Özbəkistan Mərkəzi Asiyada bizim üçün çox vacib ölkədir

Samir Abbasov: “Bu ölkədə Azərbaycan adı eşidəndə siravi vətəndaşdan tutmuş məmuradək hər kəsin üzündə ifadə dəyişir, onların üzündə bir sevgi, yaxınlıq və hörmət yarandığını görürsən” Əvvəli ötən sayımızda

Samir Abbasov: "Bu ölkədə Azərbaycan adı eşidəndə siravi vətəndaşdan tutmuş məmuradək hər kəsin üzündə ifadə dəyişir, onların üzündə bir sevgi, yaxınlıq və hörmət yarandığını görürsən"

Əvvəli ötən sayımızda

Azərbaycan mədəniyyətinin müxtəlif ölkələrdə təbliğ edilməsində, onun tanıdılmasında həmin ölkələrdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin rolu xüsusi qeyd edilməlidir. Hazırda dünyanın bir çox ölkələrində bu kimi mərkəzlər fəaliyyət göstərir ki, onlar damədəniyyətimizin təbliğ edilməsində fəal iştirak edir, müxtəlif layihələr, tədbirlər həyata keçirməklə Azərbaycanı, onun adət-ənənənləri, mədəniyyətini tanıdırlar.  Belə mərkəzlərdən biri də Özbəkistandakı Azərbaycan səfirtliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.  Mərkəzin ötən müddət ərzində Azərbaycan mədəniyyətinin qardaş ölkədə təbliği istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı onun rəhbəri Samir Abbasovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Samir Abbasov qarşıdakı illər ərzində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycan-Özbəkistan əlaqələrindən də danışıb.

 -Ümumiyyətlə, günümüzdə Azərbaycanla Özbəkistan arasında mövcud olan əlaqələri necə xarakterizə edərdiniz?

-Özbəkistan Mərkəzi Asiyada bizim üçün çox vacib ölkədir. 33 milyon əhalisi və geniş ərazisi olan bu ölkə qədim tarixə, zəngin mədəniyyətə malikdir. Bu ölkə bəşər sivilizasiyasına böyük töhvələr verib.Bugün Özbəkistan dünyanın aparıcı dövlətləri ilə çoxsaylı investisiya layihələrinə imza atır, ölkənin hər bir yerində tikinti-quruculuq işləri aparılır.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə çox böyük islahatlar aparır və qardaş ölkənin regionda çəkisi günbəgün artır. Azərbaycan-Özbəkistan dostluğu qədim dövrlərdən başlayıb, müstəqillikdən sonra ulu öndər Heydər Əliyevin Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələri bu münasibətləri daha da inkişaf etdirib. Hər iki ölkədə səfirliklərin açılması, Daşkənddə Nizami Gəncəvinin, Bakıda Əlişir Nəvainin heykəllərinin qoyulması, daha sonra Özbəkistan paytaxtında azərbaycanlıların kompakt yaşadığı ərazidə ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı bu əlaqələrə yeni impuls verib.Mövcud əlaqələr əlbəttə ki, yüksək səviyyədədir. Özbəkistanda Azərbaycan adı eşidəndə siravi vətəndaşdan tutmuş məmuradək hər kəsin üzündə ifadə dəyişir, onların üzündə bir sevgi, yaxınlıq və hörmət yarandığını görürsən.Qardaş ölkədə Azərbaycana böyük sevgi var. Onların hər biri ölkəmizin son zamanlar böyük inkişaf yolu keçməsini, Prezident İlham Əliyevin uğurlu siyasətini təqdir edir və Azərbaycan təcrübəsinin maraqlı, uğurlu olduğunu qeyd edirlər. İqtisadi əlaqələrdə də son zamanlar irəliləyişlər vardır. İlk dəfə olaraq tərəflər arasında biznes Forumu keçirilib, iş adamları arasında əlaqələr genişlənir. Digər sahələrdə olduğu kimi, mədəniyyət, humanitar sahədə əməkdaşlığımız yüksək səviyyədədir.

-Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi növbəti ildə hansı yeni tədbirlər, layihələri həyata keçirmək niyyətindədir və gələcək planlarınız nədən ibarətdir?

-Əlbəttə 2019-cu ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı planları və layihələri vardır. Biz Özbəkistanda ölkəmizin təbliği, mədəniyyətimiz, ədəbiyyatımızla bağlı çoxsaylı layihələrin reallaşdırılmasını nəzərdə tutumuşuq.  2019-cu ildə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçiriləcək çox sayda layihələrimiz var. Öncə başlatdığımız bir sıra maraqlı layihələrin bu il başa çatdırılmasını planlaşdırırıq. Tarixdə ilk dəfə olaraq Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğətin tərtibini həyata keçiririk. Azərbaycan və Özbəkistanın tanınmış dilçi alimlərinin iştirakı ilə xüsusi sözlüyün tərtibi artıq yekunlaşmaq üzrədir. İnanıram ki, bu uzun müddətli və əziyyətli işimiz maraqla qarşılanacaqdır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ölkəmizdə və dünyada geniş qeyd olunacaqdır. Bu münasibətlə Özbəkistanda Azərbaycan və Özbək ailmlərinin, ədəbiyyatşünaslarının iştirakı ilə "Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm" adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. Nəşr layihəsi kimi İmadəddin Nəsiminin qəzəllərinin Özbək dilinə tərcüməsi işinə artıq başlanılıb və dahi şairin qəzəlləri Daşkənddə nəşr olunacaq. Bundan başqa, biz Özbəkistan Universitetlərində "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" adlı şer müsabiqəsinin keçirilməsini, habelə Nəsimi irsinə dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycana hədiyyə olunması üzərində çalışırıq. Azərbaycan xalq ədəbiyyatının şedevri olan "Kitabi Dədə Qorqud"a dair layihə üzərində iş gedir. Dastanın özbək dilinə tərcümə və nəşri qarşımızda duran əsas işlərdəndir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı və diqqətin artırılması bu sahədə layihələrin həyata keçirilməsini zəruri edir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən illər ərzində ölkəmizin, onun tarixinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının təbliği məqsədi ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedoqoji Universitetində, Özbəkistan Dövlət Mədəniyyət və Sənət İnstitutunda, Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində Azərbaycan ocaqları, mərkəzləri yaradılıb. Bu ənənənin davamı olaraq 2019-cu ildə Özbəkistanın nüfuzlu elm ocaqlarından sayılan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinin yaradılmasını nəzərdə tutulur. Mərkəzdə ölkəmizə dair kitabxana, muzey, kinozal fəaliyyət göstərəcək, Azərbaycan dili kursları, habelə ədəbiyyatımıza dair azərbaycanlı mütəxəssislərin iştirakı ilə mühazirələr, açıq dərslər, sərgi və seminarlar təşkil olunacq. Növbəti il üçün Azərbaycanın tanınmış sənətçilərinin, musiqiçilərinin konsertlərini, şair və yazıçılarla görüşlərin, kitab təqdimatlarının keçirilməsi, iki xalq arasında dostluq əlaqələrinin təbliğinə dair birgə layihələrin həyata keçirilməsini nəzərdə tutmuşuq. Daha bir tanıtım, təbliğat layihəsinin həyata keçirilməsini planlaşdırırıq. Özbəkistanda Azərbaycan mədəniyyəti, xalçaları, qədim şəhərləri və abidələrinin şəkillərini özündə əks etdirən poçt markalarının buraxılması üzərində işləyirik. Çox sayda layihələrimiz və planlarımız var. Təbii ki, il ərzində biz bu layihələrlə ictimaiyyəti, mətbuatı məlumatlandıracağıq.

-Mərkəz olaraq Özbəkistanın mediası ilə necə işləyirsiniz və Özbəkistan KİV-ləri mərkəzinizin keçirdiyi tədbirlərə maraq göstərir, onları işıqlandırırmı?  Ümumiyyətlə, Azərbaycan və Özbəkistanın media nümayəndələrinin qarşılıqlı səfərlərinin bu il də davam etdirilməsini düşünürsünüzmü?

-Ötən il ərzində yerli mətbuatla sıx əməkdaşlıq edilib, bir sıra aparıcı media qurumlarının təmsilçilərinin Azərbaycana "Mediatur"u təşkil edilib. Cari il 3 may tarixində Daşkənddəki "Türküstan" sarayında ХIII Beynəlxalq "Altın qalam" mükafatının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə Özbəkistan parlamenti Senatının və Ali Məclisinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Özbəkistan Jurnalistlər İttifaqının sədri Sadulla Xakimov bu münasibətlə jurnalistləri təbrik edib. Qeyd edək ki, müsabiqəyə 523 jurnalist 7100 material təqdim edilib. Münsiflər heyətinin üzvləri müxtəlif nominasiyalarda ən yaxşı materialların müəlliflərini bu mükafata layiq görüb. Sonra mükafatlar qaliblərə təqdim edilib. Bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun, Dünya Bankının Özbəkistandakı nümayəndəlikləri, həmçinin Amerika Birləşmiş Ştatları, Çin və Türkiyənin səfirlikləri də jurnalistlərə diplomlar və fəxri fərmanlar, hədiyyələr təqdim edib. Tədbirdə Azərbaycan tərəfi də öz mükafatlarını təqdim edib. Biz Azərbaycan tərəfinin elan etdiyi nominasiyalar üzrə mükafatı özbək jurnalistlərə - "Dunyo boylab" televiziyasının əməkdaşı Gülsara Saqatovaya və "Nargiz.uz" portalında yayılmış materiallara görə isə jurnalist Nargiz Qasımovaya təqdim etdik. Qaliblərə Azərbaycana təşkil olunacaq "Mediatur"da iştirak etmək üçün xüsusi sertifikatlar verdik. Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Prezident Administrasiyasının, Mədəniyyət Nazirliyinin və "AZAL" Azərbaycan Hava Yolları şirkətinin dəstəyi ilə Özbəkistanın mətbuatı nümayəndələrinin Azərbaycana "Mediatur"u reallaşdırılıb. Özbəkistan mətbuatı nümayəndələri üçün təşkil olunan "Mediatur"un əsas məqsədi Azərbaycan həqiqətlərinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında qarşı tərəfi məlumatlandırmaq və onun Özbəkistan mediasında geniş təbliğ edilməsidır. "Mediatur"da Özbəkistan Dövlət Televiziyasının tanınmış jurnalisti, mədəniyyət, turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillina, "Dünyo boylab" telekanalının jurnalisti Gülsara Saqatxanova, operator Şerali Xolbakov, Özbəkdilli media arasında ölkənin ən çox oxunan "Qalampir.uz" xəbər və əyləncə saytının baş redaktoru, tanınmış gənc jurnalist Qamaraddin Şayxov, "nargis.uz" saytının baş redaktoru, tanınmış jurnalist Nargiz Kasımova və gənc populyar fotooperator Şerzodxon İkramutdinovun iştirak ediblər. Mediaturin nəticəsi olaraq media təmsilçiləri Bakıda və respublikamızın regionlarında - İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüş və çəkilişlər edib, sözügedən bölgələrin tarixi, mədəniyyəti, turizm imkanlarına dair verilişlər, reportajlar hazırlayıblar. Artıq ölkəmizə dair Özbəkistan saytlarında onlarla məqalələr dərc edilib, bu günə qədər 2 telekanalda ölkəmizə dair onlarla veriliş nümayiş etdirilib. Özbəkistanlı jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanın "Kaspi" qəzetinin redaksiyasında olub və burada hər iki ölkənin mətbuat nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı tərəflər arasında əməkdaşlıq əlaqələrinin yaradılması və s. məsələlər müzakirə edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbək mətbuatında Ermənistanın Azərbaycan torpaqlarının işğalı, zəbt olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsi, azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınlar, soyqırımlar, bir milyon azərbaycanlının öz torpaqlarından köçkün düşməsi, işğal olunmuş ərazilərdə milli mədəni abidələrimizin, Islam abidələrinin dağıdılması və s. mövzularda çoxsaylı məqalələr işıq üzü görüb.

Süleyman İsmayılbəyli

Ardı növbəti sayımızda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31