Bələdiyyələr müstəqil qurumlar olsalar da, fəaliyyətləri dövlətin siyasi maraqlarına zidd deyil- Təhlil
26 Fevral 2019 13:18 Sosialİdarəetmə nəzəriyyəsində əsasən idarəçiliyin müxtəlif növləri və formaları vardır. Buraya özəl sektor, içtimai və digər təşkilatlarda müxtəlif idarə etmə formaları daxil olsa da, insan və cəmiyyətin idarəçilik mexanizmi dedikdə birmənalı olaraq mərkəzi dövlət hakimiyyətini təmsil edən dövlət idarəçiliyi və yerli özünü idarəetmə orqanı olan bələdiyyə idarəçiliyi başa düşülür. Sual yarana bilər ki, dövlətin ayrı-ayrı sahələrini tənzimləyən mərkəzi hakimiyyətin idarəçilik aparatı mövcud olduğu təqdirdə cəmiyyətin idarə olunmasında "dualist" ikili formalı idarəçiliyə, yəni eyni zamanda dövlət və yerli özünü idarəetmə orqanı olan bələdiyyə idarəçiliyinə nə ehtiyac vardır?
Union Lizinq ASC-nin hüquqşunası Fərman Salmanlı deyir ki, dövlət idarəçiliyi və yerli özünü idarəetmə orqanları quruluş və mahiyyətinə görə müxtəlif xarakterli sistemlər olsalar da, məqsədləri və fəaliyyətləri baxımından zidd təşkilatlar deyillər. Əksinə dövlət və yerli özünü idarəetmə ortaq maraqları və hədəfləri istiqamətində bir-birlərinin fəaliyyətinə mane olmadan krdinasiyalı olaraq əməkdaşlıq edirlər: "Məlumdur ki, idarəetmə formasından aslı olmayaraq istər dövlət aparatı, istərsə də bələdiyyə sisteminin əsas məqsədi insanların sosial rifahı və rahat həyat sürməsinin təmin edilməsidir. Buna görə də dövlət və bələdiyyə idarəçilik sistemlərinin qarşılıqlı fəaliyyətinin əsasını öncədən müəyyənləşdirilmiş səlahiyyətlərin bölgüsü prinsipi təşkil edir. Səlahiyyətlərin bölgüsü prinsipinin tənzimlənməsi normativ hüquqi aktlar əsasında həyata keçirilir. Demək ki, dövlət idarəçilik aparatı ilə yerli özünü idaretmə orqanlarının arasında oxşar və fərqli cəhətləri olsa da, nəticə etibari ilə hər iki idarə etmənin təməlində insan amili durur. Yəni cəmiyyəti və insanları idarə edən istənilən idarəçilik orqanın prinsiplərinə əsasən insan idarəçiliyə deyil, əksinə idarəçilik insana xidmət edir. Dövlət və bələdiyyə idarəçiliyinin fəaliyyətləri necə tənzimlənir? Hər iki orqanın səlahiyyətlərinin əhatə dairələri, maraqları harada toqquşur və səlahiyyətlərinin kəsişdiyi sahələr necə müəyyənləşdirilir? Dövlət idarəçilik sistemi və bələdiyyə idarəçiliyinin nəzəri əsaslarını müqayisə etməklə hər iki idarəçilik modelinin fərqlərini və oxşar cəhətlərini müəyyən etmək və suallara cavab tapmaq mümkündür. Dövlət və yerli özünü idarəetmənin oxşar və fərqli tərəflərini araşdırmaqdan öncə hər iki qurumun mənşəyi, formaları və quruluşu haqqında nəzəriyyələrini araşdırmağa ehtiyac vardır. Dövlətin mənşəyi haqqında siyasi-fəlsəfi anlayışlar müxtəlif olsa da, ümumi qəbul edilmiş anlayışa əsasən dövlət müəyyən ərazidə yaşayan, ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. Dövlətlərin yaranma səbəbləri zaman, məkan və əlverişli şəraitə görə fərqli olduğundan dövlətlərin yaranması haqqında fərqli yanaşmalar və nəzəriyyələr irəli sürülüb. Dövlət haqqında nəzəriyyələrin ana xətiini dövlətin mahiyyəti, xarakteri və yaranma səbəbləri təşkil edir. Hamı tərəfindən qəbul edilmiş nəzəriyyəyə əsasən dövlət mahiyyət etibari ilə siyasi sistemin bütün əlamətlərini və funksiyalarını özündə birləşdirən siyasi mexanizmdir. Bu mexanizmin hərəkətverici qüvvəsi dövlətlərin təşəkkül tapdığı zamanlardan bəri mövcud olan dövlət aparatı, yəni dövlət idarəçilik instutudur. Dövlət xarketerinə və quruluşuna görə siyasi birlikdir. Bu birliyə həmin birliyin ərazisi, əhalisi daxil olmaqla eyni zamanda müəyyənləşdirilimiş sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirən prinsiplər daxildir".
Fərman Salmanlı bildirib ki, dövlət siyasi hakimiyyətin təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən ümum məcburi hüquqi normalara və bu hüquq normaların tətbiqini həyata keçirən təşkilati gücə malikdir: "Bu təşkilati güc inzibati dövlət idarəçiliyi prinsipi üzərindən həyata keçirilir. Dövlət idarəçiliyinin forma və məzmunu haqqında müxtəlif siyasi nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələr dövlətin quruluşunu, funksiyalarını və əlamətlərini müəyyənləşdirir. Dövlət idarəçiliyinə klassik yanaşma nəzəriyyəsinə görə dövlət idarəetməsi inzibati-dövlət prinsipinə əsaslanır. Hüquq nəzəriyyəsinə əsasən inzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir.
Siyasi nəzəriyyələrdə dövlət idarəçiliyi haqqında müxtəlif anlayışlar əksini tapır. Dövlət idarəçiliyi dedikdə dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bir digər tərifə görə dövlət idarəçiliyi dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat fəaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq məqsədilə praktiki, təşkiledici və insanların davranışlarının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Buraya insanların ictimai-iqtisadi və siyasi fəaliyyətinin idarə olunması prinsipləridə daxildir".
Bəs yerli özünü idaretmə sisteminin mahiyyəti və fəaliyyət fomaları nələrdir?
Fərman Salmanlı deyir ki, yerli özünü idarəetmə sistemi yarandığı dövürlərdən özünə məxsus idarəetmə formasına malik yarımmüstəqil fəaliyyət göstərən idarəçilik quruluşuna sahibdir: "Bələdiyyə idarəetməsinin forma və mahiyyəti araşdırılarkən bələdiyyələrin keçdiyi tarixi inkişaf mərhələləri, fəaliyyətlərinin iqtisadi əsasları, bələdiyyənin yerləşdiyi coğrafi məkan və fəaliyyətlərini tənzimləyən müvafiq hüquq normaları birlikdə nəzərdən keçirilməlidir. Bəzi hallarda bələdiyyələri yarımmüstəqil kiçik dövlətlər və yaxud öz-özünü idarə edən vətəndaş cəmiyyəti "İcma" adlandırırlar. Dəqiq yaranma tarixi rəsmi olaraq bilinməsə də, Avropada hələ orta əsrlərdən məlum olan yerli özünüidarə etmənin izləri daha qədim dövrlərə, hətta İtaliya şəhər dövlətlərində eramızdan əvvəl II əsrə qədər uzanması tarixi gerçəklikdir. Bəlkə də ilk dövlətlərin əsası elə yerli özünü idarəetmənin təməlləri üzərində qoyulub"
Ekspertin sözlərinə görə, yerli özünü idarəetmənin anlayışını verərkən ilk öncə qeyd edilməlidir ki, bələdiyyə orqanları dövlət qurumu deyil: "Dövlət idarəetmə aparatı və yerli özünü idarəetmə fərqli xüsusiyyətlərə malikdirlər. Mərkəzi hakimiyyət tərəfindən inzibati üsul və qaydalarla həyata keçirilən dövlət idarəçiliyindən fərqli olaraq yerli özünü idarəetmə sakinlərin yerli problemlərin həllində müstəqilliyini əldə etmiş idarəçilik formasıdır. Yəni dövlət idarə etməsinin əsasını cəmiyyətin siyasi birliyi prinsipi təşkil edirsə, yerli özünü idarəetmənin funkiyası daha çox lokal məsələlərin həlli və sosial xidmət məsələləri ilə məhdudlaşır. Yerli özünü idarə etmə orqanları müstəqil büdcəyə sahib olmaqla yerlərdə dövlətin müdaxiləsi olmadan yerli əhəmiyyətli məsələlərin həllini müstəqil sürətdə həyata keçirən idarə etmə sistemləridir. Lakin bələdiyyələr müstəqil qurumlar olasalar da, fəaliyyətləri dövlətin siyasi maraqlarına zidd deyil. Əksinə bələdiyyələr dövlətin qanunları və hüquq sistemi daxilindədirlər və dövlətin güclənməsinə xidmət edən təsisatlardır. Çünki bələdiyyələr yerli əhəmiyyətli məsələləri dövlətin dəstəyi olmadan cəmiyyətin daxili imkanları hesabına həll etməklə dövləti bu yükdən azad etmiş olurlar".
Məhəmməd