Alimenti ödəməyən valideyni hansı cəza gözləyir?- Təhlil

Azərbaycanda boşanan ailələrdə ən çox yaranan problem alimentin ödənilməsi ilə bağlıdır. Avropa ölkələrənidə sözügedən məsələnin həllində ən çox üstünlük verilən forma qarşılıqlı razılıqdır. Belə  ki, ər və arvad arasında uşağın saxlanması barədə bağlanan sazişdə bütün məsələlər öz həllini tapır. Belə saziş bağlanması bizim qanunvericilikdə də öz əksini tapıb. Təəssüf ki, sazişlə aliment probleminin həllinə  praktikaya rast gəlmək mümkün deyil. Azərbaycanda  aliment işlərinə bir qayda olaraq məhkəmələr baxır. Tərəflərin bir-birinə kifayət qədər problem yaratmağa çalışdığı, kişinin işləmirəm, pulum yoxdur dediyi, qadının isə daha çox pul tələb etdiyi məhkəmənin sonunda hakim öz bildiyini edir. Alimenti iki variantdan birini tətbiq etməklə təyin edir. Birinci variant qanunvericiliyə uyğun olaraq, işləyən şəxs üçün 1 uşağa görə gəlirlərin dörddə biri, 2 uşağa görə üçdə biri, 3 və daha çox uşaq olduqda isə yarısı qədər aliment təyin edir. Gəlirləri müəyyən olmayanlardan, həmçinin işləməyənlərdən aliment sabit pul məbləği formasında tutulur. Bu zaman ölkədə müəyyən edilmiş yaşayış minimumu nəzərə alınır. Məhkəmə tərəfindən təyin olunan alimenti vaxtında ödəməyən, yaxud da ödəməkdən boyun qaçıran valideynlər inzibati və cinayət qaydasında cəzalandırıla bilər. Lakin məhkəmə qərarı ilə də problem həll olunmur. Qərar icraya yönəldikdən sonra bir qayda olaraq, kişilər alimentin ödənməsində çətinliklər yaradır. Bu da adətən boşanmadan sonra tərəflərin bir-birinə düşmən gözü ilə baxması ilə bağlı olur. Hazırda içra məmurlarında alimentin ödənməməsinə dair kifayət qədər çox problem var. Bəs bu kimi problemlər hansı qaydada həllini tapa bilər?  Vəkil Rövşən Qasmov deyir ki, alimentə dair qərar icra məmuru tərəfindən təxirə salınmadan icra olunmalıdır: "Aliment ödəməli olan şəxsin yeri məlum olmadıqda axtarış elan olunmalıdır. İcra məmuru məhkəmə qərarının icrasına başladıqdan sonra borcluya - aliment ödəməli olan şəxsə bildiriş verir və qərarın icra olunmayacağı təqdirdə bunun hansı məsuliyyətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. İcra sənədində göstərilən müddət ərzində aliment ödənmədikdə, icradan yayınmaq üçün yanlış məlumatlar təqdim etdikdə icra məmuru borclu barədə inzibati məsuliyyətə cəlb etmə üçün təqdimatla məhkəməyə müraciət edir. Məhkəmə borclu barədə 500 manatdan yuxarı miqdarda cərimə cəzası təyin edir. Bundan sonra icra məmuru yenidən aliment ödəməli olan şəxsə icra üçün bildiriş verir. Bildirşdə göstərilən müddət ərzində icra tələbi yerinə yetitilməsə, icra məmuru borclunun cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verir. Bu dəfə cəzalar daha ağır olur - cərimə, islah işi və ya azadlıqdan məhrumetmə". Onun bildirdiyinə görə, aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi yolu ilə icraya nail olunması ən çox tətbiq olunan praktikadır: "Sadəcə bəzən icra məmurları nəyinsə müqabilində bunu tətbiq etməyə həvəs göstərmirlər. Belə halda icra məmurundan şikayət etmək və borclunun məsuliyyətə cəlb olunması üçün təqdimat verməyə məcbur etmək lazımdı. Məhkəmə təcrübəsində uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edildikdən sonra bir çox hallarda alimenti ödəyən şəxs bu məbləği qəsdən ödəməkdən imtina edir. Bu isə uşağın saxlanılmasında problemlərin yaşanması ilə yanaşı, onun təhsil, sağlamlıq və digər hüquqların da pozulmasına gətirib çıxarır. Təcrübədə alimentin ödənilməməsi ilə bağlı bir sıra problemlərlə rastlaşmaq olar. Baxmayaraq ki, Ailə Məcəlləsinə əsasən, alimenti qəsdən ödəmədikdə valideyn valideynlik hüququndan məhrum edilə bilər. Bəzən boşandıqdan sonra uşağın saxlanılması üçün alimenti ödəyən şəxs uşaq yanında olmadığını, əvvəlki həyat yoldaşından qisas almaq hissi olduğunu əsas gətirərək, alimenti qəsdən ödəməkdən yayınır. Qanunvericiliyə əsasən, məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir". Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 306.1 və 306.2-ci maddələri yeni redaksiyada verilmiş və cəzalar sərtləşdirilmişdir. 306.1-ci maddəyə əsasən, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə halları üzrə sanksiyada "min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır" qeyd edilmişdir. Lakin əvvəlki redaksiyada sanksiyada cəza bu cür nəzərdə tutulurdu: "beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər son dövrlərdə məhkəmə qərarlarının icra vəziyyətinin daha da yaxşılaşdırılmasına baxmayaraq, alimentin ödənilməsi ilə bağlı olan hər bir icra olunmamış qərar bir və ya bir neçə uşağın həyatına mənfi təsir göstərir. Bu kimi halların, ümumiyyətlə aradan qaldırılması məqsədilə fikrimcə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2009-cu ildə uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsində və daha sonrakı illik məruzələrində təklif etdiyi "Aliment Fondu"nun yaradılması ölkəmizdə alimentin ödənilməsi ilə bağlı problemin birdəfəlik həllinə gətirib çıxardacaqdır. Belə ki, həmin təklifdə məhkəmə qərarlarına uyğun olaraq uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemlərin olmasını nəzərə alaraq, cavabdehdən alınaraq, iddiaçıya verilməsi məhkəmə tərəfindən qət edilən alimentin Dövlət Sosial Müdafiə Fondu (və ya müvafiq dövlət orqanı nəzdində yaradılmış və dövlət tərəfindən maliyyələşən "Aliment Fondu" tərəfindən ödənilməsi üzrə mexanizmin yaradılması və tətbiq edilməsi) həmin alimentin sonradan borcludan dövlət tərəfindən məcburi qaydada alınması şərti ilə irəli sürmüşdür. Bu təcrübə bir çox xarici ölkələrin təcrübəsində istifadə olunur. Eyni zamanda, bu təcrübə, bir daha onu sübut edir ki, alimenti ala bilməyən və aztəminatlı ailələrdə böyüyən uşaqların uşaq evi və internat məktəblərinə düşmə riski də çoxdur. Ümumilikdə, belə bir nəticəyə gəlmək olar ki, ölkədə "Aliment Fondu"nun yaradılması, uşaqların təhsil, sağlamlıq, asudə vaxt və digər hüquqlarının və mənafeyinin daha səmərəli təmin olunmasına, onların müəssisəyə düşmə, əməklərindən sui-istifadə olunma riskinin azalmasına, sağlam ailə mühitinin formalaşmasına zəmin yaradacaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31