Universitetdə imtahanlar ictimai nəzarət altında keçirilir
Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib. İctimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
16 Yanvar 2019 15:50 SosialBakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib.
İctimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
İmtahanlara nəzarət edən müəllim-koordinatorların bölgüsü ilə tanış olan İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar Tədris Departamenti nəzdindəki monitorinq otağında olub, auditoriyalarda keçirilən imtahan prosesini izləyib, yazı işlərinin kodlaşdırılması ilə tanış olub, imtahanların təşkilinə və aparılmasına baxış keçiriblər.
Məlum olub ki, 23 mindən artıq bakalavr və magistrantın iştirak etdiyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib.
İmtahanlara baxış keçiriləndən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri və media nümayəndələrinin Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovla görüşü zamanı imtahanların təşkili və keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, F.Qurbanov universitetdə görülən işlər, yeniliklər barədə məlumat verib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq yubileyə hazırlıq, tədbirlərin YUNESKO, İSESKO-da qeyd edilməsi, elmi-praktik konfransların, universitetin tarixini əks etdirən müxtəlif nəşrlərin hazırlanması məsələlərindən danışıb.