Oğuz xan - türksoylu Misir fironu

İlhami Cəfərsoy

Xülasə: Bu məqalədə Oğuz xanın başçılığı altında türk etnoslarının Misirə axını tədqiqatın obyektinə çevrilir.

Mənbələr əsasında sübuta yetirilir ki, Oğuz xan tarixi şəxsiyyət olmuş, eradan əvvəl XXIII əsrdə Nil çayı vadisini tutmuşdur. Arxeoloji qazıntılar zamanı Oğuz xanın mərmər üzərində barelyefi tapılmışdır.

Oğuz xanın yaratdığı dövlət fasilələrlə 511 il davam etmişdir. Avar, Saruxan, Arazxan həmin dövlətin güclü qala-şəhərləri olmuşdur.

XX əsrin 30-cu illərindən sonrakı ensiklopedik əsərlərə inansaq, türk xalqları Misirə XIII əsrdən sonra gəlmişlər. Monqolların təzyiqilə Nil vadisinə sıxışdırılan oğuzlar, qıpçaqlar tədricən burada güclənərək Misir Məmlük dövlətini yaratmışlar. Ancaq tarixi mənbələr başqa şey deyir. Türk xalqlarının əcdadları Nil vadisini e.ö. IV əsrin sonlarından tutmuş, yerli aborigenləri səhraya qovaraq Misirdə ilk mədəniyyətin nümunələrini yaratmışdır.

Akademik İ.İ.Meşşaninov "Misir və Qafqaz" məqaləsində yazır: - Şərq xalqlarının Misirə axınları Şumer dövründən əvvəl başlamış, Şumerdən sonra da davam etmişdir (1.S.34-43).

Məqsədi türk xalqlarının Misirdə tarixi varlığını araşdırmaq olmasa da, Zelik Yampolski Oğuzların Nil vadisində qurduğu dövlətlər haqqında maraqlı məlumat verir. Yazır ki, iqoslar (İq və xan titullu oğuzlar) Nil vadisini tutub, yerli məbədlərin statusunu dəyişirdilər (2.S.92). Bu o deməkdir ki, onlar qurduqları yeni dövlətlərin ideologiyasını yaradırdılar.

Köhnə nəsil yevrey alimlərinin ötəri qeydlərini nəzərə almasaq, heç bir tarixçi açıq şəkildə bildirmir ki, türk mənşəli etnoslar Misirin qədim mədəniyyətinin yaradıcılarıdır.

Ancaq piramidalardan və məbədlərdən tapılan arxeoloji nümunələr göstərir ki, Asiya etnosları e.ö. IV minilliyin sonlarında Nil vadisini tutmuş, ilan, qurbağa, kərtənkələ ilə qidalanan yerli aborigenləri səhralara qovub, Misirdə ilk dövlətçiliyin əsasını qoymuşlar.

Bu fikri ilk dəfə irəli sürənlər A.Traçevski, Flinders Petri, İ.Şopen olmuşdur. İvan İvanoviç Şopen general-feldmarşal Paskeviçin yüksək rütbəli qərargah zabiti idi. Canişinin tapşırığı ilə o, Qafqaz xalqlarının tarixini yazırdı.

İ.İ.Şopen 1866-cı ildə Peterburqda nəşr etdirdiyi "Qafqazın qədim sakinləri haqqında yeni tapıntılar" kitabında yazır ki, Nil vadisinin qədim mədəniyyətini yaradan Aran, İber və H`Ay nəsilləri iqlərlə qohumdur. İqlər isə türkmənlərin əcdadlarıdır (3.S.4, 204).

İ.İ.Şopenin daha bir xidməti odur ki, o, Misiri tutan iqlərin başçısının Oğuz xan olması fikrini irəli sürmüşdür (3.S.298, 308). İ.İ.Şopen Əbülqazi Bahadur xanın türkmən ozanlarının söylədikləri əfsanələri təhlil edərək belə nəticəyə gəlmişdir ki; 1. Oğuz xanın ordusu Misiri XI əsrdə yox, eradan öncə XXIII əsrdə tutmuşdur, 2. Oğuz xana qoşulan iqlər koptlar yox, türkmənlərin əcdadlarıdır (Шопен 1866.204, 205, 298, 308).

Oğuz xanın Misirə axınlarını "Şəcəreyi-tərakimə" ilə yanaşı, Altay türklərinin əfsanələri də təsdiq edir. İ.İ.Şopen yazır: - Oğuz xanın Şam ölkəsinə axını haqqında Altay Aran kosmoqoniyasında miflər vardır (3.S.11). O zaman Şam və ya Sim ölkəsi deyiləndə yalnız Şam şəhəri yox, Suriya, Fələstin və Misir birlikdə başa düşülürdü.

Aran və Oğuz övladları dil və genetik baxımından qohum olsalar da, onların bəzi ayinləri, dövlət atributları fərqlənirdi. Bu da təbiidir. Çünki Oğuz xan Arandan 5 yüz il sonra tayfa ittifaqı yaradıb Misiri tutmuş, Aran və ya Ereqli övladlarını Nil vadisinin bərəkətli torpaqlarından cənuba sıxışdırmışdı.

Oğuz xanın və davamçılarının adına yalnız qədim Misirin papirus mətnlərində yox, həm də Anadolunun mixiyazılı abidələrində rast gəlirik. Kayseri şəhəri yaxınlığındakı Kül təpədən tapılan e.ö. XIV əsrə aid kitabədə Akuz adlı tacir icmasının sərvətindən bəhs olunur (4.S.51, 101). Sillabik mətnlərdəki Akuz, Aukuz elə Oğuz deməkdir.

Oğuzlar haqqında məlumat e.ö. II minilliyin əvvəllərinə aid Xett kitabələrində də vardır. Həmin mixiyazılı mətnlərdə göstərilir ki, hardasa Kızıl İrmak çayı boyunda Uquz adlı tayfa yaşayırdı.

Misir arxeoloji qazıntıları Oğuz xanın tarixi şəxsiyyət olduğunu aşkara çıxartdı. İngilis arxeoloqu Flinders Petri XX əsrin əvvəllərində Oğuz xanın ehramını və mərmər üzərindəki barelyefini tapdı (bax: şəkil). Heykəl mumiyalanmış cəsədin boyuna uyğun yonulmuşdur. Uca boylu Oğuz xan azca qıyıqgözlüdür. Bu da onun misirli yox, asiyalı olduğunu bildirir.

Oğuz xanın Krit adasına, Fələstinə təyin etdiyi vilayət hakimləri də xan titulu daşıyırdılar. Onlardan biri Sarı xan idi. Onun adı qədim mənbələrdə Saruxan kimi yazıya alınmışdır.

Sarıxanılı tayfasının qalası Fələstində Oğuz xanın üç əsas iqamətgahından biri idi. V.V. Struve yazır ki, Saruxan qalası XVII sülalə Misir fironlarının zamanına qədər qalırdı (5.S.13). Bundan çox qabaq Sarıxanlılar Urmiya gölü yaxınlığında Saruq adlı şəhər salmışdılar.

Ernst Renan yazır ki, Saruq Aranın əsas şəhəri idi (6.S. 19; 7.S.278). Deməli, Sarı xan tayfasının çoxu öz tarixi mahalında - Aranın şimalında qalmış, bir hissəsi Oğuz xana qoşularaq Fələstini fəth etmişdir.

Kahin Manefonun (e.ö. III əsr) yazdığına görə, Fələstində Oğuz xana tabe olan şəhərlərdən biri Arasxan adlanırdı. Eyni zamanda, Araz xan Fələstinin Oğuz xana qoşulan tayfa başçılarından biri olmuşdur (5.S.18, 19). İosif Flavi Araz xanı Aras adlandırır. Yazır ki, Aras Dəməşq ölkəsinin çarı idi. O, Assuriya hökmdarı Salmanasara məğlub olub (8.S.518), iki yerə bölündü.

Araz xanlılar assurlarla döyüşə-döyüşə şimala çəkildilər və Urartu tayfa ittifaqına daxil oldular (10.S.272; 11.S.417). Azərbaycanın Ərəş və Arasbar tarixi mahallarının əhalisi qədim Araz nəslinin son qalıqlarıdır.

Oğuz xanın baş iqamətgahı hündür qala divarları ilə möhkəmləndirilmiş Avar şəhəri idi. Kahin Manefon yunan dilində yazdığı salnaməsində şəhərin adını Avaris kimi göstərmişdir (5.S.13).

Misir qoşunları Avar qalasını 2 illik mühasirədən sonra tuta bilmişdilər. 1808-ci ildə Misirin XVII sülalə fironlarının ehramından keramika tapıldı. Orda yazılıb ki, Avar qalasında 2 ildir, bir Asiya knyazı müdafiə olunur (5.S.9).

Yəhudi mənbələrində Avar nəsli Avarim adlandırılır. Onlar israillilərdən və iudeylərdən qabaq Fələstində yaşayırdılar. Çar David hakimiyyətə gələndə Fələstində Avarim şəhəri və mahalı var idi (6.S.139, 143).

Oğuz xana qoşulan etnoslardan biri də Qum idi. Onlar Misirdə Kum adlı şəhərlər salmışdır. V.V.Struve yazır ki, Nil vadisindəki Kum asiyalıların şəhəri idi (5.S.9, 143). Klota bəyin yazdığına görə, qədim Misirdə üç Kum şəhəri olmuşdur. Onlardan biri Nil çayının deltasında, ikisi yuxarı Nil çayı boyunda yerləşirdi (9. xəritə 1-2).

Qumlular Oğuz xana qoşulub Misirə köçməzdən qabaq Urmiya gölü çevrəsində yaşayır, tez-tez İkiçayarasına basqın edirdilər. "Gilqamış" dastanında Kum baba Uruk şəhərinin düşməni kimi xatırlanır (12.S.167).

Qumluların bir qolu Troyanın işğalından sonra İtaliyaya köçmüş (15.S.11), orada Kum şəhərini və Kum məbədini tikmişdilər. Publi Maron Vergilinin "Eneida" poemasının təfsirçiləri yazırlar ki, İtaliyanın Kompan vilayətindəki Kum şəhərində Apollonun  bütü var idi. Orada taledən xəbər verən kahinlər yaşayırdılar (13.S.338; 14.S. 386, 418).

İtaliyadakı Kum şəhəri mənbələrdə bəzən Kumi və Kumme adlandırılır. Latın dilli mənbələrin tədqiqatçıları hələ XIX əsrin ortalarında yazırdılar ki, Kum, Kumi, Kumme eyni şəhərlərdir (15.S.273). Belə bir faktı yaddan çıxarmaq olmaz ki, qumlular harada yurd salmışlarsa, orada müqəddəs məbədlər tikmiş, insanlar üzərində mənəvi hakimiyyəti qoruyub saxlamışlar. Ona görə də təsadüfi deyildir ki, islamiyyətin yayılmasından sonra da Təbrizlə Kaşan arasındakı Qum şəhəri insanların səcdəgah yeri olmuşdur.

İ.İ.Şopen yazır: - Oğuz xanın gəlişinə qədər Misirdə atın və arabanın nə olduğunu bilmirdilər. İrlər və digər çoban knyazlar arbax adlandırdıqları 4 təkərli arabalarda yaşayırdılar. Arab, yəni ərəb xalqının adı həmin arabalardan yaranıb. Sonra yunanlar arba sözünü arma formasında öz dillərinə daxil etdilər (3.S.494-495).

Ərəb adının türk mənşəyini digər mənbələr də təsdiq edir. Kam mənşəli Kuş övladları Misirdən qovulandan sonra Ərəbistan yarımadasının cənubuna köçmüş, burada yerli qəbilələr üzərində hökmran olmuşlar.

İ.İ.Şopenin irəli sürdüyü ikinci fikir xüsusilə əhəmiyyətlidir. Deməli, Armaqeddon dini-ideoloji termini ermənilərə aid olmayıb, arabalarını, yəni doğulub böyüdükləri beşikləri arba adlandıran türklərdən mənimsənilmişdir.

Qədim Misirin "Ölülər kitabı"nda Set adlı tanrı var. Tanrı Azər (yunanca Osiris) onun iştirak etdiyi mərasimdə ölür. Tanrı Setin adı papirus mətnlərində st işarələri ilə göstərilir. Bəzi mətnşünaslar onu set, bəziləri şat kimi oxuyurlar (Схидный свит №2, Киев, 2011, 157).

B.A.Turayev yazır ki, Set orta çarlıq dövründə Misirin çoban knyaz nəsillərinin tanrısı idi (16.S.266). O, arxaik Misir tanrılarının düşməni sayılırdı (5.S.19).

Set eyni zamanda Misirdə yeni çarlıq dövrü fironlarının vəliəhd titulu olmuşdur. Kam mənşəli firon I Ramzes hələ şahzadə ikən set titulu daşıyırdı (5.S.6). İosif Flavi (I əsr) yazır ki, Aralıq dənizinin şərq sahilindəki Sidon şəhərinin adı Set olmuşdur (8.S.252).

Bu məlumat onu göstərir ki, tanrı Setə sitayiş edən etnosların bəziləri özlərini, bəziləri isə öz şahzadələrini onun adı ilə adlandırmışlar.

Set etnik və teofor adlarına türk dövlətçilik tarixində şat və sat formalarında rast gəlirik. Göytürk və Xəzər xaqanlığında şat yüksək titul olmuşdur. Eyni zamanda, Altay şaman əcdadlarından biri Şat adlanırdı (17.S.111).

Şat yeganə teonim deyil ki, həm Altay, həm Ön Asiya və Misir panteonunda mövcud olmuşdur. Altay dualarında adı çəkilən müqəddəslərin çoxu Misir və Efiopiya dua kitablarında xatırlanır. Bu, o deməkdir ki, əcdadlarımız Altay dağları ilə Xəzər dənizi arasında yaratdıqları mədəniyyəti Nil vadisinə gətirmişlər.

İbn-Xordadbeh (IX əsr) yazır ki, qədim Misirin bir mahalı Şata adlanır. Bundan əlavə, Tunis şəhəri ilə Dimyat arasında Şata adlı şəhərcik var idi (18.S.87, 258). Şata "tanrı Setə tapınanların ölkəsi" deməkdir.

Orta əsrlərdə Dəclə çayının ən böyük qolu Şat adlanırdı (19.S.7). Deməli, tanrısı Şat olan etnosların hamısı Arandan Nil vadisinə və Aralıq dənizi sahillərinə köçməmişdir. Onların bir hissəsi Dəclə və Fərat çaylarının arasında qalmışdır.

Musa Xorenli yazır ki, II Artaşes əcdadların bütlərini Baq Aran məbədindən yeni saldığı müqəddəs Artaşat şəhərinə gətirdi (20.S.10; 21.S.265). Artaşat "ata şat" deməkdir. Ata şat kultunun daşıyıcıları inanırdılar ki, onların atalarının ölməyən ruhları Artaşat məbədinin çevrəsində dolaşır.

Tanrı Şata sitayiş edən nəsillərdən biri özünü Şatberdi, yəni Şatverdi adlandırırdı. Onlar Artaşatdan şimala köçərək İberiyada Şatberdi monastırını tikdilər və yaşadıqları mahalı öz adları ilə adlandırdılar.

Erməni tarixçiləri Şatverdi mahalını Şatberd (22.S.22), gürcülər Şatberdi adlandırırlar (23.S.20; 24.S.22). Öncə qeyd etdiyim kimi, verdi bizim feildir. O, qıpçaq qrupu türk dillərində berdi kimi işlənir. Türkmən dilində də berdi "verdi" deməkdir.

IV əsrdə Cənubi Qafqazın bir çox xalqları kimi Şat övladları da xristian dinini qəbul etdilər və XII əsrdən başlayaraq tədricən gürcülər arasında əriyib itdilər.

Gürcülər Şatverdi monastrını öz dini abidələri kimi qələmə verirlər (23.S.20; 25.S.203). Əslində Şatverdi bizim tarixi abidəmiz olub, gürcülər tərəfindən mənimsənilmişdir.

Elmi ədəbiyyatda Yakob Xer (Yaqub peyğəmbər) və oğlu İosep (Yusif Kənan) Misirdə Asiya mənşəli çoban knyazların son xanları hesab olunur. Yusif övladlarının bir Sadak idi. B.A.Turayev yazır ki, Kənan nəslinin zadəganlarından biri tanrı Sadaka sitayiş edir və özünü Sadak adlandırırdı (26.S.88). Həmin Sadak Yusif peyğəmbərin oğlu idi. Atasının ölümündən sonra Nil vadisindən Fələstinə qovuldu.

Misir papirus mətnlərində tanrı Sadakın adı stk kimi yazılmışdır. Bəzi mətnşünaslar onu satak, bəziləri setek kimi oxuyurlar. Ernst Renan yazır ki, Kənan nəsilləri Nil vadisini tutandan sonra tanrı Satakın bütünü məbədlərə qoydular və Satak kultunu Misirin əsas kultuna çevirdilər (6.S.101, 105).

Kənan və Oğuz mənşəli sataklar Fələstindən Qafqaza köçüb, İberiyada Sadak kəndini (27.S.136, 137) və Şatak qalasını (28.S.17) saldılar. Ancaq qədim nəsillərin çoxundan fərqli olaraq sadaxlılar Gürcüstanda gürcüləşmədilər. Çünki onlar ruslar Qafqazı tutana qədər atdan düşməmiş, oturaq həyata keçməmişdilər.

Sadaxlıların bir eli XX əsrin əvvəllərində İrəvan quberniyasının Axalkalak qəzasında yaşayırdı (29.S.214, 246). Onlar yalnız Azərbaycan xalqının yox, Altay türklərinin də mənşəyinə daxil olmuşlar. V.V.Radlov keçən əsrin əvvəllərində Altayda Satak və Budun Satak tayfalarının yaşadığını görmüşdü. Bu gün Gürcüstanda öz tarixi varlığını qoruyub saxlayan Sadaxlı caamatı Yaqub peyğəmbərin və Yusif Kənanın nəslinin son qalıqlarıdır.

Azərbaycan dilində sadax ox qabına deyilir. Yakutlar da ox qabına sadak deyirlər (30.S.303).

Oğuz xan nəslindən Misir fironlarından biri Xencer ləqəbi daşıyırdı (16.S.263). Xəncərin türk sözü olduğuna aid misallar gətirməyə ehtiyac yoxdur. Xüsusilə maraqlıdır ki, qədim Misirin, o cümlədən firon Xəncərin (31.S.63) ehramı uhram yox, Xencer taş adlanırdı.

"Dədə Qorqud" kitabında Suqan Sarı eponimi var (32.S.235). İosif Flavi (I əsr) yazır ki, İudeyada Soqana adlı şəhər var idi (33.S.203, 482).

Soqana "Soğan nəslinin yurdu" deməkdir. Q.Ə.Qeybullayev yazır ki, Soğanlı eli Gürcüstana monqolların tərkibində gəlmişdir (34.S.144,281). Əgər eradan əvvəl Soğanlı eli Misirlə Fələstin arasında şəhər salmışdısa, onların Qafqaza gəlişini eramızın XIII əsrinə çəkmək yanlış cəhddir.

Misirin qədim şəhərlərindən biri Karnak adlanırdı (35.S.34; 36.S.50-51). Mahmud Kaşğari yazır ki, Karnak oğuzların şəhəridir (37.S.459).

Karnak şəhərinin həm Sır tengiz boyunda, həm Nil vadisində olması göstərir ki, Oğuz xana qoşulan köçəri ellər Karnak kultunu özlərilə Xəzər dənizinin şərqindən qədim Misirə aparmışlar.

Semitoloqların bəzilərinin iddialarına görə, Misirdəki Karnak yəhudilərin əcdadlarının şəhəri olmuşdur. Onlardan fərqli olaraq yevrey tarixçisi Hans Müleşteyn yazır ki, çoban knyazlar Karnak mahalını şimal qanunları ilə idarə edirdilər. Ona görə bəzi tədqiqatçılar Karnakın sami şəhəri olduğunu güman edirlər (36.S.15).

Karnak şəhər olmazdan qabaq Oğuz xana qoşulan etnoslardan birinin totem heyvanı idi. Karnak ağ buğa deməkdir. Misir tanrısı Amon Karnak epiteti daşıyırdı (35.S.34).

Karnak əvvəlcə qədim Misirin Karnak mahalının tanrısı idi. O, tədricən güclənərək bütün ölkənin tanrısı oldu (35.S.34). Karnak məbədi yeni çarlıq dövründə dövlətin əsas dini mərkəzinə çevrildi. Ölkənin əsas bayramı olan Amon bayramı Karnak məbədində keçirilirdi (38.S.104, 136, 178).

Karnak kultu Teb (yunanca Fiv) mahalında da yayılmışdı. Ona görə də Teb şəhəri bəzən Kızıl Karnak adlanırdı (16.S.57). Kızıl Karnak qızılı-ala rəngli buğa bütlərinə deyilirdi. Onlar ya qızıldan düzəldilir, ya da gipsdən tökülür və üzərinə qızıl suyu çəkilirdi.

Karnak məbədi yeni çarlıq dövründə ölkənin ən varlı məbədinə çevrildi. Firon III Teutmesin (Tutmosun) xəzinəsi və dövlət sənədləri orada saxlanırdı (39.S.85, 112).

Musa Xorenli yazır ki, h`ayların Karnak adlı patriarxı olmuşdur (40.S.102, 630). H`Aylar iltisaqi dilli etnos olub, indiki flektiv dilli ermənilərin əcdadı deyildilər. H`Aylar aya sitayiş edən türklər idilər. Orta əsrlərdə Albaniyada Karnakat və Karnakaş kəndlərinin qeydə alınması (41.S.268) göstərir ki, Karnak nəsilləri Misirdən qovulandan sonra yalnız Ərməniyyədə yox, həm də Albaniyada yurd salmışdır.

Oğuz xana qoşulan ən cəsur ellərdən ikisi Kuz və Kuzan idi. Oğuz xan onları Misirlə Efiopiya arasında yerləşdirmişdi. Onların biri Nil çayının sağ, başqa biri sol sahilini cənubdan gələn düşmənlərdən qoruyurdu.

V.V.Struve yazır ki, orta Nil çayı vadisindəki Kuz və Kuzan şəhərlərində asiyalı çoban knyazlar yurd salmışdılar (5.S.10, 12).

Ernst Renan yazır ki, kozanlar Asiya mənşəli tayfa idilər. Onların torpağı Misirlə səhra arasında idi (6.S.103.). Belə bir sual qarşıya çıxır: - Necə oldu ki, fironların saysız-hesabsız qoşunları ilə vuruşan tayfaların çoxu məhv edildi və ya başqa xalqlar arasında əriyib getdi, ancaq kozanlar sağ qaldılar və öz dillərini, adət-ənənələrini unutmadılar?

Ernst Renan yazır ki, kozanlar köçəri idilər. At belində olduqlarına görə, qəhrəmanlıq duyğularını itirməmişdilər (6.S.114). Ona görə də onlar fironların zülmündən qurtula bildilər və yüz ilə yaxın israillilərin ölkəsində yaşadılar (6.S.110, 111).

İ.İ.Şopenə görə, Kozan yevrey tayfasıdır (3.S.202). Yevrey olmaq hələ yəhudi olmaq deyil. Yəhudilər sami, yevreylər Turan mənşəli xalqlardır. Semitoloqların özləri etiraf edirlər ki, yəhudilər özləri ilə eyni dində, ancaq başqa məzhəbdə olan iverləri yevrey adlandırırdılar (42.S.3-32).

Kuzanlar dəfələrlə dinlərini dəyişdilər. Gah xristian, gah yevrey oldular. Ancaq dillərini və etnik kimliklərini unutmadılar. Əsrlər boyu varlıqlarını qorudular və türk olaraq qaldılar. Bu cəsurluğa, cəsarətə görə onları ancaq qaşqaylarla müqayisə etmək olar.

Kuzanlar Misirdən qovulandan sonra Assur və Babil qoşunları ilə döyüşə-döyüşə Şərqi Anadoluya və İberiya sınırlarına çəkildilər. A. Oppenheym yazır ki, qədim Kuzana sonrakı Tell-Xalifdir. O zamanki Tell-Xalif şəhəri Xabur çayının yuxarı axarında yerləşirdi (43.S.33).

Kuzan knyazları gürcülərin çariçası Tamarın zamanında Boço və Samsxe mahallarının hakimləri idilər. Onlar Şavşeti knyazları ilə birləşib, gürcülərlə vuruşurdular (23.S.68).

Kuzanlılar İldırım Bayazidlə Əmir Teymurun döyüşündə Osmanlıların tərəfində idilər. İldırım Bayazidi məğlub edən Əmir Teymur onları Orta Asiyaya sürgün etdi. Ancaq Şeyx Səfiəddinin xahişi ilə onlar Azərbaycanda qaldılar.

Ağdamın Quzanlı kəndinin əhalisi qəhrəman Kuzan övladlarının son qalıqlarıdır.

V.V.Struve yazır ki, Nil vadisini tutaraq 511 il Misiri idarə edən iqosları, yəni Oğuz övladlarını sami mənşəli xalq sayanlar da var (5.S.14). Ancaq müəllif bu fikirlə razılaşmır. Yazır ki, samilər e.ö. 18-ci əsrdə təkbaşına Misirə 240 minlik qoşun yeridə bilməzdilər (5.S.24).

Söz yox ki, Misirə hücum üçün Oğuz xanın ətrafına toplaşan etnosların hamısı eyni dilli və eyni mənşəli deyildi. Papirus mətnlərində ikos adlandırılan tayfa ittifaqı müxtəlif etnoslardan təşkil olunmuşdu. Bizim üçün maraqlı odur ki, həmin tayfa birliyinin hakim nəsilləri hindavropa və sami mənşəli deyildi, türk mənşəli idi.

V.V.Struve yazır: - İqosların irqi qatışıq idi. Onların arasında kassitlər, koseylər, elamlılar, kuşit asiyalılar və turanlılar vardı (44.S.7; 5.S.10).

Kassitlər kaspilər, koseylər quzlar, kuşitlər quşçular, turanlılar, karamanlar, akmanlar, avarlar, saruxanlar, arasxanlar və başqalarıdır.

Nəticə olaraq  qeyd etməliyəm ki, Oğuz xan sadəcə Dədə Qorqud dastanlarının əfsanəvi obrazı deyildir. O, Uquz adlı elitar türk sülaləsinin başçısı olub, Misirlə Suriya arasında e.ö. 23-cü əsrdən e.ö. 17-ci əsrə qədər davam edən böyük bir dövlətin əsasını qoymuşdur.

Çokan Valixanov yazır ki, qazaxların Ulu Jüz elinin bir oymağı Oğuz adlanırdı (45.S.373). Keçən əsrin 30-cu illərində Güney Azərbaycanda Baş Oğuz adlı türk elatı yaşayırdı (46.S.12). Bütün bu faktlar göstərir ki, Oğuz yalnız bir xanın adı deyildir. Tanrı Uğuza tapınan etnosların və onların çoxlu xanlarının adıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31