900-dən çox məhkuma elektron qolbaq tətbiq olunub

Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası çərçivəsində azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində Probasiya xidməti yaradılmaqla həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, məhkəmələr tərəfindən alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, bir ildən az müddətdə artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq olunub. Qısa müddətdə bu sahədə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək digər dövlətlər tərəfindən yerində öyrənilir, probasiya fəaliyyətinin ictimai əhəmiyyəti nəzərə alınaraq geniş təqdimatlar keçirilir. Təqdimatlarda qonaqlar Xidmətin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olub, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında innovasiyaları, bu sahədə məhkəmə praktikasında humanist yanaşmanı yüksək qiymətləndirib, elektron qolbaqların tətbiqi sayının artmasını məmnunluqla qarşılayaraq qısa müddətdə belə proqresə dünyanın nadir ölkələrində rast gəlindiyini vurğulayıblar.Tədbirdə həmçinin, qonaqlara ədliyyə sahəsində tətbiq olunan digər innovasiyalar və rəqəmsal texnologiyalar barədə məlumat verilib, notariat hərəkətlərinin asan və çevik aparılması, əhalinin məmnunluğunun təmin olunması üçün məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair mobil telefona yüklənən proqram təminatı nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31