“Kitob dunyasi” qəzetində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla söhbət dərc olunub
Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzeti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, 2018-ci ildə görülən işlər və qarşıda duran perspektiv planlara dair fikirlərinin əks olunduğu geniş məqaləsini verib.
17 Dekabr 2018 18:24 SosialDaşkənddə özbək dilində çap edilən "Kitob dunyasi" qəzeti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, 2018-ci ildə görülən işlər və qarşıda duran perspektiv planlara dair fikirlərinin əks olunduğu geniş məqaləsini verib.
"Дустлигимиз бардавом булсин!" adlı məqalədə qədim tarixə əsaslanan Azərbaycan-Özbəkistan dostluğunun bugün də uğurla davam və tərəqqi etdiyi qeyd olunur.
Diplomat S.Abbasov vurğulayır ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əsas fəaliyyəti iki dövlət arasında mədəniyyət, elm, təhsil, habelə ümumilikdə humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi, bu istiqamətdə tədbirlərin, layihələrin həyata keçirilməsidir. Mərkəz ötən müddət ərzində Azərbaycan və Özbəkistanın böyük muzeyləri, kitabxanaları arasında əməkdaşlığın yaradılması, iki xalqın ziyalılarının iştirakı ilə görüşlərin, seminar və konfransların təşkili, əlamətdar hadisələrin qeyd olunması, dostluq konsertlərinin təşkili istiqamətində mühüm işlər reallaşdırmışdır.
Samir Abbasov azərbaycanlıların daim Özbəkistanın ictimai həyatında fəal iştirak etdiyini, onların tarixi Vətənlərinə bağlı olmaqla yanaşı, daim qardaş ölkənin rifahı üçün çalışdıqlarını qeyd edib.
O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlıların irsinin təbliğ edildiyini və onların xatirəsinin əbədiləşdirildiyini söyləyib. Diplomat bu il Mərkəzin həyata keçirdiyi layihə əsasında özbək ədəbiyyatının klassiki, dahi dramaturq, soydaşımız Maqsud Şeyxzadənin 110 illiyi ilə bağlı həm Daşkənddə, həm də Bakıda yubiley tədbirlərinin keçiriləcəyini bildirib və bu cür şəxsiyyətlərin irsinin təbliğinin vacib olduğunu vurğulayıb.
Daha sonra Mərkəzin direktoru S.Abbasov Özbəkistanın Səmərqənd şəhərində Türk dünyası gənclərinin iştirakı ilə keçirilən "Səmərqənd şeir axşamları" tədbiri barədə məlumat verərək gənc istedadlı şairlərin bədii və professional biliklərinin artırılması, onlar arasında fikir mübadiləsinin aparılması, ən əsası gənclər üçün yeni bir fikir meydanının yaradılmasına xidmət etdiyini deyib.
Məqalədə Azərbaycan Mədəniyyət Mərkəzinin iki dövlət arasında turizm sahəsində əlaqələrin inkişafı, qarşılıqlı turistlərin cəlb olunması istiqamətində həyata keçirdiyi layihələrdən danışılır. Diplomat qeyd edir ki, ötən il ərzində Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın iki böyük turizm şirkətinin Özbəkistanda ölkəmizə dair geniş təqdimat mərasimləri keçirilib, Özbək telekanalllarında ölkəmizin tarixi, mədəniyyəti və turizminə dair verilişlər yayımlanıb, Özbəkistanda təşkil olunan Beynəlxalq Turizm və Səyahətlər sərgisində Azərbaycan təmsil olunub.
S.Abbasov 2018-ci ildə Azərbaycan-Özbəkistan arasında turizmin inkişafına təkan verəcək daha bir hadisənin - Azərbaycan Hava Yolları Şirkətinin Bakı-Daşkənd hava reysinin açılışının gerçəkləşdiyini qeyd edib. O, ölkələrimiz arasında həftədə 4 dəfə birbaşa hava əlaqəsinin olmasını yüksək qiymətlədirərək, bu amilin turizmin inkişafına təkan verəcəyini bildirib.
Diplomat 2019-cu ildə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçiriləcək işlərə və layihələrə dair məlumat verib. Qeyd edib ki, Mədəniyyət Mərkəzi tərəfindən tərcümə layihələri davam etdiriləcək, Azərbaycan xalq ədəbiyyatının şedevr dastanı olan "Kitabi Dədə Qorqud"un özbək dilinə tərcümə və nəşr ediləcəkdir. Məqalədə Mədəniyyət Mərkəzinin növbəti il üçün Azərbaycanın tanınmış sənətçilərinin, musiqiçilərinin konsertlərini, iki xalq arasında dostluq əlaqələrinin təbliğinə dair layihələrin həyata keçiriləcəyi qeyd olunur.
Məlumatda 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Özbəkistanda "Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm" adlı beynəlxalq elmi konfransın keçiriləcəyi yazılır.
Qeyd edək ki, "Kitob dunyasi" qəzeti mütəmadi olaraq Azərbaycan ailmlərinin, şair və yazıçıların əsərlərinə tez-tez müraciət edir, daim Azərbaycana dair materiallar dərc edir.