Elbay Qasımzadə: Memarlıq və şəhərsalmada görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir

Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir.

Bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

Elbay Qasımzadə bildirib ki, son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində çox böyük işlər görülüb - şəhərlərimizin abadlığı, yeni-yeni memarlıq əsərlərinin yaranması, tarixi irsimizin qorunub saxlanılması, memarlıq abidələrinin bərpası: "Bu işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir. Bizim ölkəmizin Mədəniyyət Nazirliyinin abidələrə olan diqqəti, Sizin Sərəncamınızla nazirliyin tərkibində yaranmış Dövlət Xidməti, bunlar hamısı, əlbəttə ki, tarixi irsimizin qorunub saxlanılması üçün çox böyük zəmindir. Bunu təkcə biz yox, bizim beynəlxalq peşəkar qurumlar da görürlər. Ötən ilin mart ayında Siz Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini qəbul edərkən bu yüksək qiymətləri onların özlərindən eşitdiniz. Onlar bunu söylədilər və inanın ki, biz o görüşdən ayrılandan sonra Sizin memarlıq, memarlıq sənəti haqqında yüksək peşəkarlıq səviyyəsində verdiyiniz məlumat onlara çox böyük təəssürat bəxş etdi. Bunun sayəsindədir ki, Azərbaycan memarlığı bu gün dünyada tanınır. Beynəlxalq Memarlar İttifaqının 134 üzvü var. Yalnız 25 nəfər Şuranın üzvü var və onlardan biri də Azərbaycan təmsilçisidir. Bu, həqiqətən böyük nailiyyətdir. Bu nailiyyətə biz Sizin səyləriniz nəticəsində gəlib çıxmışıq".

O xatırladıb ki, bu il iyun ayının 7-dən 11-nə qədər Bakıda tarixi şəhərlər və turizm mövzusunda beynəlxalq forum keçiriləcək: "Bu forum Sizin dəstəyinizlə keçirilir. Əlbəttə, biz xoşbəxt olarıq ki, o forumun açılışında hər ikiniz iştirak edəsiniz, imkanınız, vaxtınız olsa. Bu forumdan sonra ayın 11-də Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyası keçiriləcək. Bu assambleyanın təşkil olunması üçün adətən müsabiqə keçirilir. Bu dəfə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi qərara gəlib ki, bunu Bakıda müsabiqəsiz keçirsin. Bizim Şuranın növbəti iclasında bəzi üzvlər məsələ qaldırdılar ki, niyə müsabiqəsiz olur, niyə Azərbaycanda olmalıdır? Yəni, gəlin müsabiqə elan edək, kim qalib gələrsə, bunu götürər. Sizin artıq tanıdığınız Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier dedi ki, mən sizə bir sual verəcəyəm, əgər mənə cavab verə bilsəniz, mən bu mövzunu davam etdirərəm. Soruşdu ki, neçə illərdir hamınız Beynəlxalq Memarlar İttifaqının rəhbərliyindəsiniz və üzvüsünüz. Mənə deyin görüm, Azərbaycandan başqa hansı ölkədə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini cənab Prezident qəbul edib. O dəqiqə mübahisə aradan qaldırıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31