Kənd Təsərrüfatı Nazirliyində ictimai müzakirə keçirilib
5 Mart 2019 16:46 SosialKənd Təsərrüfatı Nazirliyində "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, ictimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: "Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq".
Daha sonra Aqrar Tədqiqatlar Mərkəzinin heyvandarlıq şöbəsinin baş mütəxəssisi Elşad Rzayev Dövlət Proqramının layihəsi barədə təqdimatla çıxış edib. İştirakçılara Dövlət Proqramının məqsədi, funksiyaları, istiqamətləri, əhəmiyyəti, növbəti illərdə ölkədə heyvandarlığın inkişaf etdirilməsi, örüş-otlaq ərazilərindən səmərəli istifadə məqsədilə görüləcək işlər barədə geniş məlumat verilib.