Azərbaycanda “Oxu günü” keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov "Oxu günü" tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi "Oxu günü" tədbiri keçiriləcək.

Əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar "Oxu günü" çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək "Oxu günü" ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir.

"Oxu günü" çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılacaq, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil ediləcək. Şagirdlərin iştirakı ilə məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatlarının keçirilməs, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, məktəblərdə "Oxu günü" nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxılması, şagirdlərin rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31