Azərbaycanda cəmiyyətin bütün təbəqələri dövlət qayğısı ilə əhatə olunub

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet istiqamətlərindəndir

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet istiqamətlərindəndir

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərdən hesab olunur. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Elə bu səbədən də sosial siyasətin bütün istiqamətləri üzrə  müsbət meyillər özünü göstərir. Həmçinin, Azərbaycanda  dövlət sosial siyasətinin əsas xətti ölkə vətəndaşlarının sosial durumunu yaxşılaşdırmaqdan ibarətdir. Bu yaxşılaşdırmanın özü də məqsədli şəkildə insanın sosial tələbatının artırılmasına xidmət edir. Sevindirici haldır ki, ölkəmizdə cəmiyyətin bütün təbəqələri dövlət qayğısı ilə əhatə olunub. Xüsusilə qeyd edək ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son 15 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. O da qeyd edilməlidir ki, ölkəmizdə həssas qruplardan hesab olunan ahıl və kimsəsiz uşaqların sosial müdafiəsinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanır. Yeri gəlmişkən qeyd edək ki, ahılların hüquqlarının qorunması və sosial müdafiəsinin aktuallığını dünya ölkələrinin bir çoxunda olduğu kimi ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Əhalinin yaş strukturunda uşaqların xüsusi çəkisinin aşağı düşməsi və ahıl vətəndaşların sayının əmək qabiliyyətli yaşda olanlara nisbətən daha intensiv artması əmək bazarının formalaşmasında, həmçinin, sosial təminat sisteminin səmərəli işləməsində bir sıra çətinliklərə gətirib çıxarır. Rəsmi məlumatlara görə, keçid dövrünün sosial-iqtisadi problemləri ilə bağlı kənd yerlərindən şəhərlərə və ölkədən kənara miqrasiya da respublikada əhalinin qocalma prosesinə böyük təsir göstərir. Təsadüfi deyil ki, kəndlərdə ahılların və xüsusilə də ahıl qadınların xüsusi çəkisi artıb. Bunları nəzərə alaraq və eyni zamanda, BMT Baş Assambleyasının əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planından irəli gələn vəzifələrə əsaslanaraq Azərbaycanda "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" hazırlanıb. Təkcə bu fakt deməyə əsas verir ki, ahılların sosial müdafiəsi və layiqli həyat şəraitinin təmin olunması ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir.

Həyata keçirilən sosial siyasət daha bir həssas qrup hesab olunan valideyn himayəsindən məhrum olmuş uşaqlardan da yan keçməyib. Belə ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki "Məzun evi" Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 250-yə yaxın şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində minlərlə  əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100 nəfər uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib.

Məşğulluq probleminin həllinə xüsusi diqqət yetirən dövlət işsiz vətəndaşların da sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görüb. Belə ki, daha bir mühüm islahat tədbiri kimi, ötən il "İşsizlikdən sığorta haqqında" Qanun qəbul olunub. Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb. 2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Bu istiqamətdə həyata keçirilən tədbirlər aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayının ildən-ilə əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq.

Ölkədə aztəminatlı ailələrin məşğulluq probleminin həlli də diqqət mərkəzində saxlanılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı ailələrin  öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri ilə göstərilir. Proqram digər tərəfdən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına bir dəstəkdir. Heç şübhəsiz ki, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar verilmiş mal və materiallardan səmərəli şəkildə faydalanaraq təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklər.

Onu da qeyd edək ki, ölkədə yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlayıb. Bu tədbirlər sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır. Nəticə etibarilə qeyd etmək olar ki, ölkədə sosial təminat sisteminin bütün istiqamətləri üzrə məqsədyönlü işlər aparılmaqdadır. Qarşıdakı illərdə bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi sosial siyasətin əsas xəttini təşkil edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31