“Uşaqlarınızda diqqət dağınıqlığı varsa...”
21 Dekabr 2018 19:00 SosialDiqqət dağınıqlığı bəzən çox vacib işimizi bərbad edə bilər. Hətta "başımıza iş açar" desək daha düzgün olar. Yaşlılarla bərabər gənclərdə, uşaqlarda da bu hal müşahidə olunur. Məktəblilər üçün bu əsl problemlərdən biridir. Çünki şagirdlər dərs zamanı dərsləri anlamır və yaxud kitabdan oxuduqları yadında qalmır və təkrar oxumağa ehtiyac duyur.
Bəs diqqət dağınıqlığı nədir? Valideynlər bunun üçün nə etməlidir?

Məsələ ilə bağlı psixoloq Gülnarə Aburəzova qeyd edib ki, diqqət pozğunluğu son illərdə uşaqlarda ən çox rastlaşdığımız haldır: "Bunun diaqnozu diqqət əskikliyi və hiperaktivlikdir. Bəzən valideynlər heç bir mütəxəssisin diaqnozu olmadan tez-tez "mənim uşağımda diqqət əskikliyi var" deyirlər. Ümumiyyətlə, bunun müxtəlif səbəbləri ola bilər. Düzgün qidalanmayan, nağılsız, oyunsuz sadəcə kompyuter və tabletlərlə böyüdülən, göz təması olmadan münasibət qurulan, hər tərəfdən hərəkətləri məhdudlaşdırılan uşaqlarda problemli davranışın olması qaçılmazdır. Buna görə də uşaq diqqətini öz iradəsi olmadan dağınıq tutur, heç nəyə marağı olmur, heç nədən zövq almır. Nəticədə diqqət yayınmasına gətirib çıxarır". Psixoloq bildirib ki, uşaqlardakı diqqət pozuntusu valideynləri narahat edir və çox zaman bunun öhdəsindən gələ bilmirlər: "Mütəxəssislərdən də çox valideynlərin dəstəyi və köməyi daha da önəmlidir. Bunun üçün təcrübəmizdə çox böyük effekti olan bir neçə əməlləri məsləhət görərdim. Övladlarınızla birlikdə günün rejimini qurmaq lazımdır. Dərslərinin çalışma proqramını yaratmalı və uşağın diqqətini cəlb etməlidir. Uşaq saata baxaraq nə iş görür görsün həmin fəaliyyət üçün nə zaman məşğul olduğunu bilməlidir. Müvəffəqiyyətlərini qiymətləndirməli, nə qədər kiçik olursa olsun, övladlarına stimul verməyi bacarmalıdırlar. Daha böyük əzmlə çalışaraq, yalnız valideynlərində deyil, eyni zamanda özündə də məmnun etmə istəyi yaranacaq. Uşaqlar sadalanan qaydaları təkrar-təkrar edərək həm məsuliyyətləri, həm də maraqları və düşüncə qabiliyyətləri artacaq".
azadinform