdi. Demək istədiyim odur ki, təbliğat təkcə zallara toplaşmaqla bitmir. Biz özümüz də milli mənlik şüurun inkişafında nümunə olmalıyıq. Zənnimcə, cəmiyyətə nümunə olmaq digər gəncləri daha da həvəsə gətirir, onlarda ruh yüksəkliyi yaradır.Misal üçün Aprel döyüşlərində gənclərin gözləniləndən də artıq yüksək ruh halı, düşünürəm ki, Mübariz İbrahimovun və digər şəhidlərin vətən uğrunda etdiyi qəhrəmanlıqların bir nəticəsi idi.Biz səsimizi dünyaya çatdıraraq, millətin necə vətənsevər olduğunu bir daha sübüt etdik.Necə sübut etdiksə, hətta başqa ölkələrdən olan müxtəlif millətlər də bizim birliyimizə qoşularaq,bizimlə çiyin-çiyinə döyüşməyə hazır olduqlarını ifadə etdilər.

Azərbaycan, dövlətin gələcəyini gənclərsiz təsəvvür etmir və bir xalq olaraq biz gələcəyimizi gənclərlə birləşdiririk.Dövlətin başlıca prioritetlərindən biri gənclərimizin sağlam olması və yaxşı təhsil ala bilməsidir. Azərbaycan höküməti gənclərin yaxşı təhsil almasından savayı, milli mənlik şüurunun inkişafını təmin etmək üçün bütün potensialını bu minvala kökləyib. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar.

* * *

Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzi, dünyaya baxışı, Vətənə, torpağa sayğısı yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi önə keçmiş olur. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Bu problemlərə sinə gərən gənc özünü vətənpərvər hesab edə bilər.

* * * 

Bu gün Azərbaycan cəmiyyətində 30 yaşınadək 4.6 milyon gənc var,bu da ölkə əhali sayının 46 faizi deməkdir. Bizim kifayət qədər gənc cəmiyyətimiz var və bu o deməkdir ki, gənclər Azərbaycan təbliğatında fəal iştirak edərək, dövlət əleyhinə  aparılan çirkli kampaniyalara qarşı mübarizə aparmalıdırlar. Əvvəlki illərə nəzər salsaq, mübarizə aparmaq və səsimizi dünyaya çatdırmaq bir qədər çətin məsələlərdən biri idi. O vaxt sosial şəbəkə platformaları yox idi. Lakin indiki vəziyyətimizə nəzər yetirsək, əlimizdə sosial şəbəkələr kimi çox gözəl imkanlar var. Gənclər bu fürsəti dəyərləndirib, sosial şəbəkələrdə milli mənafeyimizi qorumaqla, müxtəlif  vətənpərvər mövzularda paylaşımlar edərək, vətənpərvəlik anlayışının bir hissəsinə çevrilə bilərlər.Yuxarıda qeyd etdiyim kimi vətənpərvərlik tək səngərdə döyüşmək deyil, vətənə zərrə qədər xeyri dəymək deməkdir. Onları sadəcə bir-birindən ayıran cəhətlər-dərəcələrdir...

Aysel Oğuz

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31