“Kütləvi çıxarış” kampaniyası Sabirabadın 7 kəndini əhatə etdi

"Kütləvi çıxarış" kampaniyası ilə vətəndaşlara birbaşa ünvanlarında, iş yerlərində hazır çıxarışlar təqdim olunur, qeydiyyat xidmətləri göstərilir. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək olan bu aksiyanın bayram ərəfələrində keçirilməsi isə ənənəvi hal alıb. "Kütləvi çıxarış" kampaniyası dekabrın 27-si Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabad rayonunda keçirilib. Bu sosial layihə rayonun 7 kəndində baş tutub. Belə ki, kampaniya Qalağayın, Nizami, Bulaqlı, Nərimankənd, Yastıqobu, Moranlı və Qaratəpə kəndlərini əhatə edib.Komitədən "Olaylar"a bildirilib ki, bu günə təsadüf edən kampaniya bu dəfə də vətəndaşların bayram əhval-ruhiyyəsini artırıb. İctimai aksiya çərçivəsində göstərilən xidmətlərdən istifadə etmək istəyən 200-ə yaxın vətəndaş səyyar mobil ofislərə müraciət edib. Belə ki, keçirilən aksiya çərçivəsində 135 sakinə əmlaklarına dair hazır çıxarışlar təqdim olunub. Qeydiyyata alınmış daşınmaz əmlaklardan 26-sı fərdi yaşayış evi, 20-si həyətyanı, 89-u kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaş isə hüquqmüəyyənedici sənədlərini komitə əməkdaşlarına təqdim ediblər. Sənəd qəbulu və hazır çıxarışların verilməsi ilə bərabər, sakinlərə hüquqi xidmətlər də göstərilib. Belə ki, daşınmaz əmlakın qeydiyyatı prosesi, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları ilə bağlı vətəndaşlar məlumatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31