“Namuslu kişi söyüş söyməz”

Deputat: "Çünki bilir ki, söyüşün on qatı ona qayıdacaq"

Milli Məcisin martın 5-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinlənilib. Məruzəni təqdim edən Ombudsman Elmira Süleymanova qeyd edib ki, 2018-ci ildə Milli Preventiv Qrup (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkilib: "Bunların 220-i plan, 123-ü isə plandankənar olub. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 186, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 56, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlamayeri və istintaq təcridxanasına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılma mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi-təlim tərbiyə və internat müəssisələrinə, habelə xüsusi peşə məktəbinə 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, pensiya yaşına çatmış və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə 7, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə 29, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 14 başçəkmə həyata keçirilib. Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bu müəssisələrdə çalışan 600-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. Müəssisə rəhbərləri və aidiyyatı vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılıb, pozuntuların aradan qaldırılması üzrə verilən tövsiyələr nəzərə alınıb. Bəzi hallarda müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin istintaq təcridxanasına keçirilməsi müddətlərində pozuntulara yol verilməsi, azadlıqdan məhrum edilən şəxslərin penitensiar müəssisələrdə konfidensial yazışma hüququnun reallaşdırılması sahəsindəki problemlər qeyd edilməlidir. Daxil olan müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olan zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilən şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir. Belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir".

Ombudsman bildirib ki,quruma  hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1 442 müraciət daxil olub: "Bu müraciətlərdə əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb. Bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilməyib, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib. Birinci instansiya məhkəməsinin qərarından verilən şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olub. Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir".

Ombudsman qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunula qadağa qoyulmasını təklif edib: "Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub. Əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb. Bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir". Sənəddə ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilən çatışmazlıqlar davamlı olaraq təkmilləşdirilməkdədir: "Ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılıb. Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır. Ötən il Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatan, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə baş çəkib, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırıb, sakinlərlə görüşüb, bir qayda olaraq, rəftar və şərait qənaətbəxş qiymətləndirilib, bir sıra tövsiyələr verilib. Şikayətlərin təhlil nəticəsində bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib".

Məruzənin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbayacana ekstradisiya olundu: "Xalqımız onun qolu qandallı həbsxanaya aparılmasını görmək istəyir. Lakin onun bu görüntüləri yayımlanmayıb. Lakin əminəm ki, o Azərbaycan etdiyi xəyanətə görə öz layiqli cəzasını alacaq". Bir müddət bundan öncə DTX tərəfindən cəsus şəbəkəsinin ifşa olunduğunu deyən Q.Həsənquliyev söyləyib ki, dünya təcrübəsi göstərir ki, bu insanlar ifşa olunmalıdır ki, digərləri bundan ehtiyatlı olsunlar. Xaricdə oturub söyüş söyənlər haqqında danışan Q.Həsənquliyev bildirib ki, namuslu kişi söyüş söyməz, çünki bilir ki, söyüşün on qatı ona qayıdacaq. Deputat çıxışı zamanı Ombudsmanın ermənilər tərəfindən təqib olunan azərbaycanlı bloggerlərin hüquqları qorunması istiqamətində addım atmasını təklif edib. Q.Həsənquliyev çıxışı zamanı tikinti şirkətlərinin bir mənzili çoxlu sayda insanlara satılması məsələsinə toxunaraq qeyd edib ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirmədən ev satmaq qadağa edilməlidir.

Deputat Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur. İnsanların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezdentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir".

Deputatı Fazil Mustafa isə deyib ki, vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır. O, bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: "Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanları var. belə olan halda. onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir". Deputat kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə çıxış edib. Müzakirələrdə sonra Ombudsmanın illik hesabatı qəbul edilib. Sonra deputatlar gündəlikdə duran məsələlərin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31