Özü Musa, sözü Musa... - Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
25 Dekabr 2018 13:20 SosialElçin Hüseynbəyli
...Olur belə şeylər, dostlar, olur. Bir də görürsən ki, ən yaxında olan nəyisə görmürsən. Onun haqqında daim fikirləşirsən, amma görmürsən. Yuxudakı kimi. Susuzlamısan, su içirsən, amma yanğın yatmır. Bunu dəfələrlə təkrar edirsən, yenə də xeyri yoxdur. Mənzil başına çatmaq üçün yollar axtarırsan, amma tapa bilmirsən. Dolanbaclar səni yorur, amma əl çəkmirsən. Çünki o yolu əzbərdən tanıyırsan... Sevdiyin insanlar da onun kimi. Daim onlar haqqında fikirləşirsən, amma qələmi götürüb nəsə yaza bilmirsən. Çünki onları tanıyırsan, qaranlıq nəsə yoxdur. Bir də görürsən ki, ən əziz övladını yola salırsan, yaxud qarşılayırsan, amma öpmürsən. Ayrılıqlar əbədi, görüşlər müvəqqətidir. Bəlkə başqa cür deyək: ayrılıqlar müvəqqəti, görüşlər əbədidir. Hə, deyəsən, indi tapdım. Ona görə də sənə ən doğmanı görə bilmirsən, onu doyunca bağrına basa bilmirsən. Sanki utanırsan. Necə deyəsən ki, mən səni dünyalarca çox istəyirəm. Absurddur, düzdü? Onsuz da hər iki tərəf bunu bilir. Çığırmağa nə hacət? Buna oxşayır ki, deyəsən: Vətən mən səni sevirəm!!!
Təccüblüdür, elə! Vətəni necə sevməmək olar!?
Musa kimi. Musa mamoğlu kimi. Musaya bənzər insanlar kimi.
Musa mamoğlunun (mamaoğlunu, əslində bibim nəvəsinin) 60 yaşı tamam olur. 60, eee!
Bu, statistikadır. Amma mahiyyət tamam başqadır. Çünki Musaya altmış yaş verə bilməzsən. Ən nainsaf adam lap yuxarısı 50- də dayanar. Göz dəyməsin. Dəyməz də!
Mənim aləmimdə onun yaşından cavan görünməyinin bir neçə səbəbi var. Genetik varisliyi bir tərəfə qoysaq, bu, onun pozitivliyi ilə bağlıdır. İçindəki xeyirxalıq, işıq dışında (zahirində) parlayır. Bəlkə ona görə ki, ilk kitab da onun adının daşıdığı peyğəmbərə göndərilib!? Ya bəlkə ona görə ki, Musa qutsal bir məkanda - mənəviyyatı maddiyyatdan üstün tutan Cəbrayılda anadan olub. Bilməyənlər üçün deyim ki, sufilər yurdu Cəbrayılda məscidlər yox, təkyələr vardı. İnsanlar Tanrı ilə birbaşa əlaqə qururdular. Onların vasitəçiyə ehtiyacı yox idi, məncə, heç indi də yoxdur. Tanrıyala birbaşa təmas, müqəddəs ruhun insanın batininə və zahirinə çökməsinə səbəb olur...
Mən dindar deyiləm, ancaq Tanrıya inanıram. Bütün cəbrayıllılar kimi.
Musa mamaoğlu təbiətinin ağırlığı, danışığının sanbalı, fikirlərinin ədalətliliyinə görə "ağsaqqal" statusu qazanıb. Bir kimsə hələ onun səsini ucaltdığını görməyib.
Mən onu uşaqlıqdan görsəm də, yaxşı tanımamışam, yəni iş-gücdən və yaş fərqimizdən buna imkanımız olmayıb. Amma daim müşahidə eləmişəm. Son 20 ildə isə yaxından tanıya bilmişəm.
Musa həyatımda gördüyüm, örnək götürüləsi, arxayın olası, tapınası bir kişidir. Qohumluğu öz yerində. Kim belə qohumla fəxr eləməz ki!? Amma o, bir tayfanın, bir el-obanın dayağı olacaq adamlardandı: öz ədəb-ərkanı, xasiyyəti, oturuşu-duruşuyla. Məni tanıyanlart bilir ki, hər adam haqqında yazı yazmaram. Yazdımsa, ürəyimi verərəm. İnsan yazı kimidir. Ona başqa cür yanaşanda qəlp çıxır. Saxtakarlıq şeytanların həyat fəlsəfəsidir.
Təsadüfən onunla işləyən bir adamla tanış oldum. Musanın adını çəkəndə üz-gözü işıqlandı. "Ağsaqqalı deyirsən!?" Həmin adam mamoğlu haqqında ən yaxşı sözləri dedi və mən, təbii ki, qürurlandım. Çünki bu adamların bir-birindən asılacağı yox idi.
Musa ədəbiyyat vurğunudur. Çağdaş şairlərdən saatlarla şeir deyər.
Nəvələri onun sevinc mənbəyi, dost və qohumlar qürur yeridir.
Elə adam var ki, hansı vəzifədə işləyir-işləsin, hansı durumda olur-olsun, bir sifəti var.
Musa bir sifəti olan kişilərdəndir.
Olur belə şeylər olur, dostlar.
Bir də görürsən ki...
Bir də görürsən ki, istedadlı bir rəssam qaya rəsmi çəkmək istəyir. Hər tərəfi dolaşır və ən yaxşı tərəfini tutmağa çalışır. Amma nə çəkir çəksin, nəticədə məğrur bir qaya ortaya çıxır.
Bəstəkar musiqi bəstələmək üçün dəridən-qabıqdan çıxır, hər notu tutanda qulağını o tərəf bu tərəfə döndərir. O, əsrarəngiz nəsə axtarır və sonda istəyinə nail olur. Yazıçı sözə hansı tərəfdən baxır baxsın. Əgər gözəl bir sənət əsəri yaratmaq istəyirsə, alınacaq.
Musa da belədir. Mamoğlu Musa. Hansı tərəfdən yanaşırsan yanaş Elə özü olacaq. Musiqi kimi, rəsm kimi, obraz kimi...
Gecənin bir vədəsində su istədim. Onu yuxumda təkrar-təkrar içdim, doymadım...Musa mənə o suyu uzadanda oyandım və doyunca içdim.
...Bilmirəm, bu yuxuydu, yoxsa gerçəklik.
Musa gerçəkdi.
Əl tutmaq əlidən qalar. Söz demək Musadan.
Mən həyatda çox az bacı- qardaş tanıyıram ki, bir-birilərini mənim atam və mamam (bibim) qədər çox istəsin. Bu, sevgi bizim ailələrimizə də keçib...
Bayaq dedim, axı. İlk kitab Musaya gəlib. Biz hələ onu axıra kimi oxuya bilməmişik. Müqəddəs kitablar heç zaman axıra kimi oxunmur. Oxunursa da, dərhal dərk olunmur.
Musa bizim Musadır. Biz onu hələ çox oxumalı olacağıq.
Əli də var, ətəyi də.
Sözü də var, əməli də.
"Çiçəkləri insana oxşadıram. Tünd qoxulu çiçəklər tündməcaz adamlara, xoş ətirlisi isə gülərüz, müsbət insanlara oxşayır..." Bunu sən dedin, mən də yazdım. Həm də bir əlavə elədim: "Çiçəklərin qoxusu itəndə onlar ölür, yaxud əksinə çiçəklər öləndən sonra qoxusu gəlmir. Yaxşı insanlar həyatdan gedəndə də xoş xatirəsini bizmlə qoyub gedir. Çünki xatirəsiz insanın yaddaşı yoxdur Yaddaşsız insan qoxusuz çiçək kimidir!"
Musanın ad gününə nəsə yazmaq istəyirdim. Amma sonradan anladım ki, bu cür kişilərin ad günü olmur. Çünki onlar daim sənin yanındadır. Onlar hər dəfə səhər-səhər oyananda yenidən doğulurlar. Ən azı bizim üçün, yaxınları, əzizləri üçün. Çünki əlləri birinci ona çatır.
Bir şeyi yenə də təkrar edim. Bəzən ən yaxınını görə bilmirsən. Adam özünü necə görsün axı. Nə qədər baxsan, yenə də güzgüdəki sən özünsən.
Olur belə şeylər, dostlar, olur.
...İnsan ona doğma olanı aralıdan tanıyır: fəhmlə diyğuyla. Öncəgörüm (telepatiya) deyilən bir nəsnə var. Kimisə aralıdan görürsən, baxırsan ki, o deyil, bir neçə dəqiqədən sonra ya qarşına çıxır, ya zəng edir.
Doğmalıq adla, gümanla deyil. Sənə doğma adamlar səninlə eyni kökdəndir. Bəlkə Musa mamoğluyla bir-birimizi, tam olmasa da, (sonsuzluğa qədər, onsuz da mümkün deyil) ona görə başa düşürük ki, bir bulaqdan su içmişik, bir torpaqda gəzmişik, bir xar tutun, bir gilasın meyvələrindən dadmışıq!? (Allah İrana mamamın ruhunu şad eləsin, Ülkər mamama ömür versin!)
Güman bir olar, zaman müxtəlif. Biz eyni zamanların, eyni gümanların adamıyıq.
Mənə elə gəlir ki, Musa Bakıya bizim ellərin havasını, günəşini gətirib. Elə insanlar var ki, onlar dünyamızı rövnəqləndirir, bizi zənginləşdirirlər.
Bayaq dedim ki, Musa mamoğlunun 60 yaşı tamam olsa da, bu yaşı ona vermərəm. Ona görə yox ki, qıymıram... Mənə elə gəlir ki, o, 60 yaşına yüzə çatanda yetişəcək.
Rəssam olsaydım, onu Ziyarat dağının, ulu Çunarın fonunda çəkərdim. Onlar kimi əzəmətli və vüqarlı, həm də arxalanası...
Tanrı belə adamların üzündən nuru, içindən işığı əskik eləməsin!
Mən Musa mamoğluna Tanrının verdiyi ömrü, həmişəki kimi sağlam, ləyaqətli yaşamağıı arzu edirəm.
Var ol, mamoğlu! Yaşın mübarək!
Tarix: Zamansız yazı