Əbülfəz Qarayev Rasim Balayevdən üzr istədi
5 Mart 2019 17:31 SosialMart ayının 5-də mədəniyyət naziri Əbülfəz Qarayev M.F.Axundzadə adına Milli Kitabxanada prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirdi.
Olaylar.az bildirir ki, nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət nümayəndələri ilə görüşünün böyük müzakirələrə səbəb olduğunu qeyd etdi. "Bu mədəniyyətə olan diqqətin nümunəsidir. Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə son görüşündə səsləndirdiyi fikirlər mədəniyyət sahəsində islahatları sistemli şəkildə görmək istədiyinin bariz nümunəsi idi. Mədəniyyət sahəsində son illər islahatlar davam edir. Dövlət başçısı bu sistemin yeni formatda olmasını istəyir. Son iki ildə vacib işlərin görülməsinə nail olunub. Aparılan islahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması demək deyil, kim bu cür düşünürsə, yanlış düşünür."
Kino sisteminin yeni formatda idarə olunması üçün artıq lazımi addımların atılacağını bildirən nazir Əbülfəz Qarayev qeyd etdi ki, elə kəndlər var ki, orada dağıdılmış vəziyyətdə müəssisə və ya işləməyən kitabxanalar var: "Necə düşünə bilərik ki, onların hamısının bərpa edilib maddi-texniki baza ilə təmin etmək mümkün olsun? Odur ki, bütün bu işlər mərhələli şəkildə icra olunmalıdır. Əvvəllər kitabxanaların sayı az idisə, bu gün ölkədə 2600 kitabxana var. Kinematoqrafiya sahəsi ilə bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq. Həmçinin yeni teatr idarəetmə sisteminin formalaşdırılması üçün aparıcı teatrlara əlavə vəsait ayrılacaq. Yaradıcı proses dayanmamalı və işlər sistemli xarakter almalıdır. Bəzi qanunlara əsaslanan mövcud sistem daha müasir əsasda qurulmalıdır."
Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsinə toxunan Əbülfəz Qarayev qeyd etdi ki, Nəsiminin məzarı Suriyada, çox dəhşətli müharibələrin aparıldığı Hələb şəhərində yerləşir: "O yer tək biz tərəfdən deyil, yerli sakinlər tərəfindən də bir müqəddəs yer kimi qəbul olunur. O məzara mütəmadi olaraq ziyarətçilər, xüsusilə sufi təriqətinin tanınmış nümayəndələri baş çəkir. Biz hətta o məzarın yenidən qurulması, orada Azərbaycanla bağlı mədəniyyət mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparmışdıq. Bu istiqamətdə razılıq və irəliləyiş əldə etmişdik. Əfsuslar olsun ki, sonrakı siyasi toqquşmalar və müharibə onun reallaşmasına imkan vermədi. Hesab edirəm ki, vaxt gələcək və biz bununla bağlı hədəflərimizi gerçəkləşdirə biləcəyik".
Nazir bildirib ki, Nəsiminin varisləri ilə daimi ünsiyyətdədirlər və onlar Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən festivallarda iştirak edirlər: "Hesab edirəm ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsi gec-tez gündəlikdə olacaq".
Bundan əlavə nazir ifaçı Afət Fərmanqızının Azərbaycanın böyük şairi İmaməddin Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib. Nazir yaradıcı şəxslərə belə məsələlərə həssaslıqla yanaşmağı tövsiyə edib. O bildirib ki, nüfuzlu insanların, ədiblərin yaratdığı dahi əsərlərin müasir tərzdə təqdim olunmasında maraqlıdırlar, amma bu zaman keyfiyyətə ciddi nəzarət olmalıdır: "Hər bir insanın yaradıcılıq qabiliyyəti onun dünyagörüşündən, ifasından və əsəri təsvir etməsindən bilinir. Elə əsərlər olur uğurlu alınır, bəziləri isə əksinə olur. Uğursuz olanda cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır. Ölkəmizin böyük tarixi, ədəbi, incəsənətlə bağlı olan mirası var. Bunun müasir şəkildə yeni formalarda təbliğinə maraqlıyıq. Amma yaradıcı insanlar bu işdə ciddi, məsuliyyətli olmalıdırlar".
Əbülfəz Qarayev qeyd edib ki, televiziyalarda Bədii şuraların yaradılmasında maraqlıdırlar: "Heç olmasa, bu işlərdə çərçivə müəyyən edilsin və ictimai nəzarət olsun. Çünki Azərbaycan televiziyalarında senzura yoxdur, biz qadağa qoya bilmərik. Mən rəsmi məktub yaza bilərəm ki, bu kimi nümunələrin yayılmasına nəzarət etsinlər. Amma sosial şəbəkələrə necə qadağa qoymaq olar? Yenə də deyirəm bu birbaşa insanların daxili mədəniyyətindən asılıdır".
Nazirin sözlərinə görə, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək: "Görüşdə 4 nəfərin heykəlinin ucadılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik".
Cəfər Cabbarlının ev muzeyi ilə bağlı narahatlığını qeyd edən nazir bildirdi ki, C.Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün binanın taleyi ailə yaxınları ilə müzakirə edilir: "C. Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil: "Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib. Bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyi üçün bina daha yararsız hala düşüb. Lakin binanın dövlət hesabına təmiri üçün o yalnız dövlət balansında olmalıdır. 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Ə.Əzimzadənin də ev muzeyinin hazırlanması bu şəkildə aparılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyatı orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir. Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək".
Nazir bildirib ki, Tahir İmanov və ümumilikdə "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərindədir və dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmayıb:
" Tahir İmanov özü də qeyd elədi ki, özəl televiziyalar tərəfindən qadağa qoyulmuşdu. Onların özəl fəaliyyətinə gəldikdə isə, buna müdaxilə edə bilmərəm. Biz onlara ancaq tövsiyə verə bilərik".
Nazir bildirib ki, Tahir İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur: "Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar".
Nigar Adil