Ədliyyə orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq Müsabiqə Komissiyası növbəti açıq müsabiqə elan edir. Nazirlikdən "Olaylar"a bildirlib ki, müsabiqə üzrə vakant vəzifələr əsasən probasiya, icra və qeydiyyat xidmətlərində, habelə regional ədliyyə idarələrindədir."Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur. Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu Nazirliyin əhaliyə göstərdiyi "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması" adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan hüquqşünaslar 2018-ci ilin dekabr ayının 20-dən etibarən nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) qeyd olunan elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd  müsabiqənin gedişi və nəticələri barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edir. Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31