"Atomu parçalayan" aşıqlar- MÜNASİBƏT

Ata-babaları  vikinqlərdən olan amerikalı aşıq Uilyam: "Amerikada saz yoxdur. Amerikaya gedəndə qardaşlarım üçün saz aparacağam.

4 yaşlı qızım bağçaya Azərbaycan bölməsində gedir. Deyir ki, "Ata, zəhmət olmasa ifa et, xahiş edirəm "Maral çıxdı" oxu. Məncə, qızım saz çala bilər, amma özü seçməlidir."

Ata-babaları vikinqlər olmayan, əslən İmişlidən Kəramət Böyükçöl: "Sazı hələ evdə qalmış qız kimi bəzəyib-düzəyib Avropaya da aparmaq istəyirlər, deyən də yoxdur ki, a kişi qayıt dala, bu xrom çəkmə, bu geyimlə hara gedirsən?"

Amerikalı aşıq Uilyam və Kəramət Böyükçölün saz haqqında bu fikirləri arasında təxminən 1 aydan az vaxt var. Biri sazı müasir dünyanın mərkəzinə aparmaq istəyir, digəri isə onu məntiqsiz və savadsız musiqi aləti adlandırır.

Uilyamdan saza qarşı milli dəyərlər hiss etməsini gözləyə bilmərik. Bu alətin babası ozan, ulusu qopuz olduğunu da ona anlatmağa ehtiyac yoxdur. Sazın şərq aləmində qədim tarixi ilə bağlı uzun-uzadı məlumatların verilməsi amerikalı aşıq üçün heç nəyi dəyişməyəcək. İfa etdiyi musiqi alətinin Azərbaycan dastanlarında qəhrəmanın həm şad-xürrəm günlərində, həm də fikirli olanda, savaşa girdiyi zamanda belə əvvəlcə saza baş endirməsinin onda o qədər də maraq doğurmayacağını düşünürəm. Həmçinin, Uliyama sazın azərbaycançılıq ruhunun qaynaqlarından biri  hesab edilməsini aşılamaq da böyük əhəmiyyət kəsb etmir. Heç bütün bunları öyrənməyə məcbur da deyil. Çünki musiqinin sərhədi yoxdur. O, sazı musiqi aləti kimi bəyənir və ifa etməkdən zövq alır.  Əslin vikinqlərdən də olsa sazda ifa etməyi sevə bilərsən, necə ki, Azərbaycan musiqi mədəniyyətində təkcə milli deyil, Avropa musiqi alətlərindən də istifadə edilir. Üzeyir Hacıbəyov da əbəs yerə deməyib ki, "Avropa musiqi alətləri və musiqi formaları bizim əsrlər boyu yaranmış zəngin, ahəngdar musiqimizi yeni mərhələyə qaldırar, onun dünyada yayılmaq imkanlarını xeyli genişləndirər".

Həmyerlimiz isə milli musiqi alətini "dınqıltı" adlandırıb, yumoristik alət kimi görür. Saz təkcə güldürmür, həm də dinləyiciyə müalicəvi təsir göstərir. Bu barədə Azərbaycanın tanınmış tibb tarixçilərindən tarix elmləri doktoru Fərid Ələkbərli "Şərqin min bir sirri" kitabında qədim Azərbaycanda musiqinin müalicəvi təsirinə dair maraqlı faktlarla çıxış edib. Azərbaycanın qədim çalğı alətlərinin və musiqi janrlarının xəstəliklərin müalicəsinə töhfələrini sıralayarkən cahilllik aləti olan saz (Kəramətə görə) haqqında yazıb ki, onunla ifa edilən musiqi sinir sistemini fəallaşdırır,insanı gümrah edir,əhval-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Ruh düşkünlüyündə fəaldır və bəd fikirləri insandan uzaqlaşdırır.

Lakin sazın ruhu deyil, məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra biləcəyini düşünən gənc yazarın statusunda bu fikirlər xüsusilə diqqət çəkir: "Elə musiqi alətləri var, ifaçısı atom parçalayır və yaxud, qlobal istiləşmə ilə mübarizə üçün nəzəriyyələr hazırlayır, nano texnologiyaların tibdə tətbiqini araşdırır. Bəs elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın? Yoxdur. Çünki beyinin gücü çatmır."

Doğrudur, musiqinin təsiri ilə nəyinki atomu parçalamaq, kosmosu da fəth etmək mümkündür. Lakin yazarın musiqi alətinə və onun ifaçısına  qarşı bu qədər tələbkar olmasını anlamaq olmur. Bu günə qədər kontrabasla atom parçalayan, akkordeonla nano texnologiyanın tibdə tətbiqini araşdıran, yaxud gitara ilə pandaların nəslinin niyə tükənməsinin səbəbini tapa bilən ifaçıdan xəbərimiz olmayıb.

Digər musiqi növləri  kimi aşıq musiqisini də hər kəs dinləməyə məcbur deyil. Lakin bu musiqi növü Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Hər hansı dinləyicinin musiqi zövqünə uyğun gəlsə də, gəlməsə də xalqın çoxəsrlik yaradıcılıq istiqamətlərindən birini özündə əks etdirən aşıq sənəti hər bir azərbaycanlı tərəfindən hörmətlə yanaşılmağa layiqdir.

Aşıqlar saz vasitəsilə məhəbbət və təbiət gözəlliyi, insan və onun xaraketini, xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsarətlərini, səciyyəvi milli xüsusiyyət kimi dinləyiciyə çatdırırlar.

Aşıq Ələsgər, Qurbani, Molla Cümə, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Cəlil və s. xalq aşıqları Azərbaycan musiqi mədəniyyətinə əvəzsiz tövhələr verib...

Zəhmət olmasa atomu da başqaları parçalasın...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31