Əməkhaqlarının və pensiyaların artımının inflyasiya yarada biləcək mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulmur- Şərh
22 Fevral 2019 13:15 SosialAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu günlərdə imzaladığı bir neçə fərman və sərəncamla bir daha əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, onun rifah halının yaxşılaşdırılmasına nə dərəcədə diqqətlə yanaşdığını sübut etdi. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin imzalamış olduğu müvafiq sənədlər əsasında minimum əmək haqqı, eləcə də əmək pensiyalarının sığorta hissəsi artırıldı. Bundan əvvəl isə dövlət başçısı şəhid ailələri, onların vərəsələri ilə bağlı atmış olduğu addımla daim sosial müdafiəyə ehtiyacı olan şəxslərin yanında olduğunu bir daha sübuta yetirmişdi. Ancaq maraqlısı odur ki. hər şeyi qara görməyə çalışan müəyyən qüvvələr dövlət başçısının müvafiq fərman və sərəncamlarına başqa aspektdən yanaşır, atılan müsbət addıma kölgə salmağa çalışırlar. Eyni zamanda bu addımın inflyasiyaya səbəb olacağı barədə də fikirlər səsləndirilir. Bəs görəsən bu nə dərəcədə mümkündür? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq şöbə müdiri Elman Babayev qeyd edir ki, minimum əməkhaqqının və minimum pensiyaların məbləğində cari ilin martın 1-dən təqribən 40 faizə yaxın artım baş verəcək. Onun sözlərinə görə, təbii ki, artımlar əhalinin pul gəlirləri və inflyasiya göstəriciləri arasında tarazlığın saxlanması kimi vacib məsələlərə diqqətin daha da artırılmasını zəruri edir: "Baş verəcək artımlar ölkədə inflyasiyaya təsir edə bilərmi? Məsələnin mahiyyətinə varmaq üçün ilk öncə inflyasiyanın nə olduğunu dəqiqləşdirmək lazımdır. İqtisadi ədəbiyyatdan məlum olduğu kimi, inflyasiya mal və xidmətlərin ümumi dəyərinin davamlı olaraq artmasıdır. İnflyasiyaya təsir edən bir neçə amil vardır ki, onlara məcmu tələbin artması, məcmu təklifin azalması, maya dəyərinin artması və s. aid olunur. Bütün malların deyil, bir və ya bir neçə malın dəyərinin artmasının inflyasiya olmadığını da xüsusilə vurğulamaq lazımdır. Azərbaycanda təklif olunan mal və xidmətlərin kəskin azalması üçün təsiredici heç bir səbəb olmadığından müəyyən qədər artacaq məcmu tələbin inflyasiya doğuracağı gözlənilən deyil. Yəni, davamlı gəlir əldə etmək istəyən sahibkarın səbəb olmadan istehsalı azaldacağı ağlabatan deyil. Belə ki, bu sahədə dinamik inkişaf davam etməkdədir. Bundan başqa, qiymətlərin artımının təsir edə biləcəyi sahələr dövlətin diqqətindədir və bu sahələrə müxtəlif vasitələrlə yardımlar davam etdirilir. Bu mənada xüsusilə aqrar (gübrə, texnika verilməsi) sahəyə və əhalinin özünüməşğulluğu ilə bağlı edilən yardımları qeyd etmək mümkündür". Elman Babayev bildirib ki, eyni zamanda, dövlət büdcəsinin kəsirinin artımı proqnozlaşdırılmır: "Burada xüsusi olaraq bir cəhəti vurğulamaq lazımdır. Yəni, istər əməkhaqlarının, istərsə də pensiyaların artımının inflyasiya yarada biləcək mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulmur. Əməkhaqqının artması səbəbindən istehlak mallarının maya dəyərinin artması amilinə gəldikdə isə burada hər hansı dəyişikliklərin olması və bu təsirin idarə olunması da tam mümkündür. Qeyd olunmalıdır ki, qiymətlərin stabil azalması onların artmasına nisbətən iqtisadi inkişaf üçün az mənfi təsir etmir. Məsələn, hər hansı növ kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin sayının artması, bazarda həmin məhsulu təklif edənlərin sayının artmasına, təbii olaraq həmin məhsulun qiymətinin azalmasına səbəb olacaqdır. İlk baxışdan vətəndaşlara faydalı görünən bu hal, əslində, qiymətin düşməsi nəticəsində gözlənilən gəliri əldə edə bilməyən istehsalçıların digər sahədə istehsalla məşğul olmağa təşviq edəcəyindən həmin məhsulun qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaqdır. Əvvəlki illərin təcrübəsinə əsasən deyə bilərik ki, hər hansı ilkin istehlak malının qiymətinin əsassız olaraq artırılması hallarında iqtisadi vasitələrlə qiymətlərin tənzimlənməsi alətlərindən də hər zaman uğurla istifadə olunmuşdur.
Bütün bu qeyd olunanlara rəğmən, inflyasiya təzyiqi gözləniləndir. Bu təzyiqin azaldılması üçün hökumət əsas antiinflyasiya alətlərindən istifadə etməlidir. Belə ki, ehtiyatlı fiskal siyasət, eləcə də iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması kimi amillərdən istifadə gücləndirilməlidir. Bu kimi tənzimləmələr davam etdirilərsə, inflyasiyanın yaranma ehtimalı daha da az olar".
Süleyman