Kölgəmi atdım başıma... (“Paralel dünyalar” silsiləsindən)
4 Mart 2019 14:31 SosialElçin Hüseynbəyli
...Qoca mələk dedi ki, kölgəni at başına, indi gözünə gün düşəcək.
-Kölgəmi? -deyə təəccüləndim.
-Hə, kölgəni, -etinasız halda dedi.
Kölgəni başa necə atmaq olar?
-Çox asan, əyil, götür at başına.
Əvvəl elə bildim ki, zarafat edir, amma diqqətlə baxanda gördüm ki, dediklərində və sifətində bir qətilik var.
Əyilib kölgəmi götürdüm və başıma çəkdim. Kölgəm etiraz da eləmədi, amma yaman ağır idi.
-Yaman ağırdı, -dedim.
-Hə, ağırdı, -deyə təsdiqlədi, - kölgələr ağır olur.
-Niyə?
-Çünki qədrini heç kim bilmir, onu asanlıqla tapdayıb keçmək olur. Onlar da getdikcə qalınlaşırlar.
-Bəs sənin kölgən? Sənin kölgən niyə yoxdu?
-Mənim kölgəm, içimdədi. Kölgə ruh kimidi, əvvəlcə çöldə daşıyırsan, sonra içdə.
Bir az getmişdik ki, dayandıq, daha doğrusu, o dayandı, əlini gözünün üstünə qoyub uzaqlara baxdı. Mən də kölgəmin altından irəli baxdım, amma heç nə görmədim.
Yolumuza davam elədik. O, tez-tez yeriyirdi, mənimsə nəfəsim kəsilirdi, onunla ayaqlaşa bilmirdim. Gün batsaydı, ya buludun dalına girsəydi kölgəmi yerə atardım.
-Yoruldun, deyəsən?
-Həəəə, -deyə zırıldadım.
-Kölgəni çıxart, nəfəsini al, burda Günəş elə də güclü deyil.
Kölgəmi yerə atdım, yüngülləşdim. Dincimi alandan sonra:
-Sənin neçə yaşın var? - deyə uşaq kimi qəfildən soruşdum.
Əvvəlcə mənim bu sualıma təəccübləndi, diqqətlə üzümə baxdı. Sualımın ciddiliyini görəndə etinasız halda:
-Mənim yaşım yoxdu ki, -dedi.
-Necə yəni yoxdu?
-Yoxdu da!
-Ölümsüzsən, yəni?
-Yox, sadəcə zamansız və məkansızam.
Bir müddət yol getdik. Bir gölgəliyə çatanda dayandıq.
Bizdən o tərəfdə adamlar işləyirdilər, amma nə iş gördükləri məlum deyildi.
-O adamı tanıyırsan?- deyə qoca mələk adamlara əmr verən azman qocanı göstərib soruşdu.
-Tanımıram, amma deyəsən hardasa görmüşəm.
-O, sənin babandı.
-Hə, xatırladım. Şəkildə görmüşəm, -dedim və əlimi qoltuq cibimə salıb köhnə şəkli çıxartdım. -Bax budur.
Babam əmim uşaqları ilə birgə tut ağacının dibində oturmuşdu, daha doğrusu o oturmuşdu, uşaqlar isə ayaq üstəydilər.
Qoca mələk:
-Babandan nəsə soruşmaq istəyirsənsə, onu şəkildən çıxart.
-Necə?
-Kölgəni götürdüyün kimi, götür qoy yerə.
-Babam burda ola-ola, -deyə aralıda işləyən adamları göstərdim, - şəkil nəyə lazımdı ki, yaxınlaşıb soruşaram da!?
-Olmaz.
-Niyə?
-Çünki o səni tanımayacaq. Ona görə də heç nə soruşa bilməzsən. Həm də babanın ruhu burdadır, səninki yox. Ona görə də səni heç eşitməyəcək də. Şəkil başqa məsələ. Orda zaman donub...
Daha heç bir sual vermədim. Babamı şəkildən ehmalca götürüb yerə qoydum. Azman kişiydi. Dəyişib eləməmişdi...
Babam üzümə baxdı. Deyəsən, məni tanımadı. Yəqin çox dəyişilmişdim.
Qoca mələk:
-Babana sualın var?
-Hə, var.
-Soruş.
-Baba, -dedim, - mən tanımadın? Sənin nəvənəm də!
O, maddım-maddım üzümə baxdı, gözlərini qıydı, amma heç nə demədi, eləcə başını buladı.
-Mən, -dedim, - lənətin kökünü axtarıram. Nəslimizi lənətləyiblər. Siz bura gələndən sonra işlərimiz düzəlmir, elə hey əyilir. Bəlkə sən biləsən?
O, bir müddət susdu. Günahkar adamlar kimi başını aşağı saldı, sonra zorla eşidiləcək səslə:
-Məni o qadın lənətləyib, -dedi, -məndən də sizə keçib.
-Səlimin arvadı?
-Hə, o, qarğadı məni, nəslimizi, hamımızı...
Susduq. Amma mən ona bir sual da vermək istəyirdim. İstəyirdim soruşam ki, həmin daxmada, Səlimi öldürəndən sonra onun dul arvadına nəsə edibmi. Amma utandım. Babamın da danışmağa həvəsi yoxuydu. Ona görə də onu götürüb, yerinə qoydum. Sonra Qoca mələyə tərəf dönüb:
-Bəs bunları necə? - deyə əmim uşaqlarını göstərdim.- Onları da götürə bilərəm?
-Yox, bunu eləmə. Onda bu dünyaya gələrlər. Onlar hələ orda lazımdılar.
Babamı yerinə qoymağa peşman oldum. Ona görə də əlimi şəklə nə qədər sürtsəm də, xeyri olmadı.
Qoca mələk:
-Onu daha götürə bilməzsən. Zaman keçdi, axdı getdi...
Mart, 2019