Admiral Cəlil Cavadovun 100 illiyi təntənəli şəkildə qeyd olunacaq

Dekabrın 18-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr olunmuş "Admiral C.Cavadovun həyat, döyüş və xidməti yolu" adlı təntənəli tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, o cümlədən SQ Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, Azərbaycan Respublikası Veteranlar Təşkilatının, bir sıra dövlət arxivlərinin, muzeylərin, elmi idarələrin əməkdaşlarının, eləcə də hərb tarixçilərinin və admiralın ailə üzvlərinin iştirakı gözlənilir.

Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş etdiriləcək. Burada həmçinin Hədəf liseyi və Günəş art-studiosunun hazırladığı "İlk admiralımız" adlı uşaq rəsmlərindən ibarət sərgi nümayiş etdiriləcək. Tədbir çərçivəsində admiral C.Cavadovun həyat, döyüş və xidməti yoluna həsr olunmuş, fotoprezentasiya ilə müşaiyyət olunan çıxışlar olacaq, həmçinin bu yaxınlarda CBC kanalı tərəfindən çəkilmiş və cəsur admiralımıza həsr olunan "Donanmanın əfsanəsi" adlı film nümayiş etdiriləcək.

Tədbirdə bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən çap olunmuş, müəllifi t.ü.f.d., dosent Səbuhi Əhmədov olan "Admiral Cavadov. Həyatı və döyüş yolu" adlı kitab oxuculara təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31