Mədəniyyət xadimlərinın dövlət başçısı ilə görüşündə müjdələr çox idi

Rafael Hüseynov: "Ziyalılar görüşdən qurub-yaratmaq, sənətləri ilə Azərbaycanı daha gözəl etmək üçün yeni impulslar aldılar"

Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə fikir mübadilələrinə başlayarkən belə bir görüşün hansı zərurətdən yarandığını birbaşa diqqətə çatdıraraq dedi ki, indiyədək yaşadığımız illərdən fərqli, indiyədək getdiyimiz sürətlərdən seçiləcək təzə, 2019-cu ilimiz başlanır. Bir az da dəqiqləşdirəcək olsaq, Prezidentin nəzərincə, əslində tam yeni inkişaf dövrümüz start götürüb. Bu başlanan dövrün mədəniyyətə yönələn, yaradıcı insanlara üz tutan başlıca çağırışları nədən ibarətdir? Nələri etməliyik ki, əsas güclərimizdən biri olan mədəniyyətimiz, sənətimiz bir qədər də yüksəlsin, nələri etməliyik ki, daha məhsuldar və daha orijinal yaradıcılıq üçün meydan və üfüqlər genişlənsin, hansı tədbirlər görülməlidir ki, yaradıcılıq təşkilatları, mədəniyyətimizin dayağı olan yaradıcı insanların həyat şəraiti indikindən də qənaətbəxş, ürəkaçan olsun?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qeyd edib ki, bütün bu istiqamətlərin hər biri ilə bağlı cənab Prezidentin öz tutarlı mülahizələri, konkret düşüncələri var: "Zəngin Azərbaycan mədəniyyətinin Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazandığı nailiyyətlər həddən ziyadə çoxdur, həqiqətdə bu dövrün özü mədəniyyətimizin inkişafı və mədəniyyətimizə qayğı sahəsində misli olmayan tarix parçası kimi qiymətləndirilməlidir, məhz misli olmayan. Çünki Prezident İlham Əliyevin quruculuq işlərinin elə böyükdən-böyük miqyasları var ki, bununla tutuşdurmaya uyğun gələn ölçüləri əvvəlki dövrlərdə müşahidə etmək mümkün deyil. Bu müstəsna uğurun səbəblərindən biri də odur ki, cənab Prezidentin bu yolda son dərəcə mötəbər, bu sahəyə peşəkarcasına bələd, mədəniyyətə ruhən, qəlbən yaxın olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi silahdaşı, məsləkdaşı var". Millət vəkili bildirib ki, mədəniyyət xadimləri ilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu görüşünün ortaya qoyduğu mühüm bir həqiqət də var: "Görkəmli mədəniyyət adamları bütövlükdə incəsənətimizin və ədəbiyyatımızın ayrı-ayrı problemləri, eləcə də müəyyən sənətkarlar və tarixi şəxsiyyətlərlə bağlı məsələlər qaldırır, arzularını, xahişlərini dilə gətirirdilər. Prezident bu qaldırılan məsələlərin əksəri ilə bağlı adətən belə hallara xas olan "araşdırılar, baxılar, müzakirə edilər, yollar axtarılar" kimi yayğın cavabları heç ağlına gətirmir. Dərhal qərar qəbul edir, göstəriş verir, "icra edilsin!" deyir. Çünki işin içindədir, çünki qaldırılan və həlli umulan məsələlərin vacibliyini həm o görüşdəki mədəniyyət sahəsinin nümayəndələri kimi yaxşı bilir, həm də sadiq vətənpərvər, millətinin və dövlətinin yüksəlişini ürəkdən istəyən lider kimi bütün bu işlərin həllini tapmasının mühümlüyünə əmindir. Prezident İlham Əliyevin dövlət idarəçiliyi üslubunun səciyyəvi xüsusiyyətlərindən biri də mərhələlik, nəzərdə tutulan işlərin məntiqi ardıcıllıqla, tam həcmdə, bəlli zaman ərzində icra edilməsidir". Komitə sədri bildirib ki, mədəniyyət xadimləri ilə görüşdə səslənən fikirlər bu istiqamətdə də hansı irəliləyişlərə müvəffəq olduğumuzu əyani şəkildə aşkarlayırdı: "Azərbaycanın bütün ölkəboyu səpilmiş qaçqınları və məcburi köçkünlərinin bir hissəsi illərlə yazıçıların Şüvələndakı İstirahət Evində yerləşmişdi. Cəmiyyətimizin bu əzablar görmüş təbəqəsi Prezident İlham Əliyevin səyləri ilə ilbəil salınan müasir tipli şəhərciklərə köçürüldükcə, hər cür təminatlı rahat mənzillərdə yerləşdirildikcə ağır problem xeyli dərəcədə həllini tapdı və yazıçıların istirahət mərkəzi məsələsinin də həll növbəsi yetişdi, Prezident bu haqda da yüzlərlə qələm sahibini şad edən ani qərarını verdi."Mədəniyyətimizin İlham Əliyevli son 15 ilində nələrə nail olmuşuq" sualının cavabını vermək və bu əlvan mənzərəni bütün möhtəşəmliyi ilə xəyalda canlandıra bilmək üçün ölkə rəhbərinin həmin toplantıda apardığı bir müqayisədən düstur kimi yararlanmaq yerinə düşər. Prezident İlham Əliyev 2 il öncə dünyanı silkələyən iqtisadi tənəzzül və maliyyə böhranının bizim ölkədən də yan keçmədiyini yada salaraq vurğulayır ki, təsəvvür edin, gəlirlər 4 dəfə azaldığından məsrəflər də 4 dəfə aşağı düşməlidir və belə olarsa, insanlarımız necə müşkül vəziyyətlə, məhrumiyyətlərlə qarşılaşardılar. Lakin dövlət qabaqlayıcı tədbirlər görür və xalq bu sarsıntıdan yan keçir. Prezidentin həmin incə təhlilini ona görə yada salıram ki, bəzən insan ağrını yaşamayanda onun acısını yetərincə hiss etmir, yaxşı günə adət etdikcə mümkün çətin günün nigaranlığını özünə yaxın buraxmır. Halbuki çox vaxt məhz müqayisələr ən ədalətli münsifə dönərək həqiqətlərin aşkarlanmasına şərait yaradır. Həmin düstur dediyimiz Prezident müqayisəsini mədəniyyət həyatımıza tətbiq edək və bir anlıq düşünək ki, bu qazandıqlarımız, bu görülmüş işlər yoxmuş, onda vəziyyət necə olardı? Təsəvvür edin ki, elə xalça kimi cazibədar memarlıq həlli, içərisinin genişliyi və təchizatı ən müasir tələbləri ödəyən, gələn qonaqların hamısını valeh edən yeni Xalça Muzeyimizin binası tikilməyibmiş və bu muzey elə əvvəldə olduğu kimi İçərişəhərdə kiçik və köhnə məscidin dar divarları arasına qısılıb qalır - nə ixtiyarlarında olan qiymətəsığmaz xalça kolleksiyalarının, heç olmazsa, beşdə birini qonaqlara göstərmək, nə də onları lazımi səviyyədə qorumaq imkanları var, yaxud nə çağdaş üslubda işləyən bir çox cavan sənətkarımızın özünütəsdiqinə meydan açan Müasir İncəsənət Muzeyi yaradılıb və də həmin məkanla bağlı nailiyyətlərimiz var imiş. Təsəvvür edin, nə Beynəlxalq Muğam Mərkəzi inşa edilib, nə o məkanda cərəyan edən və Azərbaycanı Yer üzünün muğam paytaxtına çevirən Beynəlxalq Muğam simpoziumları, muğam yarışmaları keçirilib, nə tarımız, muğamımız, kəlağayımız, aşıq sənətimiz, çövkənimiz, Qobustanımız UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib, nə səma altındakı Qala və ona bənzər onlarca yeni maraqlı muzeyimiz yaranıb, nə şəhərimizin sıra-sıra binalarına sığal çəkilib, nə axırıncı 15 ildə doğularaq paytaxtımızı bəzəyən abidələr, heykəltəraşlıq kompleksləri var, nə...Bu siyahı xeyli uzana bilər. Artıq alışdığımız, gündəlik həyatımızı onlarsız ağla belə gətirmədiyimiz bu mədəni nailiyyətlərimiz olmasaydı, nə qədər kasıb görünərdik, mədəni gerçəkliyimiz nə qədər itirilmiş olardı! Amma bütün bunlar var, bunlara elə öyrəşmişik ki, sanki həmişə beləymiş düşünürük. Ancaq bilirik axı bunların hər birinin arxasında nə qədər zəhmət, mübarizə, sevgi, fədakarlıq dayanır. Yaxşımızın, əldə etdiklərimiz qədrini və qiymətini daha yaxşı dərk etmək üçün hərdən-hərdən belə tutuşdurmalardan da yan keçməyək".

Millət vəkilinin bildirdiyinə görə, mədəniyyət xadimləri ilə həmin görüşdə müjdələr çox idi - yeni ucaldılacaq abidələrin müjdəsi, ayrı-ayrı sənətkarların özünüifadəsinə daha geniş üfüqlərin açılması müjdəsi, bir silsilə mədəniyyət adamının həyatında, məişətindəki çoxdan gözlədikləri müsbət dəyişikliklərin nəhayət ki, baş verəcəyinin müjdəsi. Ancaq ən əsas müjdə ondan ibarətdir ki, mədəniyyət xadimləri həmin görüşdən sənətimizdə, yaradıcılıq həyatımızda qan təzələnməsi, yeni zəfərlərə doğru əngin perspektivlər və imkanların açılmasına dərin ümidlərlə ayrıldılar: "Həmin mühüm tarixi mənası olan görüşə Azərbaycanın nəhəng mədəniyyət xadimləri ordusunun yalnız bir dəstəsi qatılmışdı. Söz yox, tədbirin iştirakçılarının hamısı həmin səmimi, işgüzar, nəticələri ilə könül sevindirən görüşdən qurub-yaratmaq, sənətləri ilə Azərbaycanı daha gözəl etmək üçün yeni impulslar aldılar. Lakin görüşün oyatdığı fərəhdən, ruh yüksəkliyindən, ilhamlandırıcı, səfərbəredici təsirindən mədəniyyət xadimləri ordumuzun hər nəfərinə pay düşdü. Prezidentin səninlədirsə, dövlət başçın səninlə əl-ələ, ürək-ürəyədirsə, sənin peşəkarı olduğun sahə dövlətin başçısına yetərincə doğma, məhrəm bir sahədirsə, sənin qayğılarına səndən artıq narahatdırsa, sənin uğuruna ürəkdolusu qürurlana bilirsə, sənin ağrını, arzunu, niyyətini bircə kəlməndən tutursa, əlbəttə ki, hər yeni günə yeni uğurlar qazanmaq əzmi ilə irəliləməyə dəyər!"

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31