“Çıxın şəhərin mərkəzinə, dəhşətə gələcəksiniz...” – Möhsün Nağısoylu/Müsahibə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planını hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu ilə müsahibə.

- KİV-də son zamanlar dil normalarının pozulmasına görə silsilə tədbirlər keçirilir, monitorinqlər aparılır. Bu pozuntuların artmasını nə ilə izah edərdiniz?

- Mənim yanaşmama görə, bunun səbəbi üç amillə bağlıdır. Birincisi ana dilini yaxşı bilməmək, ikincisi qeyri-peşəkarlıq, üçüncüsü mütaliənin zəifliyi, məsuliyyətsizlik nəticəsində dilin saflığına əməl olunmaması ilə əlaqədardır. KİV-də yerli-yersiz əcnəbi sözlər işlənir, ədəbi dilin normaları gözlənilmir.

- Əvvəllər də ədəbi dilin normalarının gözlənilməməsi halları olub, ancaq axır vaxtlar bu tendensiya sürətlənib. Səbəb elektron portalların sayının çoxalması ilə bağlıdırmı?

- Qabaqlar belə problemlər az idi, çünki cəmi bir ali məktəbdə - Bakı Dövlət Universitetində jurnalistika fakültəsi vardı, məzunları isə peşəkar olurdu. Həmçinin qəzetlərdə korrektor, sahələr üzrə redaktorlar çalışırdı. İndi kim nə yazırsa oxucuya təqdim olunur, onu redaktor və ya korrektor oxumur. Bir də hər şeyin kökündə dilə olan sevgi, bu dildə danışmaqla fəxr etmək məsələsi dayanır. Gərək ailədə uşaq doğulandan onunla ana dilində danışasan və başa salasan ki, sənin dilin dünyanın ən zəngin dillərindən biridir, dil xalqın varlığıdır, insan anasını, Vətənini sevdiyi kimi dilini də sevməlidir.

Hər şey sevgidən qaynaqlanır. Dilə sevgi ilə yanaşanda və məsuliyyət hissi artandan sonra heç kəs əcnəbi söz işlətməyəcək, dilin saflığını qoruyacaq. Bu dilə ölkə başçısı səviyyəsində qayğı var. Azərbaycan prezidenti görün, necə gözəl danışır, ulu öndər Heydər Əliyev dilimizə böyük dəyər verirdi, ana dilində danışmağı ilə fəxr edirdi.

Ona görə hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, dil onun ən böyük milli-mənəvi sərvətidir. Sərvəti də qoruyarlar, ona ehtiramla yanaşarlar.

- Hərdən senzuranın yenidən tətbiqinə dair təkliflərə də rast gəlinir. Sizin mövqeyiniz maraqlıdır...

- Xeyr, biz demokratik ölkədə yaşayırıq, senzuranın qəti əleyhinəyəm. Bir daha qeyd etmək istərdim, vaxtilə qəzetlərdə humanitar, iqtisadiyyat, siyasət və digər sahələrin hərəsi üzrə bir redaktor işləyirdi, ondan əlavə korrektor və baş korrektor vardı. Bir yazını həm korrektor, həm də baş korrektor oxuyurdu. Mən eşitdiyimə görə, sovet dövründə kim səhv tuturdusa, hər səhvə görə mükafat alırdı.

- Reallıq budur ki, KİV-lərdə maliyyə çatışmazlığı ucbatından hər sahə üzrə redaktor, korrektor ştatı saxlamaq imkanı yoxdur.

- Hər kəs gərək öz məsuliyyətini dərk eləsin. Mən, məsələn, bir məqaləmi azı 5 dəfə oxuyuram. Çünki nə isə gözdən qaça, birdən səhv ola bilər, məsuliyyət daşıyıram. Hər kəs yazısına qarşı məsuliyyətli olmalıdır. İndi qəzet və saytlarda dilə qarşı sayğısızlıq nümayiş etdirir, səhvlər baş alıb gedir, aparıcı "okey", "bravo" deyir.

Çıxın, şəhərin mərkəzindəki yazılara baxın, dəhşətə gələrsiniz. Ötən gün nəvəm bir tədris mərkəzinə gedib, adı da "Flower dream" olub. Bu, nə deməkdir? Biabırçılıqdır. "Mir detstvo", "Çudo peçka" adında mağazalar var, belə şey olarmı?!

- Çıxış yolunu nədə görürsünüz?

- Çıxış yolunu vətənpərvərlikdə, milli təəssübkeşlikdə, dilə sevgidə, peşəkarlıqda, attestasiyada görürəm. Son hədd cərimədir, o da olacaq, inşallah. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planında bu barədə qeyd etmişik.

- Amma jurnalistlərin attestasiyadan keçməsi barədə təklifiniz birmənalı qarşılanmadı. "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, dilimizin saflığının qorunması ilə bağlı təşəbbüslərdən "Domokl qılıncı" düzəltməyə cəhd göstərməkdənsə, bazası olan elektron lüğətlər, müasir tələblərə cavab verən mətn və söz çeviriciləri hazırlamaq daha doğru olardı. Onun fikirləri ilə razılaşırsınızmı?

- Bəli, bu istiqamətdə də iş aparırıq, inşallah yeni ildə orfoqrafiya və orfoepiya lüğətləri, durğu işarələri ilə bağlı kitabımız çap olunacaq. Çoxları durğu işarələrini bilmir. Mətbuat Şurasının dil üzrə Monitorinq qrupunun rəhbəri İlham Abbasov söyləyir ki, jurnalistə deyirəm, həmcins üzv olanda vergül qoyun, məndən soruşur həmcins üzv nədir? Jurnalistikanı həmcins üzvü bilməyənə tapşırmaq olarmı? Əlbəttə, yox.

Elçin Mirzəbəylinin "Xəzər" televiziyasında aparıcılıq etdiyi verilişdə iştirak etmişəm, orada da dedim, mən təbiətcə humanist adamam, əslində cərimənin əleyhinəyəm, amma görünür, başqa yol yoxdur.

- Yeri gəlmişkən belə təkliflər də səslənir ki, dilin saflığının qorunması üçün attestasiyaya Dilçilik İnstitutunun özündən başlanılmalıdır...

- Dilçilik İnstitutunda monitorinq şöbəsi var, bizdə də attestasiya olacaq, biz də elmi işçilərimizin attestasiyasını keçirəcəyik. Onu da qeyd edim ki, elmi biliklər səviyyəsində attestasiya AMEA-da 5 ildən bir keçirilir. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31