Azərbaycan təhsilinin uğurlu inkişaf yolu- Təhlil
4 Mart 2019 12:07 SosialBu sahədə görülən işlər və qarşıya qoyulan strateji hədəflər onun parlaq gələcəyindən xəbər verir
Yaxşı xatirimdədir həmin illər. Axı mənim də orta məktəbdə oxuduğum illər 70 il bir çətir altında yaşadığımız Sovetlər İttifaqında çatların baş verdiyi, müttəffiq respublikalarda, xüsusilə də Azərbaycanda azadlıq, müstəqillik şüarlarının geniş yayıldığı, xalqın suverenlik tələbi ilə meydanlara çıxdığı, ən nəhayət müstəqillik qazandığı ilk illərə təsadüf edirdi. Məktəbli olmağımıza baxmayaraq o zaman siyasi baxımdan bizlər deyərdim ki, çox yetişmişdik. Çünki ölkə həyatında baş verən hər bir hadisə istər-istəməz günlük həyatımıza da təsir edir, öz müsbət və ya mənfi tərəflərini göstərirdi. Desəm ki, cərəyan edən bu və ya digər proseslərin daha çox mənfi təsirir olurdu, heç də səhv etmiş olmaram.
Gəncləri təhsildən uzaqlaşdıran
başlıca amillər
Paytaxt Bakıda keçirilən kütləvi aksiyalar, Azadlıq Meydanında günlərlə davam edən mitinqlər bölgələrə də təsirsiz ötüşmür və rayonlarda da paytaxta dəstək aksiyaları keçirilirdi. Etiraf etmək lazımdır ki, həmin illər doğulub boya-başa çatdığım Yevlax şəhəri regionlar üzrə ümumxalq mitinqlərinə dəstək verən ən fəal rayonlardan hesab edilir və Yevlaxda keçirilən aksiyalara hətta ətraf şəhər və rayonlardan da dəstək nümayiş etdirilirdi. Təbii ki, bütün bu proseslər rayonun bütün sahələri kimi təhsil sahəsinə də təsirsiz ötüşmür, nəinki müəllimlər, hətta məktəblilər belə dərsdə iştirak etməkdən daha çox, mitinqlərə getməyə üstünlük verirdilər. Heç şübhəsiz ki, bu da təhsilin səviyyəsinin aşağı düşməsi, gənclərin elmdən, təhsildən uzaqlaşması kimi hallara gətirib çıxarırdı. Yadımdadır ki, mitinqlər bir qayda olaraq saat 3-4-dən sonra başladığı üçün günün ikinci yarısında dərslərin böyük əksəriyyəti boş keçirdi. Beləliklə, bilərəkdən və ya bilməyərəkdən xalqın, millətin gələcəyini məhvə sürükləyir, gələcək nəsilin elmsiz, savadsız böyüməsi üçün zəmin yaradırdılar. Elə bütün bunların nəticəsi idi ki, həmin illərdə rayon üzrə ali təhsil müəssisələrinə daxil olan gənclərin sayı əl barmaqlarının sayını belə tamamlamırdı. Desək ki, müstəqillik əldə etdikdən sonra bu sahədə ciddi irəliləyiş, müsbət tendensiya baş verdi, yenə də səhv etmiş olarıq. Çünki yenicə müstəqillik əldə etmiş ölkələr kimi Azərbaycanda da çoxlu sayda problemlər mövcud idi. Digər tərəfdən respublikaya rəhbərlik edən səriştəsiz hakimiyyətlərin yalnız öz kreslolarını qorumaq və xalqın qəzəbinə tuş gəlməmək üçün vətəndaşların qarnını doyurmaq kimi prinsipə üstünlük verməsi digər sahələr kimi təhsil sahəsində də bu vaxta qədər yığılıb qalmış problemlərin həllini mümkünsüz edirdi. Respublikanın hər bir sahəsində yaşanan mənfi tendensiya bu və ya digər dərəcədə təhsil sahəsinə də təsirsiz ötüşmürdü ki, bu da nəticə etibarilə ölkədə ümumilikdə təhsilin səviyyəsinin aşağı düşməsinə, gənclərin elm arxasınca deyil, əsasən maddiyyat dalınca getməsinə gətirib çıxarırdı. Əslində həmin illərdə gəncləri qınamaq da doğru deyildi. Çünki müəllimə sanki ilahi qüvvə kimi baxan, onun yerində olmasını arzulayan və bunu qarşısına hədəf qoyan şagird dərsdən sonra elə həmin müəllimi bazarda piştaxta arxasında görəndə, yaxud usta kimi təmir işləri ilə məşğul olduğunu biləndə nəinki müəllim olmaq arzusundan yan keçir, hətta elmə, təhsilə belə nifrət hissi ilə yanaşırdı. Ali təhsil aldıqdan sonra özünü bazarda piştaxta arxasında gördüyü üçün elmdən uzaqlaşırdı.
Həmin illərdə ölkədə kommunal sahədə yaşanan ciddi problemlər də təhsil sahəsinə təsirsiz ötüşmürdü. Təbii qazın olmaması, elektrik enerjisinin fasilələrlə verilməsi məktəblərdə dərs prosesinə öz mənfi təsirini göstərirdi. Qış aylarında dərsdə papaq və palto ilə oturmağımız, soyuqdan donan əllərimizin qələm tuta bilmədiyi indi də yaxşı xatirimdədir. Yaxud elektrik enerjisinin fasilə ilə verilməsi günün ikinci yarısına təsadüf edən dərslərin axşam saatlarında keçilməməsi ilə nəticələnirdi. Beləcə mən qarışıq əksəriyyət təhsildən, elmdən uzaq düşürdü. Ancaq bizlərdə bir ümid də vardı. "Yaman günün ömrü az olar" deyən müəllimlərimizə az da olsa inanmaq istəyirdik.
Nəhayət, hər kəsin səbirsizliklə gözlədiyi zaman yetişdi. Bu ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı idi. Qısa zamanda dərin siyasi təcrübəsi və idarəetmə bacarığı ilə ölkədə həllini gözləyən əksər problemləri yoluna qoymağı bacaran ümummilli lider təhsil sahəsində mövcud olan problemlərin də həlli məqsdilə ardıcıl və məqsədyönlü addımlar atdı. Çünki Heydər Əliyevin özü də qeyd edirdi ki, bir millətin gələcəyi onun elmli, savadlı gənclər ordusunun yetişməsindən asılıdır. Ona görə də təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olmaq da Heydər Əliyev üçün başlıca prioritet idi. Qeyd etdiyimiz kimi ümummilli liderin hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə, eləcə də Moskvada çalışdığı illərdə bu sahədə atmış olduğu addımlar və dərin siyasi təcrübə qısa zamanda təhsil sahəsində ciddi irəliləyiş baş verəcəyinə inam yaradırdı. Təsadüfi deyil ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanda yeni təhsil quruculuğu dövrü kimi xarakterizə edilir. Eyni zamanda bu dövr Azərbaycan təhsilinin əsl intibah illəri kimi də qiymətləndirilir. Məhz həmin illərdə Heydər Əliyev müstəqil Azərbaycanın dünya standartlarına uyğun təhsil islahatları əsasında yeni milli təhsil quruculuğuna start verdi. Tezliklə orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş verdi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı, tikinti-quruculuq işləri həyata keçirildi. Bu mənada Heydər Əliyev görülən işlərə qiymət verərkən deyirdi ki, biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq: "Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək".
Azərbaycan təhsili yeni mərhələdə
Təhsil sahəsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir. Bu istiqamətdə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə imkan yaradır. Bütün bunlar isə öz növbəsində Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bu gün qətiyyətlə deyə bilərik ki, günümüzdə Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 il ərzində bu sahədə gördüyü işlər, atdığı addımlar belə deməyə əsas verir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar, yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, gənclərin ali təhsil alması üçün dünyanın aparıcı universitetlərinə göndərilməsi, müəllimlərin hər il təltif edilməsi, onlara fəxri adlarınn verilməsi, təhsil sahəsində çalışanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin artırılması və s. Cənab İlham Əliyevin təhsil sahəsində atmış olduğu mühüm və məqsədyönlü addımlardandır. Məsələn, son 15 il ərzində respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəəssisələri bərpa və əsaslı təmir edilib. Bununla yanaşı şagirdlərin dərsə gediş-gəlişini yaxşılaşdırmaq, yaşayış məntəqələri ilə məktəblər arasında məsafə uzaqlığını aradan qaldırmaq məqsədilə modul tipli məktəblərin də inşası həyata keçirilir ki, bu da təhsil sahəsində atılan ən mühüm addımlardan sayıla bilər.
Sevindirici haldır ki, təhsil sahəsində atılan addımlar, həyata keçirilən islahatlarda dövlətlə yanaşı, qeyri-dövlət təşkilatlarının da rolu var və onlar da bu istiqamətdə mühüm tədbirlər həyata keçirirlər. Bu mənada Heydər Əliyev Fondunun, xüsusilə də fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti və xidmətləri xüsusi qeyd edilməlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb binaları" proqramı çərçivəsində ötən illərdə ölkə ərazisində çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilib, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Bu mənada tam əminliklə deyə bilərik ki, təhsil sahəsində Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi xidmətlər misilsizdir.
Təhsil inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi
Bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Dünya elm və informasiya cəmiyyətinə inteqrasiya da dövlətimizin siyasətinin ana xəttini təşkil edir. Çünki, innovasion cəmiyyət, insan resurslarının və intellektual kapitalın, dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrildiyi cəmiyyətdir. Belə cəmiyyət bilik iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə çevrilməsini şərtləndirir.
Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Təsadüfi deyil ki, elə dövlət başçısı da Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. Prezident bildirib ki, gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar".
Göründüyü kimi günümüzdə təhsil sahəsində görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün