Özbək mətbuatı ilə sıx əməkdaşlıq əlaqələri davam edir

Samir Abbasov: “Hər həftə ölkənin aparıcı sayt və mətbu orqanlarında ölkəmizə dair çoxsaylı məqalələr və məlumatlar yayımlanır” Əvvəli ötən saylarımızda

Samir Abbasov: "Hər həftə ölkənin aparıcı sayt və mətbu orqanlarında ölkəmizə dair çoxsaylı məqalələr və məlumatlar yayımlanır"

Əvvəli ötən saylarımızda

Azərbaycan mədəniyyətinin müxtəlif ölkələrdə təbliğ edilməsində, onun tanıdılmasında həmin ölkələrdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin rolu xüsusi qeyd edilməlidir. Hazırda dünyanın bir çox ölkələrində bu kimi mərkəzlər fəaliyyət göstərir ki, onlar damədəniyyətimizin təbliğ edilməsində fəal iştirak edir, müxtəlif layihələr, tədbirlər həyata keçirməklə Azərbaycanı, onun adət-ənənənləri, mədəniyyətini tanıdırlar.  Belə mərkəzlərdən biri də Özbəkistandakı Azərbaycan səfirtliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.  Mərkəzin ötən müddət ərzində Azərbaycan mədəniyyətinin qardaş ölkədə təbliği istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı onun rəhbəri Samir Abbasovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Samir Abbasov qarşıdakı illər ərzində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycan-Özbəkistan əlaqələrindən də danışıb.

-Belə başa düşdüm ki, Özbəkistan mediası ilə sıx əməkdaşlıq şəklində işləyirsiniz

-Bəli. Hazırda özbək mətbuatı ilə sıx əməkdaşlıq əlaqələri davam edir. Hər həftə ölkənin aparıcı sayt və mətbu orqanlarında ölkəmizə dair çoxsaylı məqalələr və məlumatlar yayımlanır. Bir xəbəri də qeyd etmək istəyirəm. Cari il 28 dekabr tarixində Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə bayram tədbiri çərçivəsində 2018-ci il Özbək mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi, nəşri, tərcümə əsəri, ən fəal xadimlər müsabiqəsi"nə dair mükafatlandırma mərasimi keçiriləcək. Azərbaycan mövzusuna daha çox müraciət edən və qardaş ölkə mətbuatında gündəmdə tutan, daim dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbu orqanlar (sayt, qazet, jurnal, teleradio kanalı), habelə ilin fəal xadimləri də Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görüləcəklər. Qailiblər Azərbaycan Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin diplomları və pul mükafatları ilə təltif ediləcəklər. 2013-cü ildən hər il Özbəkistanda keçirilən müsabiqə nəticəsində Özbək mətbuatında ölkəmizə dair yüzlərlə məqalə dərc olunur, iki ölkə arasında dostluq əlaqələri geniş təbliğ olunur. Biz hər il Azərbaycana "Mediatur" təşkil edirik. Ötən il Bakı ilə yanaşı Özbək jurnalistlər ölkəmizin Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Gəncə şəhərlərində oldular və bu regionlarımızın mədəniyyəti, turizmi Özbəkistan telekanallarında yayımlanan verilişlərdə nümayiş etdirildi. Bu il də bu ənənəni davam etdirmək niyyətindəyik. Bu istiqamətdə artıq müvafiq razılıq əldə olunub.

-Turizim sahəsində iki dövlət arasında hansı işlər görülüb və hansı irəliləyişlər var?

-Ötən il ərzində turizm sahəsi Azərbaycan Səfirliyinin turizm sahəsi üzrə fəaliyyətini həyata keçirən Azərbaycan Mədəniyyət Mərkəzi üçün əsas prioritetlərdən olub. İki dövlət arasında turizm sahəsində əlaqələrin inkişafı, qarşılıqlı turistlərin cəlb olunması istiqamətində layihələr həyata keçirilib. Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın iki böyük turizm şirkətinin Özbəkistanda ölkəmizə dair geniş təqdimat mərasimləri keçirilib, Özbək telekanalllarında ölkəmizin tarixi, mədəniyyəti və turizminə dair verilişlər yayımlanıb, Özbəkistanda təşkil olunan Beynəlxalq Turizm və Səyahətlər sərgisində Azərbaycan təmsil olunub. Belə ki, keçirilən beynəlxalq tədbirlərdə, sərgilərdə Azərbaycana dair xüsusi stend yaradılıb və qarşı tərəfdə Azərbaycanın turizm potensialı geniş təbliğ olunub. 2018-ci ilin 23 mart tarixində Azərbaycanın "Travelling Lab" turizm şirkəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu şəhərdəki "Hyatt Regency Tashkent" mehmanxanasında "Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri" adlı təqdimat mərasimi keçirilib. Təqdimatda Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak ediblər. Foyedə Mədəniyyət Mərkəzinin hazırladığı "Azərbaycan Qafqazın dürdanəsi" adlı fotosərgi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlər nümayiş etdirilib. Sərgidə Azərbaycanın turizm imkanları, ölkəmizdəki sanatoriyalara dair fotoşəkillər nümayiş etdirilib və bununla bağlı Mərkəzimizin hazırladığı bukletlər paylanılıb. Hər il keçirilən "Bakı Şoping Festival", Novruz şənlikləri tədbirləri, habelə regionlarda ölkəmizin turizm imkanları haqqında geniş məlumatlar verilib. Ötən ilin 16 noyabr tarixində isə Mədəniyyət Mərkəzimizin digər layihəsi ilə ölkəmizin Naftalan müalicəvi sanatoriyaları, habelə Quba rayonunun turizm imkanlarını özündə əks etdirən "Azərbaycan tanıyaq" adlı təqdimat mərasimi keçirilib. Azərbycanın "My Travel" turizm şirkəti ölkəmizin Naftalan müalicəvi sanatoriyaları, habelə Quba rayonunun turizm imkanlarını özündə əks etdirən xüsusi nəşrləri təqdim edib.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, 2018-ci ildə Azərbaycan-Özbəkistan arasında turizmin inkişafına təkan verəcək daha bir hadisə - Azərbaycan Hava Yolları Şirkətinin Bakı-Daşkənd hava reysinin açılışı gerçəkləşib. Artıq ölkələrimiz arasında həftədə 4 dəfə birbaşa hava əlaqəsinin olması turizmin inkişafı istiqamətində yeni imkanlar açır.

Samir müəllim, sizcə xarici ölkələrdə daha hansı maraqlı layihələr həyata keçirmək olar və bu layihə nəticəsində ictimaiyyət ölkəmizə dair daha ətraflı informasiya ala bilər?

-Bildiyiniz kimi müasir dövrdə insanlar ən çox İnternet vasitəsi ilə informasiya almağa meyl edirlər. Bu səbəbdən də biz səy göstərməliyik ki, çalışdığımız ölkənin ana dilində ölkəmizə dair informasiya boşluğunu aradan qaldıraq və Azrbaycan həqiqətlərini geniş yayaq. Mən bir faktı qeyd etmək istəyirəm ki, 2013-cü ildə biz fəaliyyətə başlayarkən Özbək mətbuatında monitorinq apardıq, "Azərbaycan" seqmenti üzrə İnternetdə apardığımız axtarışlar nəticəsində il ərzində çox az sayda (cəmi 2 məqalə) dərc olunduğu məlum oldu. Özbəkistan jurnalistləri arasında ölkəmizə dair "İlin ən yaxşı məqaləsi" müsabiqəsi elan etdik və hər ilin yekunlarında bu mövzuda ən fəal jurnalistlər, tədqiqatçılar, tərcüməçilər, ölkəmizə dair nəşrlər, ən maraqlı verilişlər mükafatlarla təltif etdik. Aparılan təhlillərə əsasən müsabiqənin uğurlu nəticəsini hiss edirik. Özbək mətbuatında hər il Azərbaycana dair 350-dən çox məqalə işıq üzü görür, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə son 6 ildə 50-dən çox kitab Özbək dilində Daşkənddə nəşr edilib. 2016-cı ildən Mərkəzimizin nəzdindəki yaradılan Vikipedia könüllüləri tərəfindən yeni layihəyə start verilib. "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işinə başlanılıb. Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədi ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Wikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında ölkəmizə dair yüzlərlə bölmə yaradılıb, istifadəyə verilib.

Azərbaycan mədəniyyətini, incəsənətini, turizmini, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş təbliğ etmək məqsədi ilə dünyanın ən çox izləyicisi olan məlumat-video portalı "Youtube"da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin video kanalı yaradılıb və bölmə mütəmadi olaraq yenilənir. Sözügedən kanala milli mədəniyyətimizə dair videoçarxlar, məlumatlar, Özbəkistanda Mədəniyyət Mərkəzimizin layihəsi ilə keçirilən tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, Azərbaycanın əldə etdiyi nailiyyətlər, milli mədəni irsimiz, ölkəmizin turizm resursları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ekran əsərləri, milli rəqslərimiz, ölkəmiz üçün aktuallıq kəsb edən materialların videoyazıları daxil edilir. Artıq Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sənədli filmlər, Özbək dilinə dubliyaj olunmuş Azərbaycan bədii filmləri, cizgi filmləri, musiqi layihələri, kliplər qeyd olunan kanala əlavə edilməsinə start verilib. Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına 4 dildə (Azərbaycan, Özbək, Rus və İngilis) məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilsin. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb ki, onlar video materialları montaj edir, onların mövzularını, açar sözləri müəyyənləşdirir və daha sonra "Youtube"dakı Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına yükləyir.

Qeyd edək ki, təbliğat, milli mədəni irsimizin saxtalaşdırılmaması, qardaş Özbəkistan istifadəçilərinə, habelə dünyaya Azərbaycana dair obyektiv informasiya çatdırılması məqsədi ilə gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi və yeni-yeni yüzlərlə video materialın Mədəniyyət Mərkəzinin video kanalına əlavə edilməsi planlaşdırırıq. "Youtube.com" saytının dünyanın ən nəhəng informasiya portalı olduğunu və hər gün milyonlarla istifadəçinin bu informasiya bazasına müraciət etdiyini nəzərə alsaq, layihənin böyük təbliğati əhəmiyyət daşıdığını qeyd etmək olar.

Artıq Mədəniyyət Mərkəzi tərəfindən aparılan işlər nəticəsində İnternetdə Azərbaycana dair Özbək dilində xeyli məlumatlar əlavə edilib və "Azərbaycan" seqmenti üzrə axtarış apararkən çoxsaylı məlumatların əldə edilməsi mümkün olub.

-Yeni ildə xalqımıza arzunuz? Dünya azərbaycanlılarına diləkləriniz.

-Yeni ildə xalqımıza firavanlıq, gözəl həyat arzulayıram. Çox gözəl bir ölkəmiz var. Tanrı Azərbaycandan heç nəyi əsirgəməyib. Gözəl təbiət, yaşıl dağlar, meşələr, dəniz, subtropik bölgələr, zəngin tarix, mədəniyyət, gözəl insanlar və s. Biz bu müstəqillik üçün çox çalışdıq. Azərbaycan xalqı 1918-ci ildə çətin mürəkkəb bir vəziyyətdə öz müstəqilliyini elan etdi, lakin onu qoruyub saxlamaq mümkün olmadı. Bu gün biz yenidən azad və müstəqil ölkəyik. Ulu Öndər Heydər Əliyevin inamlı və uzaqgörən siyasəti nəticəsində biz müstəqilliyimizi xilas etdik. Prezident İlham Əliyevin bacarıqlı və düşünülmüş siyasəti ilə Azərbaycan özünün uğurlu inkişafını təmin etdi və Azərbaycan tarixin heç bir dövründə olmadığı qədər bugün inkişaf edib, dünyada nüfuzlu bir ölkəyə çevrilib. Bu sabitlik və uğurlu rifahın davam etməsini arzulayıram. İnanırıq ki, qarşımızda duran torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin öz yurdlarına qayıtması, mədəni irsimizə dəyən ziyanın aradan qaldırılmasına nail olacağıq, müstəqilliyimizi daha da möhkəmləndirərək, uğurlarımızı davam etdirəcəyik.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31