Beynəlxalq yarışın qalibləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunmuş görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Şito-Ryu Karate-Do Klubunun vitse-prezidenti Fərhad Hacıyev, məşqçilər və BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev idmançıları uğurlu nəticələri  münasibətilə təbrik edib, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini bildirib.

İdarə müdiri onu da qeyd edib ki, ölkəmizdə məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı Azərbaycanın qarşıdakı illərdə bu sahədə daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Sonda beynəlxalq yarışda qazandıqları qalibiyyətlərinə görə məktəblilərə BŞTİ tərəfindən Təşəkkürnamə və hədiyyələr verilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Tehranda keçirilmiş karate üzrə beynəlxalq yarışda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 34 şagirdi parlaq nəticə göstərib. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31