Sonda ölüm var…

("Yerlə göy arasında. Ruhumun kitabı" adlı yeni kitabımdan)

Zahir Məlikli

"Bir ömür yaşanır, bizdən əvvəlkilər də bu ömrü yaşayıb. Ən çox yaşayan Nuh əleyhuissəlam olub. Hədislərə görə 2500 il yaşayıb. Quran deyir ki, 950 il o, ancaq təbliğat aparıb. Tarixdə nə qədər bu dünyada ad qoyub gedən insanlar olub. Hər birimiz bu dünyada Allahın verdiyi işıqdqan, sudan, havadan istifadə edirik. Bunları Allah bizə verib və deyib ki, istifadə edin, amma bir gün biz görüşəcəyik. Deməli bir ayənin içərisində həm tohid var, həm məad var. Tohidlə məadın arasında da bir nübuvət var. Nübuvət nəbi sözündəndir, nəbi nəbədəndir, nəbə də xəbərdir. Xəbər gətirən deməkdir. Bütün bunları xəbər gətirənlər bizə çatdırır. Allahın xəbər gətirənləri, yəni Allahın elçiləri. Təkcə bir ayənin içərisində üsuliddin öz əksini tapır. Hamısının da bir-biri ilə bağlantıları var-Allah qüdrət sahibidir, Allah izzət sahibidir, Allah bütün kainatı yaradıb və bunu bizə görə yaradıb ki, bütün bunlardan nəticə çıxararaq Allahla görüşəcəyimizə yəqinlik tapaq. Əgər biz bütün bunları görürüksə və Allahla nə vaxtsa görüşəcəyimizə yəqinlik tapmırıqsa, deməli hadisələrə düzgün yanaşmırıq, əşyalara düzgün baxmırıq. Seyyid Əzim deyir:
İsm özi bir ismdir, amma müsəmma müxtəlif,
Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
İxtilafi-rəy ilə hər kimsə bir məna verib,
Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif.
Bəhri-vəhdət mövc edib, tişrə dağıldı qətrələr,
Oldular ol qətrələrdən dürrü-lala müxtəlif.
İnsanlar müxtəlif, hər şey müxtəlif, amma bunlar hamısı bir vəhdətə doğru gedir. Əgər mən yaradılanlara baxıb Allahı dərk edə bilmirəmsə, deməli mən düzgün baxmıram. Düzgün baxmaqda insana kömək etmək üçün Allah Quran nazil edib. Biz öz nəfsimizin əhatəsindən çıxa bilmirik, hər seyə öz marağımızın prizmasından baxırıq. Hətta dinin özünə öz marağımızla baxırıq, hətta etiqad üçün müctəhidi də seçəndə öz mənafeyimizi güdürük ki, kimin fitvaları daha mülayimdir. Əgər hər seyi öz istədiyimiz kimi etmək istəyiriksə biz Allah istəyəni görə bilərik? Əlbəttə yox. Əli əleyhissəlam deyir ki, mən nəyə baxdımsa onunla bərabər Allahı gördüm, onnan əvvəl Allahı gördüm, ondan sonra da Allahı gördüm. Bəs niyə o baxanda Allahı görür, mən baxanda görmürəm? Çünki biz onun kimi baxmırıq. Çünki biz hələ öz nəfsimizin əhatəsindən çıxa bilməmişik ki, əşyalara düzgün baxaq, düzgün qiymət verək ki, hər şeyi Əli əleyhissəlam kimi görək. Seyyid Əzim ona görə deyir:
Aləmi-pirü cavan oldiu müqəyyəd rəng ilə,
Ol səbəbdən olub, ey dust, əsma müxtəlif.
(Vəhdətə eylə nəzər kim, çizi - vahiddir haman,
Gərçisurətdə olub Fironu Musa müxtəlif.
Nur-eyni-nardır, həm nar-eyni-nurdur, 
Duzəxu cənnət olub surətdə, cana, müxtəlif.
Hüsnü eşqü aşiqü məşuq birdir, ey könül,
Seyyida hərgiz degil aləmdə əşya müxtəlif).
Burada məna odur ki, hamı aldandılar rəngə (rəng fars sözü olub hiylə, məkr deməkdir), dünyanın hiyləsinə. Ona görə sifətlər müxtəlif oldu.
Hiylə ərəb sözüdür, məkr hiylənin sinonimidir. Hiylə hail sözündəndir. Hail pərdəyə deyirlər. Hail, hiylə eyni kökdəndir. Hail pərdədir, pərdə də adamın qarşısını kəsən şeydir, qoymaz görməyə, qoymaz ki, qarşı tərəfi görəsən. Məkr və hiylə o şeyə deyirlər ki, o qarşı tərəfin qarşısında bir pərdədir. Pərdə də odur ki, sən nə etmək istədiyinin əslini qarşı tərəf bilməz. Ona görə ona hiylə deyirlər, pərdə deyirlər, məkr deyirlər. Onun yaxşı tərəfi də var, pis tərəfi də var. Məsələn Xəndək döyüşündə Peyğəmbərin tərəfi hiylə işlətdi, yaxşı mənada məkr edildi. İkisi də ağılın məhsuludur, yaxşı mənada edilsə də, pis mənada edilsə də. Fərq ondadır ki, o şey ki, pis bir şeyə işlədilir, dini-əxlaqda ona ağıl demirlər, ona şeytani əməl deyirlər. İmam Sadiq əleyhissəlamdan soruşurlar ki, ağıl nədir, deyir ki, ağıl odur ki, onun vasitəsi ilə Allahı tapırsan, ona ibadət edirsən. Ağıl odur ki, o insanı günah etməyə qoymasın. Dedilər ki, bəs Müaviyyə boyda ali hiyləgər adamda ağıl yox idi, cavab verdilər ki, ondakı da ağıldır, amma şeytana xidmət edir. Bizim cəmiyyətdə ağlı zəif işləyən adama sadəlövh deyirlər, hətta bəzilərinin ona yazığı da gəlir. El arasında ona türkəsaya deyirlər, cürbəcür adlar deyirlər. İslam belə adamları yaxşı qəbul eləmir, çünki pis mənada olan hiyləgərlər yaxşı adamları vurmaq üçün belə adamlardan, sadəlövh adamlardan istifadə edirlər. Tarixə baxaq-Əşərinin sadəlövh olmasından Əmr As istifadə etdi. O cür insanlar həmişə hiyləgər insanların əlində bir alət olurlar. Heç məğmun, ələ baxan, sadəlövh olmaq yaxşı bir şey deyil. Ona görə Allah deyir ki, ondan əvvəlkilər də məkr işlədiblər, hiylə işlədiblər. Tarix boyu Allaha qarşı, peyğəmbərlərə, imamlara qarşı, yaxş, təmiz insanlara qarşı həmişə məkrlər düzülüb, qoşulub. Amma nəticə nə olub. Allah deyir ki, Allah hər bir canlının nəfsinin nə qazandığını yaxşı bilir. ("Yələmu ma təfsiru kulli nəfs"(?). Sonra deyir: "tezliklə kafirlər biləcəklər ki, axirət evi kimə məxsusdur."
Nə olursan ol, sonda ölüm var. Gərək insan bu gününü heç zaman unutmasın. Nə qədər məkr, hiylə işlədirsən işlət, sənə elə gəlir ki, qarşı tərəfin bundan xəbəriu yoxdur, amma Allah deyir ki, sizin sirr bildiyiniz bütün əməllərinizdən mənim xəbərim var, sonda bütün əməllərinizə görə cavab verəcəksiniz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31