"Ali təhsil müəssisələrində dövlət sifarişli yerlər artırılacaq" - Nazir

"2019-2020-ci ilin tədris ilində ali təhsil müəssisələrinə dövlət sifarişli yerlər artırılacaq". Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Tələbələrin l Qurultayından ötən dövr ərzində ölkədə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib: "Yeni strategiya və konsepsiyalar həyata keçirilib. Danılmaz həqiqətdir ki, qlobal, regional və yerli əmək bazarının müasir tələblərə cavab verən mütəxəssis hazırlığının təmin edilməsində ali təhsilin xüsusi rolu var. Ötən dövrdə ali təhsil sisteminin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi sahəsinə təqdirəlayiq nəticələr əldə edilib".

Nazir bildirib ki, 2019-2020-ci ilin tədris ilində ali təhsil müəssisələrinə dövlət sifarişli yerlərinin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulur: "Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb".

Ceyhun Bayramov qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb: "2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub".

Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Ceyhun Bayramov vurğulayıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil alır: "Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Təhsil naziri ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31