Prezidentin ölkəmizin şəhər və bölgələrinə hər bir səfəri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır- RƏY
22 Fevral 2019 16:17 SosialÇünki bu səfərlər quruculuğu, inkişafı və tərəqqini özündə ehtiva edir
Azərbaycanın sürətli inkişafı bütün sahələrdə tərəqqinin əldə olunması üçün zəmin yaradır. Bu gün ölkədə həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasət bir vaxtlar iqtisadiyyatımızın əsasını təşkil edən neft sektorunun deyil, eyni zamanda qeyri-neft sektorunun da inkişafına səbəb olub. "Neft bizim üçün məqsəd deyil, vasitədir" deyən dövlət başçısı Cənab İlham Əliyevin bu fikirlərindən irəli gələrək ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönləndirilməsi ötən illər ərzində bu sektorunda inkişafında müsbət dinamika ilə müşahidə olunub.
Bu gün artıq Azərbaycan sənayeləşməyə doğru gedir və yaradılan iri sənaye şəhərləri bu sahənin də inkişafına təkan verir. Artıq bir çox bölgələrdə yaradılan sənaye şəhərləri həm həmin bölgələrin inkişafına, həm də yeni iş yerlərinin açılmasına, yeni-yeni sənaye məhsullarının istehsal və emalına imkan yaradır. Ən əsas məqam istehsal edilən məhsullara xarici ölkələrdə tələbat artır ki, bu da dünyada Azərbaycan brendinin tanıdılmasına gətirib çıxarır. Müsbət məqam ondan ibarətdir ki, bu tendensiya artan xətt üzrə gedir və inkişaf dinamikası qeydə alınır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində yeni bir zavodun işə düşməsi bunun əyani sübutudur. Milli Məclisin deputatı Mirzəcan Xəlilov da deyir ki, bu cür layihələr həmin regionun inkişafına müsbət təsir göstərir. Millət vəkili bildirib ki, Sumqayıt şəhəri də bu baxımdan öz inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, dövlət başçısı Cənab İlham Əliyev də Sumqayıta ciddi diqqət və qayğı ilı yanaşır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin şəhər və bölgələrinə hər bir səfəri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki bu səfərlər quruculuğu, inkişafı və tərəqqini özündə ehtiva edir. Bu baxımdan fevralın 18-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının Sumqayıta hər səfəri zamanı yeni-yeni müəssisəslərin açılışı gerçəkləşir. Bu da bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına xidmət edir".
Millət vəkili deyib ki, ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan məqsədyönlü siyasət sayəsində təkcə son vaxtlarda bir neçə iri istehsal müəssisəsi fəaliyyətə başlayıb və respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib: "Fevralın 18-də isə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən daha bir nəhəng sənaye müəssisəsi - yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlət başçısı müəssisənin kollektivi ilə görüşündə yeni istehsalatın istifadəyə verilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edim ki, "SOCAR Polymer"in istifadəyə verilməsi Azərbaycanın qeyri-neft ixracını 15 faiz artırır. Bütövlükdə, Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır. Xatırladım ki, Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada bir sıra böyük müəssisələr fəaliyyət göstərir. Sumqayıtda yeni sənaye istehsalatlarının istifadəyə verilməsi ilə paralel şəkildə, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və abadlaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu gün Sumqayıt yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Ümumiyyətlə, son vaxtlarda şəhərin inkişafı ilə bağlı böyük işlər görülüb, burada müxtəlif təyinatlı infrastruktur obyektləri istifadəyə verilib. Sumqayıt bulvarının salınması, yeni parkların, digər istirahət guşələrinin istifadəyə verilməsi sakinlərdə böyük məmnunluq yaradır. Cənab Prezidentin fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olması və şəhər sakinləri ilə səmimi söhbəti xalq-Prezident birliyinin bariz nümunəsidir. Bütün ölkə vətəndaşları kimi sumqayıtlılar da Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının siyasətini birmənalı şəkildə dəstəkləyirlər".
Füzuli