Tələbələr AMEA-nın müxbir üzvü Musa Qasımlı ilə görüşdü
19 Dekabr 2018 19:10 SosialDekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda olublar.
Olaylar.az bildirir ki, universitetin Beynəlxalq münasibətlər fakültəsinin tələbələrini Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və məsləhətçisi Aytən Xubanova müşayiət ediblər. Təcrübəçilər Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin üzvü Musa Qasımlı ilə görüşüblər.
Görüşdə Musa Qasımlı rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açıb. Azərbaycanın dünyada yüksək nüfuza malik olduğunu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildiyini vurğulayan alim görüş zamanı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb. Görüşün sonunda AMEA-nın Qafqazşünaslıq İnstitutunun ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev təcrübəçiləri institutun müvafiq şöbələri ilə tanış edib.