DİN-də şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib
26 Fevral 2019 14:58 SosialDaxili İşlər Nazirliyində Xocalı soyqırımı zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib. DİN-dən "OLaylar"a verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 27 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı İsmət Əliyev işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirib. Nazir müavini xüsusilə vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır.