"Beynəlxalq Miqrant Günü" keçirildi
19 Dekabr 2018 14:49 SosialBakıda Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Ombudsman aparatı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Beynəlxalq Miqrant Günü"nə həsr olunmuş tədbir keçirdi.
Olaylar.az xəbər verir ki, tədbirdə müxtəlif nazirlik və dövlət qurumları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.
Tədbir zamanı həmçinin, "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsinin bağlanışı qeyd olunub. BMqT 1 sentyabr 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə Avropa İttifaqının (Aİ) əsas, BP və onun tərəfdaşlarının, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsini həyata keçirir.
Sözügedən layihənin əsas məqsədi Avropa İttifaqı və Azərbaycan arasında imzalanan, xüsusilə Viza Sadələşdirilməsi və Readmisiya Sazişləri üzrə miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi olmuşdur.