Xilaskarın xilası - Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli (“Paralel dünyalar” silsiləsindən)

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

...Biz ora çatanda hələ səhər açılmamışdı. Bizi qalanın girişində məşəlçilər qarşıladılar və parolu soruşub təsdiqini alandan sonra içəri ötürdülər...

...Üzü niqablı adam bizi dinləyəndən sonra dedi ki, məqsədimizə çatmaq üçün bir neçə mərhələdən keçməliyik. Hər mərhələnin öz çətinlikləri var. Amma özünüzə inamlısınızsa, biz sizə kömək edəcəyik.

Biz heç nə demdik, qorxu və narahtlıq içərisində bir-birimizin üzünə baxdıq. O, bunu duydu və dedi:

-Əgər qorxursunuzsa, biz sizə heç nə edə bilmərik. Siz əvvəlcə öz içərinizdəki qorxunu boğmalısınız. Bunu edə bilməsəniz, Qara Keşişə qalib gələ bilməzsiniz.

Bu qədər yolu gəlməmişdik ki, geri qayıdaq. Bunu hər üçümüz bilirdik. Ona görə də birinci mən dilləndim:

-Biz hər təhlükəyə hazırıq. Geri qayıtmaq da, burda ləngimək də ölümə bərabərdi.

Qara niqablı adam əlini əlinə vurdu. Arxa qapı açıldı və bir qadın qundaq gətirib qara niqablıya verdi.

-Bu, sizin xilaskarınızdı, onu mənzilə çatdırmalısınız. Əgər əlinizdən alsalar, heç nəyə ümid eləməyin.

Mən alaqaranlıqda qundağı açıb baxdım. Onun içində bələyə bükülmüş bir körpə vardı. O, soyuq gözlərilə baxırdı və üzündə heç bir reaksiya yoxuydu. Məni üşütmə tutdu.

-O, ağlayır da, gülür də, amma indi yox. Zamanı gələndə özünüz hər şeyi anlayacaqsınız. Məkana çatan kimi onun səsini eşidəcəksiniz, -deyə qara niqablı adam ürəyimdən keçənləri duyaraq dedi.

-Onda mən tək gedəcəm, -dedim, - qoy dostlarım burda qalsınlar, əgər mənə bir şey olsa, bu işi onlar başa çatdırarlar.

Qara niqablı adam əvvəlcə etiraz elədi və dedi ki, xilaskar mənzilə çatmasa, onların da burda qalmağının xeyri yoxdu.

-Çatıraram, -qətiyyətlə dedim.

-Onda mənim adamlarım səni müşaiyət eliyərlər, hər ehtimala qarşı...Yol sizi özü paracaq...

Dörd nəfərin müşaiyətilə gecə yarısı yola çıxdıq. Bir müddət yol gələndən sonra qarşımıza bol sulu çay çıxdı. Ətraf sıldırım qayalıq idi.  Çay yuxarıdan, xırda şəlalə kimi süzülürdü. Demək, çaya girmək lazım idi.

-Sal düzəltmək lazımdı, - deyə məni müşaiyət edənlərə dedim.

Bir azdan sal hazır oldu. Mən qundağın örpəyini qaldırıb uşağa baxdım. Onun gözləri açıq idi, heç qımıldanmırdı da.

Mən salı altdan aşağı tökülən suya buraxdım. Özüm də arxasınca çaya sürüşdüm. Qorxurdum ki, qundaq islanar, amma ona heç nə olmadı, açıb gördüm ki,  qupqurudu.

Sala mindim. Ətrafımdakılar isə yanımca üzməyə başladılar. Qaranlıq artıq düşmüşdü.  Qəfildən uzaqdan bizə tərəf şütüyən yelkənli qayığı gördüm. Onun sahibi qayığın üstündə möhkəm dayanmışdı və məqsədi salı vurub dağıtmaq bizi məhv eləmək idi. Nə edəcəyimi bilmirdim, o isə sürətlə bizə yaxınlaşırdı. Qayıq bizə çathaçatda mən suya atlıdım və sağ əılimlə Salı qaldırıb qayıqçıya atdım. Qəribəydi sal yüpyüngül idi. Sal qayıqçının sifətindən dəydi və havada süzüb o biri tərəfə keçdi. Qayıq özü isə sağa burulub, qaya parçalarına dəydi və çilik-çilik oldu...

...Çaydan çıxanda qarşımızda iki yol vardı. Yolun biri sola, biri sağa burulurdu. Sol yolda arabaya qoşulmuş at vardı. Mən bunu bir işarə kimi qəbul elədim və arabaya mindim. Məni müşiyət edən dörd nəfər isə yanımca yürüməyə başıadı.

Bir azdan qarşıda bir dağ, onun ətəyində isə qalaya oxşar nəsə göründü. Ora çatmışdıq ki, dağın ətəyindən yüzlərlə döyüşçünün səs-küyünü eşitdik. Onlar bizi görmüşdülər və qılınclarını sıyırıb, bizə tərəf qaçırdılar, karabinlərdən atəş açırdılar. Məni müşaiyət edənlər isə yüngül bıçaqla silahlanmışdılar. Mənm döyüşçülərim onların üstünə atıldılar. Mən isə qalanın qarşısındakı dərəyə endim. Və orda gizlənib yuxarı baxdım. Döyüşçülərimdən biri ona tərəf yürüyən düşmənə biçaq atdı, amma bıçaq yan getdi və karabinerlərdən biri onu vurub öldürdü. İknici döyüşçü bir az zirək çıxıb iki düşməni aşırtsa da, arxadan aldığı qılınc zərbəsindən yerə yıxıldı. Qalan iki müşayitçini isə tutdular. Onlar heç müqavimət də göstərmədilər.

-O hanı!?- deyə əlində sivri qılınc tutmuş uzun bığlı, dazbaş döyüşçü bağırdı. -Cavab verməsəniz, sizi dərhal yox, işgəncəylə öldürəcəyik.

Onların məni satacağından qorxdum və dərə aşağı yürüdüm.

Düşmənlər məni gördülər və arxamca süvarilər göndərdilər. Bir mağaraya rast gəldim, əyilib ora sürüşdüm, amma qarşı tərəfin açıq olduğunu gördüm. Burda qalmaq ölümə bərabər idi. Ona görə də ordan çıxıb qaçdım. Süvarilər qarşımı kəsə bilməzdilər. Qarşıda sıldırım qayalıq vardı. Yaşlı bir qadın qışlağa oxşar bir yerdə ocaq çatmışdı.

-Bunu gizlədin, -təngənəfəs halda ona dedim.

Qadın sanki məni gözləyirmiş, qundağın içindəki körpəni götürdü və kərpicdən tikilmiş qışlaq odasının içərisinə girdi.

Mən qaçmaqda davam edirdim. Qundaq əlimdə yırğalanırdı. Düçmənlər xilaskarın yox, mənim arxamca düşmüşdülər...

Dekabr, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31